Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-538/2020 02.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Nizami rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Nizami rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsi) qarşı uşaqa qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il tarixdə anadan olmuş X2, xx.xx.2005-ci il tarixdə anadan olmuş X3 3 yaşınadək qulluq etdiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Övladları xx.xx.2004-cü il tarixdə anadan olmuş X2, xx.xx.2005ci il tarixdə anadan olmuş X3 3 yaşınadək qulluq etdiyi üçün həmin illərdə işləyə bilməmişdir. Lakin həmin dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanuna görə həmin illər pensiya hesablanmasında onun sığorta stajına daxil edilməlidir. Bu məqsədlə iddiaçı həmin illərin sosial sığorta stajına daxil edilərək pensiyasının yenidən hesablanması üçün DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinə müraciət etmiş, lakin sonuncu həmin illəri sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 bildirmişdir ki, iddiaçı 2014-cü ildə pensiyaya çıxmışdır, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən sığorta stajına daxil edilən iş və digər fəaliyət müddətlərində vətəndaşın körpə uşaqlarına qulluq etdiyi müddətin sığorta stajına daxil edilməsi nəzərdə tutulmadığından iddiaçının pensiyasının yenidən hesablanması imkan xaricindədir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********4 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. -surəti əlavə edilmiş AZ-İ 424787 nömrəli xx.xx.2004-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2004-cü il tarixdə anadan olmuş, ata qrafasında X5, ana qrafasında İddiaçı qeyd olunmuşdur. -surəti əlavə edilmiş AZ-İ 725685 nömrəli xx.xx.2006-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2005-ci il tarixdə anadan olmuş, ata qrafasında X5, ana qrafasında İddiaçı qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 2014-cü ildən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya pensiya təyin olunan zaman onun xx.xx.2004-cü və xx.xx.2005-ci ildə anadan olmuş övladlarına yaşınadək qulluq etdiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının körpə uşaqlarına qulluq etdiyi müddətdə "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. xx.xx.1992-ci ildə qanuni qüvvəyə minmiş və xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş həmin Qanunda işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddətin iş stajına daxil edilməsi təsbit edilmişdir. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67ci maddəsinin e) yarımbəndində qeyd olunmuşdur ki, iş stajına işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq daxil edilir. Yuxarıda istinad olunan və iddiaçının körpə uşağına qulluq etdiyi dövrdə qüvvədə olmuş pensiya qanunvericiliyinin normalarından göründüyü kimi işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddətin onun iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Hazırkı mübahisə üzrə iddiaçının körpə uşağa qulluq etdiyi müddət 2004-2008-ci illərə təsadüf etdiyindən və iddiaçı həmin dövrdə işləmədiyindən, yuxarıda qeyd olunduğu kimi həmin dövrün qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Başqa sözlə iddiaçının körpə uşaqlarına qulluq etdiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi həmin dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı uşağa qulluq etdiyi xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci tarixədək müddətin sosial sığorta stajına daxil edilməsini tələb etməkdə haqlıdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçının uşaqlarına qulluq etdiyi müddəti sosial sığorta stajına daxil edilməsində hüquqi marağı pensiyasının yenidən hesablanmasıdır. Bunu cavabdeh orqanın müvafiq imtina məktubu da təsdiq edir. Odur ki məhkəmə həmin müddətin sosial sığorta stajına daxil edilməsi ilə yanaşı onun pensiyasının yenidən hesablanması öhdəliyinin də cavabdehin üzərinə qoyulmasını zəruri hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 2017-ci il 10 mart tarixli 543-vqd nömrəli qanunun 1.103-cü bəndinə görə 37.7-ci maddədə “müddətindən asılı olmayaraq” sözləri “bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci tarixədək 3 yaşınadək azyaşlı uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi və bu əsasla pensiyanın yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Nizami rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-538/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-538/2020
02.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver