Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-5370/2025 16.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” X14 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarda dəyişiklik edilməsi və xx.xx.2025-ci il tarixinədək vəfat etmiş hər iki valideynin pensiyasının sığorta hissəsinin ailə başçısını itirməyə görə pensiyanın tərkibində nəzərə alınaraq yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı, Cavadbeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” X14 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” X14 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarda dəyişiklik edilməsi və xx.xx.2025-ci il tarixinədək vəfat etmiş hər iki valideynin pensiyasının sığorta hissəsinin ailə başçısını itirməyə görə pensiyanın tərkibində nəzərə alınaraq yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında baxaraq müəyyən etdi. Təsviri hissə: a) Məhkəmə araşdırmasının predmeti
1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - 24.11.2020-ci il tarixli, AZ-İİ 130730 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X7 xx.xx.2020-ci il tarixdə durğunluq ürək çatışmazlığı səbəbindən ölmüşdür; - 19.01.2021-ci il tarixli, AZ-İİ 148386 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.2019-cu il tarixdə tam qulaqcıq-mədəcik blokadası səbəbindən ölmüşdür; - 18.01.2022-ci il tarixli, AZ-İV 653042 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı Bəhman oğlu (orijinalda “Bəhman” olaraq yazılıb) xx.xx.1968-ci il tarixdə Gədəbəy rayonu, Düz Rəsullu kəndində doğulmuş, “atası” qrafasında X7 və “anası” qrafasında X5 qeyd edilmişdir; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/2-C-184071/2025 nömrəli “əmək pensiyasının bir növündən digər növünə keçirilməs haqqında” məktuba əsasən, xx.xx.1986-cı tarixində qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq vətəndaş İddiaçı həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. X1 pensiya işi qovluğuna daxil olan sənədlərin surətlərində qeyd olunan məlumatlara əsasən, xx.xx.2006-cı il tarixinədək 33 il 4 ay 24 gün sığorta stajiı əsasında vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixindən (qanuna ediimiş dəyişikliyin qüvvəyə mindiyi tarixdən) 364,64 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Əlavə olaraq, vətəndaş İddiaçı eyni zamanda Bəhman Cəfərovun və X3 vəfatı ilə əlaqədar onların sosial sığorta göstəricilərinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
2. “Dövlət Sosial Müdafiə Fondu” X11 Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 222148/2025 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/1-C-165824/2025 nömrəli qəarına əsasən, X9 barəsində ailə başçısını itirməyə görə xx.xx.2024-cü il tarixdən 394.18 manat pensiya təyin edilmişdir; - 28.07.2025-ci il tarixli, xxxxxxx0001 nömrəli əlilliyi qiymətləndirilən şəxs barədə məlumata əsasən, X6 xx.xx.1995-ci il tarixdən müddətsiz İİ qrup əlillik təyinatı aparılmışdır. b) Tərəflərin ərizəsi, etirazı və iştirakı
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” X14 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2025-ci il tarixli qərarında dəyişiklik edilməsi və həmin tarixədək vəfat etmiş hər iki valideynin pensiyasının sığorta hissəsi ailə başçısını itirməyə görə pensiyanın tərkibində nəzərə alınaraq yenidən hesablanması haqqında öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1968-ci il tarixində doğulmuş və o, uşaqlıqdan (18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs) əlildir, əlilliyə görə əmək pensiyası alır. İddiaçı bildirir ki, xx.xx.2019-cu il tarixdə anası X5, xx.xx.2020-ci il tarixdə isə atası X7 vəfat etmiş, hər ikisi də əmək pensiyaçısı olmuşlar. İddiaçı hesab edir ki, qanunvericiliyə əsasən, anası X5 və atası X4 aldığı pensiyanın sığorta hissələri birlikdə ona hesablanmalıdır. Bununla bağlı o, müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir.
5. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, xx.xx.1986-cı tarixində qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.1992-ci il tarixindən xx.xx.2006-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsi və xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi tətbiq edilməklə pensiyanın ödənişi davam etdirilmişdir. Qanunun 34.1-ci maddəsinə əsasən, əmək pensiyaçısının əmək pensiyasının bir növünden başqa növünə keçmək hüququ vardır. Sözügedən Qanunun 34.2-ci maddəsinə xx.xx.2024-cü il tarixindən edilmiş dəyişikliyə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Qanununun 14.1.1.2-ci maddəsinə əsasən, vəfat etmiş şəxsin 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. X1 pensiya işi qovluğuna daxil olan sənədlərin surətlərində qeyd olunan məlumatlara əsasən, xx.xx.2006-cı il tarixinədək 33 il 4 ay 24 gün sığorta stajii əsasında iddiaçıya xx.xx.2024-cü il tarixindən (qanuna edilmiş dəyişikliyin qüvvəyə mindiyi tarixdən) 364,64 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq, pensiyanın məbləği indeksləşdirilərək xx.xx.2025-ci il tarixindən 394,18 manata çatdırılmışdır. Ötən dövr üzrə (xx.xx.2024-cü il tarixindən) hesablanmış fərq məbləği aylıq pensiyanın üzərinə əlavə olunmaqla ödənilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddia tələbi əsassızdır, iddiaçıya mövcud qanunvericiliyə əsasən, onun mənafeyinə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyası ödənilir. İddiaçının tələbi üzrə eyni zamanda X4 və X3 vəfatı ilə əlaqədar onların sosial sığorta göstəricilərinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.
6. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlara oxşar izahat vermiş və bildirmişdir ki, qanunvericiliyə əsasən o, uşaqlıqdan əlil olduğuna görə valideynlərinin sığorta hissəsi ona təyin edilməlidir.
7. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilən etiraza uyğun izahat vermiş, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
Əsaslandırma hissəsi:
8. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
10. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 No-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).
12. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9).
14. İş üzrə inzibati icraat materialları ilə müəyyən olunur ki, iddiaçının cavabdehin xx.xx.2025-ci il tarixli qərarında dəyişiklik edilərək, qərarın qəbul edildiyi tarixədək vəfat etmiş hər iki valideynin pensiyasının sığorta hissəsinin ailə başçısını itirməyə görə pensiyanın tərkibində nəzərə alınaraq yenidən hesablanması.
15. Məhkəmə iddia tələbinin vəfat etmiş hər iki valideynin pensiyasının sığorta hissəsi ailə başçısını itirməyə görə pensiyanın tərkibində nəzərə alaraq hesablanması ilə bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında“ Qanunun 34.1-ci maddəsinə əsasən, əmək pensiyaçısının əmək pensiyasının bir növünden başqa növünə keçmək hüququ vardır. Sözügedən Qanunun 34.2-ci maddəsinə xx.xx.2024-cü il tarixindən edilmiş dəyişikliyə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Qanununun 14.1.1.2-ci maddəsinə əsasən, vəfat etmiş şəxsin 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər.
16. Göründüyü kimi, pensiyanın hesablanması “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli qərarı əsasında həyata keçirilir. İddiaçı ailə başçısının itirilməsinə görə əmək pensiyasının hər iki valdeyininə münasibət sığorta hissəsinin nəzərə alaraq hesablanmasını tələb etsə də, tələbini əsaslandıra bilməmiş, pensiya qanunvericiliyində isə belə bir hal nəzərdə tutulmamış, bununla bağlı qanunvericilikdə heç bir norma yoxdur.
17. Cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələb mövcud deyildir. İddiaçı cavabdehdən pensiya qanunvericiliyində nəzərdə tutulmayan halların qəbul edilməsini tələb edir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarına müdaxilə olmamış və hüququnun pozulması fakti mövcud deyildir. Belə olan halda isə iddianın mümkünlük şərtləri yaranmamışdır. Məhkəmə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını nəzərə alaraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-224/2025 nömrəli qərarında da oxşar mövqe əks etdirilmişdir.
19. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” X14 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarda dəyişiklik edilməsi və xx.xx.2025-ci il tarixinədək vəfat etmiş hər iki valideynin pensiyasının sığorta hissəsinin ailə başçısını itirməyə görə pensiyanın tərkibində nəzərə alınaraq yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan iddia mümkün sayılmamalıdır.
20. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 78, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” X14 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2025-ci il tarixli qərarda dəyişiklik edilməsi və həmin tarixdən vəfat etmiş hər iki valideynin pensiyasının sığorta hissəsinin ailə başçısını itirməyə görə pensiyanın tərkibində nəzərə alınaraq yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov