Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-538/2025 23.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı və üçüncü şəxslərdən X9 iştirakları ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxslər Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Komunal X6 və X16) qarşı “mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Yaşayış sahəsinin verilməsinə dair 10 nömrəli orderə əsasən Kirovabad şəhəri,Lenin prospektində 105 saylı evin 32 saylı mənzilində 28 kv.m ölçüdə iki otaqdan ibarət yaşayış sahəsini əmtəəşünas vəzfiəsində çaılan və beş nəfərdən ibarət ailəyə malik olan B Abdullayevin istifadəsinə verilmişdir.Orderin veriləsinə əsas isə Kirovabad şəhər İcariyyə Komitəsinin xx.xx.1965-ci il tarixli 9 saylı protokoldur. xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd edilib ki, beş nəfərdən ibarət ailəyə malik olan B Abdullayevin istifadəsinə mənzil verilmişdir. Ölüm haqqında İİ-ЖГ 459072 nömrəli şəhadətnaməyə əsasən X14 05 may 1994-ci ildə vəfat etmişdir. Ölüm haqqında AZ-İ 710994 nömrəli şəhadətnaməyə əsasən X10 xx.xx.2014-ci ildə vəfat etmişdir. 1 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 64 nömrəli məktubu ilə müəyyən edilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1 maddəsinə əsasən İddiaçı mərhum X2 qanun üzrə vərəsəsidir. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal X6nin xx.xx.2024-cü il tarixli, **********013 nömrəli şəxsi hesabdan çıxarışından görünür ki, Heydər Əliyev 77, mənzil 32 ünvanı, iki otaq, sahəsi 28 kv.m olub mənzil sahibi X7r (M/S ölüb) ailə tərkibi İddiaçı Bəylər qızı və X8 ibarətdir. İddiaçı ünvan 1 ünvanında yerləşən 32 saylı mənzil üzərində vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə İdarənin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-1500/2024 nömrəli imtina cavabı verilərək bildirilmişdir ki, aparılan araşdırma zamanı təqdim edilmiş sənədlərdə (order və arxiv arayışında) hüquq sahibinin adı və ata adında uyğunsuzluğun olduğu, belə ki, X11 ilə 10 nömrəli, xx.xx.1965-ci il tarixli orderdə qeyd olunmuş “Abdullayev B.” və arxiv arayışında qeyd olunmuş şəxslə eyni şəxs olmasını təsdiq edən sənədin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı) tərəfinizdən təqdim edilmədiyi müəyyən edilmişdir, bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən mənzilin mərhum X1nun adına vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən mənzil onun mərhum X1nun adına order əsasında verilmişdir. X1 xx.xx.1994-cü ildə vəfat etmiş və həmin mənzil miras olaraq ona qalmış, o atasının qanun üzrə vərəsəsidir. Atasının mülkiyyətində olmuş daşınmaz əmlakın vərəsəlik qaydasında ona keçməsi üçün 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisinə müraciət etmiş və oradan həmin əmlaka dair arayış və ya çıxarışın verilməsinə dair məktub Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə göndərilmişdir.Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli imtina bildirişlərində aparılan araşdırma zamanı hüquq sahibinin adı və ata adında uyğunsuzluq olduğundan ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının mümkün olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixində İddiaçı tərəfindən verilmiş ərizə ilə müəyyən edilir ki, o, ünvan 4 ünvanında yerləşən mənzilin mərhum X1nun adına bütövlüklə özəlləşdirilməsinə razılıq vermişdir. xx.xx.2024-cü il tarixində X3 tərəfindən verilmiş ərizə ilə müəyyən edilir ki, onun atası-X12 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payı qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. xx.xx.2024-cü il tarixində X13 tərəfindən verilmiş ərizə ilə müəyyən edilir ki, onun atası-X12 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payı qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. xx.xx.2025-ci il tarixində Məmədova Qumru İLham qızı tərəfindən verilmiş ərizə ilə müəyyən edilir ki, o, ünvan 4 ünvanında yerləşən mənzilə dair İddiaçı hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsinə razılıq vermişdir. Cavabdeh iddiaya dair xx.xx.2024-cü il tarixli etiraz ünvanlamışdır. Etirazda imtina əsasları təkrarlanmışdır. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin cavab məktubu ilə müəyyən edilir ki, Gəncə şəhəri, keçmiş Lenin prospekti ilə hal-hazır ki Heydər Əliyev prospekti eynidir. Lakin ərazi idarəsinin arxiv məlumatlarına və ünvan reyestri informasiya sisteminə istinadən ünvan 4 ünvan ilə ünvan 5 aşkar edilməmişdir. İddiaçı və üçüncü şəxslərdən X16 məhkəmə iclasına gəlmiş, digərləri məhkəmə iclasına gəlməmiş üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 6 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun ölmüş şəxs onun atası X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Üçüncü şəxs X16 iddia tələbinin təmin olunmasına heç bir etirazları olmadıını bildirmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, lakin imtina cavabı almış, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının hüquqivarisi olduğu mərhum X1na ailə üzvləri ilə birlikdə Kirovabad şəhəri,Lenin prospektində 105 saylı evin 32 saylı mənzil ünvanında yaşamaq hüququ verən 13 aprel 1965-ci il tarixli 10 nömrəli orderi verilmişdir. İddiaçı hazırda sözügedən mənzil üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsini tələb edir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi iddiaçının müraciətinin icra edilməsindən imtina etməsini təqdim edilmiş sənədlərdə (order və arxiv arayışında) hüquq sahibinin adı və ata adında uyğunsuzluğun olması ilə əsaslandırmışdır. İşin faktiki hallarına və aşağıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Belə ki, iş materiallarında mövcud olan 25 dekabr 2023-cü il tarixli, 3-48-DA-4/F/2- M-2306/8/2023 nömrəli arxiv arayışında həmin mənzilin Abdullayev Bəliyara verilməsi öz əksini tapır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi mövcud qanunvericilik hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarını konkret olaraq sadalamış və dairəsini müəyyənləşdirmişdir. Həmin halların genişləndirici təfsir ilə dairəsinin artırılması hüququn müəyyənlik prinsipi ilə ziddiyyət təşkil edəcəkdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi... "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 6-cı maddəsinə əsasən, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Memarlıq, tarixi və mədəni abidə sayılan binalardakı mənzillər özəlləşdirildikdən sonra həmin binaların arxitektura görkəmini pozmaq, binanın mədəni, tarixi dəyərinə xələl gətirmək qadağan edilir. Həmin binalar satılarkən onları almaqda dövlət üstün hüquqa malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən, bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 2 iyul 2019-cu il tarixli 1653- VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinə aşağıdakı yeni məzmunda 146.4-cü maddə əlavə edilmişdir, lakin həmin Qanun 27 avqust 2019-cu il tarixdən qüvvəyə minmişdir: Maddə 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. Belə olan halda məhkəmənin qənaətinə görə ünvan 6 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun ölmüş şəxs X4 məxsus olması barədə arayış verilməlidir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. ünvan 6 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun ölmüş şəxs X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-538/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-538/2025
23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver