Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-538/2022 16.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 22.12.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş illərinin sosial sığorta stajına hesablanmaqla pensiya hüququnun yarandığı 23.05.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 16.05.2022-ci il tarixli Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının hüququnun yarandığı 23.05.2021ci il tarixdən Güzəştli şərtlərlə yaşa görə əmək pesiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qəar qəbul edilməsini xahiş etmiş, Məhkəmə həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1961-ci il tarixdə Qazax şəhərində anadan olmuş, 23.05.2021-ci il tarixdə isə 60 yaşı tamam olmuşdur. Əmək kitabçasına əsasən ümumilikdə 42 il 10 ay 27 gün və əmək şəraiti xüsusilə ağır olan işlərdə 27 il 2 ay 12 gün sosial sığota stajı vardır. Belə ki, 1976-1979-cu illərdə Qazax rayonunda yerləşən 117 nömrəli orta texniki peşə məktəbində əyani təhsil almış, 3-cü dərəcəli traktorçu-maşinist, 2-ci dərəcəli çilingər ixtisası almışdır. 1980-ci ilin may ayından 1982-ci ilin iyun ayınadək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 28.12.1983-cü ildə Qazax XİM qaz kəmərləri idarəsində 3-cü dərəcə ilə qaz kompressor stansiyasına maşinist kimi işə qəbul edilmişdir. 01.07.1993-cü il tarixdə 1 nömrəli qaz kompressor sexinin ləğv edilməsi ilə bağlı işdən azad edilmişdir. 02.07.1993-cü il tarixdə Qazax şəhərində “Tikinti” kiçik müəssisəsində fəhlə kimi işə qəbul edilmiş, 03.05.1994-cü il tarixdə “Tikinti” kiçik müəssisəsindən işdən azad edilmişdir. 07.05.1994-cü ildə X4-qaz çıxarma idarəsində qaz mühərrikli kompressor qurğularının 5-ci dərəcəli maşinisti kimi işə qəbul edilmişdir. Hal-hazırda da orada işləyir. Pensiya təyini üçün cavabdehə müraciət etsə də, cavabdeh imtina mətubunda bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. Lakin onun iş yerindən aldığı arayışda kompressor qurğuları maşinisti vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlüləlik sinifi və həmin sinfin hansı sənədlər əsasında müəyyən edildiyi qeyd edilməmişdir. Həmin məlumatlar müvafiq arayışda əks olunaraq onlara təqdim edildikdən sonra iddiaçının tələbinə baxılacaqdır. İddiaçı sadalananlara əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh 08.10.2021-ci il tarixli, **********8 nömrəli imtina məktubunda imtinanı onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi sənədlərdə 07.05.1994-cü il tarixindən bugünədək SOCAR-ın “Azneft” İstehsalat birliyinin “Neft Daşları” Neft qazçıxarma idarəsində qaz mühərrikli kompressor qurğuların maşinisti vəzifəsində işləməsi qeyd olunmuşdur. Sözügedən müəssisənin iddiaçıya dair arayışında kompressor qurğularının maşinisti vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinfi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Cavabdeh iddiaya yazılı münasibət bildirməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi imtina məktubunda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini Socar “Azneft” İstehsalat Birliyinin PUX -02/38 nömrəli, 19.07.2021-ci il tarixli arayışı, cavabdehin 08.10.2021-ci il tarixli, **********8 nömrəli imtina məktubu, iddiaçıya məxsus NZ-4017938 nömrəli hərbi bilet, İT-1284426 nömrəli, 16.07.1984-c il tarixli əmək kitabçası, B 371978 nömrəli Diplom, Socar “Azneft” İstehsalat Birliyinin məhkəmənin sorğusuna cavab olara ünvanladığı AR 02-01/114 nömrəli, 08.01.2022-ci il tarixli məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Socar “Azneft” İstehsalat Birliyinin PUX-02/38 nömrəli, 19.07.2021-ci il tarixli arayışından görünür ki, “Neft Daşları” NQÇİ-nin Qaz kompressor sahəsinin Vakuum kompressor xidmət sahəsində kompressor qurğularının maşinisti peşəsində işləyən, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 07.05.1994-21.11.2008-ci illərdə Qaz kompressor sexində qaz mühərrikli kompressor qurğularının maşinisti peşəsində, 21.11.2008- 08.06.2018-ci illərdə Qaz kompressor sahəsinin 1 saylı sıxıcı kompressor stansiyasında kompressor qurğularının maşinisti peşəsində işləmişdir. 08.06.2018-ci il tarixdən halhazıra kimi isə Qaz kompressor sahəsinin Vakuum kompressor xidmət sahəsində kompresor qurğularının maşinisti vəzifəsində işləyir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bölməsinə uyğun qaz mühərrikli qurğuların maşinisti və kompressor qurğularının maşinsti peşələrində 19.07.2021-ci il tarixə qədər dəniz şəraitində güzəştli şərtlərlə 27 il 02 ay 12 gün iş stajı vardır. Socar “Azneft” İstehsalat Birliyinin məhkəmənin sorğusuna cavab olaraq AR 02- 01/114 nömrəli, 08.01.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin Qaz-kompresor sahəsində kompressor qurğularının maşinisti peşəsində işləyən İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarındakı Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahının 35-ci bölməsində qeyd edilən “qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri bəndinə uyğun olaraq güzəştli şərtlər ilə təqaüdə çıxmaq haqqında arayış verilmişdir. İddiaçıya məxsus İT-1284426 nömrəli, 16.07.1984-c il tarixli əmək kitabçasından görünür ki, o, 28.12.1983-cü ildə 3-cü qrup dərəcəli neft qaz kompressor stansiyasına maşinist qəbul edilmişdir. 01.07.1993-cü ildə 1 nömrəli qaz kompressor sexinin ləğv edilməsi və sökülməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir. 02.07.1993-cü il tarixdə Qazax şəhərində “Tikinti” kiçik müəssisəsinə fəhlə kimi işə qəbul edilmiş, 03.05.1994-cü il tarixdə “Tikinti” kiçik müəssisəsindən işdən azad edilmişdir. 07.05.1994-cü ildə X4-qaz çıxarma idarəsində qaz mühərriki kompressor qurğularının 5-ci dərəcəli maşinisti kimi işə qəbul edilmişdir. 21.11.2008-ci il tarixdə peşə adı dəyişdirilərək Qaz kompressor sexinin 1 saylı sexin kompressor stansiyasının 6-cı dərəcəli kompressor qurğularının maşinisti hesab edilmiş, 08.06.2018-ci il tarixdə Qaz kompressor sahəsinin Vakuum kompressor xidmət sahəsinə 4-cü dəəcəli kompressor qurğularının maşinisti peşəsinə, 15.01.2020-ci il tarixdən isə Qaz kompressor sahəsinin Vakuum kompressor xidmət sahəsinə 5-ci dərəcəli kompressor qurğularının maşinisti peşəsinə keçirilmişdir. Cavabdeh 08.10.2021-ci il tarixli, **********8 nömrəli imtina məktubunda imtinaya əsas səbəb kimi iddiaçıya iş yerindən verilmiş arayışda SOCAR-ın “Azneft İstehsalat birliyinin “Neft Daşları” Neft qazçıxarma idarəsində qaz mühərrikli kompressor qurğuların maşiniti vəzifəsində işləməsi qeyd olunsa da, sözügedən müəssisənin iddiaçıya dair arayışında kompresor qurğularının maşinisti vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinfi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmadığı göstərilmişdir. Məhkəmə cavabdehin imtinasının bu dəlilini aşağıda göstərilənlərə əsasən əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35. Ümumi peşələr bölməsində-qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri nəzərdə tutulmuşdur ki, orada da təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə bağlı hər hansı bir qeyd-şərt nəzərdə tutulmamışdır. Həmin bölmədə təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə yalnız kompressor qurğularının maşinistləri nəzərdə tutulmuşdur ki, hazırki mübahisədə isə söhbət kompressor qurğularının maşinistlərindən yox, qaz kompressorlarına xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistlərindən gedir. “Əmək Pensiyaları haqqında“ Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İş materialları ilə iddiaçının 60 yaşına çatması, 25 ildən artıq ümumi iş stajı, həm də 12 il 6 aydan artıq güzəştli iş stajı olması təsdiq olunur. Beləliklə, iddiaçının 60 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun olması öz təsdiqini tapdığından məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı hüququnun yarandığı 23.05.2021-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-538/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-538/2022
16.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver