Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-537/2024 03.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin fərq məbləğinin hesablanaraq tam şəkildə birdəfəlik ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sosial müavinətin fərq məbləğinin hesablanaraq tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2005-ci ildən ağır psixoloji xəstə kimi Gəncə şəhər Psixo-Nevrolofi dispanserdə qeydiyatdadır. Xəstəliyi ilə əlaqədar 2005-ci ildən etibarən 1 nömrəli Psixiatriya Xəstəxanasında və Gəncə şəhər Psixo-Nevroloyi dispanserdə müalicələrdə olmuşdur. xx.xx.2015-ci ildən xx.xx.2021-ci ilədək 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar əlil olmuşdur. Lakin xx.xx.2021-ci il tarixdə ruhi əsəb xəstəxanasında müalicədə ola-ola Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən əlilliyi dayandırmış və bu səbəbdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi tərəfindən ona sosial müavinət ödəniş edilməmişdir. Sonradan xx.xx.2023-cü ildə ona 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar əlilliyinin tibb müəssisəsinin göndərişinə əsasən ağır psixoloji xəstəlikləri nəzərə alınaraq bərpa edilmiş və sosial müavinət təyin edilmişdir. Lakin bir çox vaxtlarda müraciətinə əsasən o eyni xəstəliklə xx.xx.2015-ci ildən əlil olsa da, ona xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək bir neçə dəfə tibb müəssisəsinin göndərişi göndərilsə də, ona əlillik təyin edilməmiş, bu səbəbdən də həmin dövr üçün sosial müavinət ödənilməmişdir. Ona xx.xx.2023-cü ildə 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar əlillik təyin edilmişdirsə, deməli əvvəlki dövr üçün də hazırkı hüquqları pozulmadan əlillik təyin edilə bilərdi. Cavabdeh orqan tərəfindən onun müraciətləri müsbət həllini tapmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 21 noyabr 2023-cü il tarixli, 3-17-1/2- 272462/2023 nömrəli etirazda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2015-ci il tarixdə 2-ci dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. İddiaçının əlilliyinin xx.xx.2021-ci il tarixdə bitməsi ilə əlaqədar olaraq ona təyin edilmiş sosial müavinətin ödənişi xx.xx.2021ci il tarixdən dayandırılmış, əlilliyinin yenidən qiymətləndirilməsi nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya orqanizmin funksiyalarının 75 faiz pozulmasına görə əlillik təyin edildiyindən müvafiq olaraq həmin tarixdən 220 manat məbləğində sosial müavinət təyin edilmişdir. Hazırda həmin müavinətin ödənişi davam etdirilməkdədir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əlilliyi müəyyən olunmamışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə müvafiq olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirliməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixdən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində səxsin əliliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. İşin faktiki hallarından göründü kimi İddiaçı əlilliyinin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və xx.xx.2023-cü il tarixdə bərpa edilmişdir. İddiaçının ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilməsi üçün hazırki qanunvericilikdə nəzərdə tutulmuş 6 ay müddət ötürülmüşdür. Beləliklə iddiaçı sözügedən tarixlər arasındakı dövrdə əlilliyi olan şəxs hesab edilmədiyi üçün ona həmin dövrlər üzrə əlilliyə görə sosial müavinətin ödənilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. İş üzrə şifahi məhkəmə baxışı iclası 03 aprel 2024-cü il tarixə təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı və iddiaçının nümayəndəsi isə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş eymişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş AA seriyalı ******* nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; -surəti iş materiallarına əıavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhəri Psixo- Nevroloji Dispanserin xx.xx.2022-ci il tarixli, 924 nömrəli Gəncə şəhər Psixiatriya Xəstəxanasına ünvanladığı məktub; -surəti iş materiallarına əıavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli, 9893 nömrəli Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Şöbəsinə ünvanladığı məktub; -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli, 3-17-1/1-H-216070/2023 nömrəli Qərarı; - Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, sonuncu müayinəyə dair məlumat; Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi). İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, iddiaçı məsələnin həll olunması üçün cavabdeh inzibati orqana müraciət etdikdən sonra məhkəmədə hazırkı iddianı qaldırmışdır. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 41-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənilməsinin dayandırılması və bərpa edilməsi Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən əlilliyin müəyyən edilməsi şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4-cü bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı xx.xx.2021-ci il tarixdən xx.xx.2023cü il tarixədək sosial müavinətin fərq məbləğinin hesablanaraq tam şəkildə birdəfəlik ödənilməsinə yönəlmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, istinad olunan normalara görə, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (hazırkı mübahisəyə münasibətdə TSEK) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, şəxsin sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Eyni zamanda xəstəlik nəticəsində orqanizmin funksiyalarının sabit və davamlı pozulma dərəcəsindən və intensivliyindən asılı olaraq Tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsə birinci, ikinci və üçüncü dərəcə əlillik müəyyən olunur. İstinad olunan qanunvericilik normalarından göründüyü kimi, əlilliyin müəyyən edilməsi şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərarın çıxarılması yolu ilə müəyyən olunur. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarına görə iddiaçıya ümumi xəstəlik səbəbilə xx.xx.2015-ci il tarixdə ikinci qrup əlillik təyin edilmiş, lakin xx.xx.2021-ci il tarixdə əlillik müddəti bitdiyindən ona təyin olunmuş sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Bundan sonra, xx.xx.2023-cü il tarixdə iddiaçıya orqanizm funksiyalarının 75 faiz pozulmasına görə əlillik təyin edilmiş və müvafiq olaraq 220 manat məbləğində sosial müavinət təyin edilmişdir. Hal-hazırda həmin müavinətin ödənişi davam etdirilir. İddiaçının hüquqi marağı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sosial müavinətin fərq məbləğinin hesablanaraq tam şəkildə birdəfəlik ödənilməsinə yönəlsə də nəzərə almaq lazımdır ki, onun əlillik müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və xx.xx.2023cü il tarixdə bərpa edilmişdir. Yəni, onun təkrar əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 6 ay ərzində deyil, 1 ildən çox müddətdə təyin edilmiş və ona qədər əlilliyin təyin edilməsində cavabdehin imtinası müvafiq qaydada mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırılmış olduğu iddia tələbində qeyd olunan dövlər üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi tələbi əsaslı sayıla bilməz. Məhkəmə iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin fərq məbləğinin hesablanaraq tam şəkildə birdəfəlik ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1 və 68.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin fərq məbləğinin hesablanaraq tam şəkildə birdəfəlik ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyini və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-537/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-537/2024
03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver