Məhkəmə qərarları › İş №2-1(114)-539/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-539/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-539/2025 12.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs Göygöl rayonu Aşıqlı bələdiyyəsi) qarşı “mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Xanlar rayon Aşıqlı bələdiyyəsi başçısının 29 iyul 2005-ci il tarixli, 18 saylı qərarına əsasən kənd daxili ərazidən yarasız torpaq sahəsindən 0,08 ha torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2005-ci il tarixdə Xanlar rayon torpaq şöbəsində 418 nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2005-ci il tarixli 22 nömrəli qəbz ilə müəyyən edilir ki, İddiaçı tərəfindən torpaq satışı ilə bağlı Aşıqlı bələdiyyəsinin hesabına 34600 manat məbləğində ödəniş edilmişdir. Göygöl rayonu Aşıqlı bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 03 nömrəli arayışında qeyd edilmişdir ki, Göygöl rayonu Aşıqlı bələdiyyəsinin 29 iyul 2005-ci il tarixli 18 saylı qərarı ilə İddiaçı bələdiyyə ərazisindən həyətyanı məqsədi ilə 0.08 ha torpaq sahəsi satılmışdır.Hazırda həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınmasına etiraz etmirlər. Göygöl Rayonu Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 41 nömrəli arxiv arayışına əsasən Göygöl (keçmiş Xanlar) rayon Aşıqlı kənd Bələdiyyəsinin 29 iyul 2005- ci il tarixli 18 saylı qərarı əsasında vətəndaş İddiaçı Xəqani oğluna Bələdiyyənin kənd daxili ərazisindəki torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0.08 ha ayrılıb həyətyanı toıpaq sahəsinin alqı-satqı yolu ilə satıldığı göstərilmişdir. İddiaçı Göygöl rayonunda yerləşən torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 8288/2023 nömrəli imtina məktubundan görünür ki, xx.xx.2005-ci il tarixli, 418 nömrəli “Torpaqların alqı-satqısına dair" Aktı Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı aşkar edilmişdir.Həmçinin, torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ərizənizə əlavə edilmədiyi müəyyən edilmişdir.Aparılan araşdırma zamanı, təqdim edilmiş koordinat arayışı ilə faktiki torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin xəritə materiallarına əsasən dövlət mülkiyyətinə aid ictimai tikili torpaq sahəsinə düşdüyü aşkar edilmişdir. Həmçinin, Yeni uçot xəritəsinə əsasən bələdiyyə mülkiyyətində olan əraziyə düşdüyü müəyyən olunduğundan imtina cavabı verilmişdir . İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göygöl rayonu Aşıqlı Bələdiyyəsi tərəfindən 29 iyul 2005-ci il tarixli 18 nömrəli qərar ilə ona satılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, müraciətə əlavə edilmiş xx.xx.2005-ci il tarixli, 418 nömrəli “Torpaqların alqı- satqısına dair” Aktı Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı aşkar edilmişdir. Həmçinin, torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ərizəyə əlavə olunmadığı müəyyən edilmişdir.Ərazi İdarəsinin xəritə məlumatlarına əsasən faktiki torpaq sahəsinin dövlət mülkiyyətinə aid ictimai tikili torpağına düşür. Qeyd olunan torpaq sahəsi yeni uçot xəritəsində (TEKUİS və AZCAD) yaşayış məntəqələri torpaqlarında bələdiyyə mülkiyyətinə aid torpağa düşür. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 07.03. 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması nəzərdə tutulmuşdur.Qeyd olunanlardan başqa tərəfimizdən aparılan araşdırma zamanı xəritə məlumatlarına əsasən faktiki torpaq sahəsinin koordinatları ilə işə əlavə olunmuş koordinat arayışı arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır.

1. İddiaçı Xəqani oğlunun naturada təqdim etdiyi faktiki istifadəsində olunan sahəyə və torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS və AZCAD) istinad olunmuşdur. İddiaçı Xəqani oğlunun naturada təqdim etdiyi faktiki istifadəsində olan 812.7 kv.m torpaq sahəsinin 810.2 kv.m hissəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD), Aşıqlı kəndi ərazisində, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı sahə olaraq göstərilmişdir. Naturada təqdim olunan torpaq sahəsinin 2.5 kv.m hissəsi isə, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD), bələdiyyə mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı örüş sahəsi olaraq göstərilmişdir. 2.İddiaçı Xəqani oğlunun naturada təqdim etdiyi faktiki istifadəsində olan 812 kv.m torpaq sahəsi üzərində, elektron kadastır bazası məlumatlarına əsasən, başqa şəxsin, şəxslərin və ya orqanların hüquqlarının dövlət reyestrində qeydiyyata alınmadığı müəyyən olundu. 3.İddiaçı Xəqani oğlunun naturada təqdim etdiyi faktiki istifadəsində olan 812.7 kv.m torpaq sahəsinin yaxınlığından, hava elektrik ötürücü xətti keçdiyi müşahidə olundu. 4.İddiaçı Xəqani oğlunun naturada təqdim etdiyi faktiki istifadəsində olan 812.7 kv.m torpaq sahəsi üzərində, elektron kadastır bazası məlumatlarına əsasən, başqa şəxsin, şəxslərin və ya orqanların hüquqlarının dövlət reyestrində qeydiyyata alınmadığı müəyyən olundu. 5.İddiaçı Xəqani oğlunun naturada təqdim etdiyi faktiki istifadəsində olan 812.7 kv.m torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş ortofoto görüntü materialında əks olunmuşdur. 6.Rəy hazırlanarkən, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS və AZCAD) və elektron kadastr bazası məlumatlarına əsaslanılmışdır. Tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Göygöl rayon Aşıqlı bələdiyyəsinin 29 iyul 2005-ci il tarixli, 18 saylı qərarı əsasında bələdiyyə torpağından 0,08 ha torpaq sahəsi iddiaçıya fərdi yaşayış evi tikmək məqsədilə satılmışdır. Bununla bağlı tərəflər arasında “Torpaqların alqısatqısına dair akt” bağlanmış, iddiaçı bələdiyyənin hesabına ödəniş edilmiş, eləcə də alqısatqı aktı keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsində xx.xx.2005-ci il tarixdə 418 nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinə (həmin torpaq sahəsi satılan zaman qüvvədə olan redaksiyası) əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 68-ci maddəsində qeyd olunur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı mübahisə üzrə cavabdeh orqan koordinat arayışı ilə faktiki torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin xəritə materiallarına əsasən dövlət mülkiyyətinə aid ictimai tikili torpaq sahəsinə düşdüyünə istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, işdəki mütəxəssis rəyinə əsasən torpaq sahəsi üzərində və hava məkanında kommunikasiya xətləri müşahidə olunmadığı, torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi və naturada təqdim olunan faktiki sahənin başqa şəxslərin mülkiyyət, istifadə və icarəsində olan torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmadığı, və rəy hazırlanarkən, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS və AZCAD) və elektron kadastr bazası məlumatlarına əsaslanılmışdır. Məhkəmə rəydə qeyd edilmiş iddiaçının faktiki istifadəsində olan 812.7 kv.m torpaq sahəsinin yaxınlığından, hava elektrik ötürücü xətti keçdiyi müşahidə olunması ilə baölı qeyd edir ki, "xxxx"ASC “X3 Təchizatı Satış İdarəsinin” X1 xx.xx.2023-cü il tarixli məktubunda Göygöl rayonu Aşıqlı kəndində yerləşən, İddiaçı məxsus torpaq sahəsinin yaxınlığından keçən hava xətti 10 kv-luq Aşıqlı h/x-dir. Xətlə torpaq sahəsi arasındakı məsafə 2 metrdir. Xəttin qoruq zonası 10 metrdir. X2 həmin torpaq sahəsinin DƏDRX-də qeydiyyata alınmasına etiraz etmədikləri bildirilmişdir. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. Göygöl rayonu Aşıqlı Bələdiyyəsi tərəfindən 29 iyul 2005-ci il tarixli 18 nömrəli qərar ilə İddiaçı satılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar