Məhkəmə qərarları › İş №2-1(114)-54/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-54/2023

09.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-54/2023 09.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 nömrəli qərarı ilə Tərtər rayonu, Kəngərli kəndində yerləşən torpaq sahəsi ilə “Torpağa mülkiyyət hüququna dair” JN:809, KOD61106038 saylı dövlət aktında düzəliş edilərək 1,98 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: X18 xx.xx.1968-ci il tarixdə Tərtər rayonun Cəmilli kəndində anadan olmuş, hazırda Tərtər rayonu, Kəngərli kəndində qeydiyyatda olmaqla yaşayır. X15 ilə X9 nikahları xx.xx.1992-ci il tarixdə 11 nömrə ilə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd olunmuş, nikah bağlandıqdan sonra ərə Səmədov, arvada Səmədova soyadı verilmişdir. Tərtər rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarı ilə X16 və onun ailə üzvləri X2, X15, X18, X10, X6 0,98 ha torpaq sahəsi verilmiş, bu barədə tərtib edilmiş JN:809 nömrəli, 61106038 kodlu dövlət aktı xx.xx.2000-ci il tarixdə 5765 nömrə ilə qeydiyyat kitabında qeydiyyata alınmışdır. Tərtər rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarı ilə verilmiş torpaq sahəsinin qaiməsi /sertifikatı/na əsasən torpaq sahəsinin ölçüsü 9800,01 kv.m; keyfiyyət qrupu – İİ; bonitet balı 77-dir. X19 xx.xx.2004-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 04 nömrə ilə qeyd aparılmışdır. X15 xx.xx.2017-ci il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 07 nömrə ilə qeyd aparılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə JN-809 saylı Dövlət Aktında torpaq sahəsinin əksik yazılması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) ərizə ilə müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçıya və ailə üzvlərinə məxsus Tərtər rayonu, Kəngərli kəndində yerləşən torpağa mülkiyyət hüququna dair Dövlət aktı üzrə hansı səbəbdən 1,98 ha əvəzinə 0,09 ha torpaq sahəsinin mülkiyyətə verilməsi məlum deyildir. Həmin yanlışlığın araşdırılaraq düzəldilməsi İdarənin səlahiyyətinə aid deyildir. İddiaçı cavabdehə qarşı “Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 nömrəli qərarı ilə Tərtər rayonu, Kəngərli kəndində mülkiyyət verilmiş 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair” JN:809, KOD61106038 saylı dövlət aktında səhvən 0,98 ha kimi göstərilməsi halının düzəldilməsi, eyni zamanda həmin torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməklə ölçülüb təhvil verilməsi” tələbi ilə Gəncə inzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı daha sonra “iddianın dəqiqləşdirilməsi və cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi” barədə ərizə təqdim edərək məhkəmədən “iddia ərizəsindən üçüncü şəxsin çıxarılmasını, cavabdehin əsl cavabdeh ilə əvəz edilərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi əvəzinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi göstərilməsini, iddia tələbi və predmetinin Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 nömrəli qərarı ilə Tərtər rayonu, Kəngərli kəndində mülkiyyət verilmiş 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair” JN:809, KOD61106038 saylı dövlət aktında düzəliş edilərək 1,98 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə ifadə olunması barədə qərar çıxarılması”nı xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tərtər rayonu Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli, 14 saylı qərarı ilə iddiaçıgilə ( xx.xx.2004-cü ildə vəfat etmiş X26 oglu, xx.xx.2017-ci ildə vəfat etmiş X23 oglu, X3, İddiaçı, X1 Zeynəb Əlfəz qızına) 1.98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin onların mülkiyyətinə verilmiş 1.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi «Torpağa mülkiyyət hüququna dair» JN: 809, KOD 61106038 saylı Dövlət Aktında səhvən 0.98 ha kimi göstərilmiş və bu səbəbdən də eyni həmin torpaq sahəsinin sərhədləri naturada düzgün müəyyən edilməmişdir. Bu barədə dəfələrlə cavabdehə və üçüncü şəxsə rəsmi qaydada müraciət edilsə də cavabdeh və üçüncü şəxs tələblərini yerinə yetirmirlər. Sonuncu dəfə etdiyi müraciət Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏKR PHŞ-nin 7 Saylı Bərdə Ərazi İdarəsi tərəfindən göndəruilmiş xx.xx.2022-ci il tarixli, **********20№-li məktubda yalnışlıgın araşdırılaraq düzəldilməsi vəzifəsinin onun səlahiyyətinə aid olmadıgı göstərilmişdir. Cavabdeh tərəfindən göndəruilmiş məktublarda isə yalnışlıgın araşdırılaraq düzəldilməsi üçün DƏDRX-nə göndərldiyi əks edilmişdir. Lakin keçən müddətdə heç bir əlavə cavab verilməmiş və bununla da hərəkətsizlik edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli, **********97 nömrəli etirazını təqdim etmiş və etirazında imtina əsaslarını təkrarlamışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, **********19 nömrəli məktuba əsasən Xidmətin ərazi idarələrində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən X11 adına dövlət aktına əsasən 0,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-3095/2023 nömrəli etirazında əlavə olaraq bildirmişdir ki, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi islahat zamanı hazırlanmış ilkin yerquruluşu xəritəsinə və Azərbaycan Respublikası Prezidentinin 818 nömrəli Fərmanına əsasən hazırlanmış TEKUİS-ə əsasən 0,98 ha göstərilmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X4, X8, X5 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişlər. Cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərdə düzəlişlər olunması və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması barədə hüquq və vəzifələr cavabdeh inzibati orqana aid olduğundan hazırkı mübahisə üzrə tələb də ona qarşı yönəlməlidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 2.0.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Belə əsaslardan biri kimi, 8.0.5ci maddədə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Bu Qanunun 16.1 və 16.2-ci maddələrinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. İddiaçı torpaq islahatı zamanı ona və ailə üzvlərinin mülkiyyətinə 1,98 hektar torpaq sahəsinin verildiyini və texniki səhvə yol verilərək dövlət aktında 0,98 ha yazıldığını bildirsə də, məhkəmə tərəfindən aparılmış araşdırma, o cümlədən tədqiq olunmuş dövlət aktına əlavə olunmuş torpaq sahəsinin qaimə-sertifikatı ilə müəyyən edilmişdir ki, onlara 0,98 ha torpaq sahəsi verilmiş və "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktının tərtib olunmasında heç bir yanlışlığa yol verilməmişdir. Beləliklə, iddiaçının iddiası üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə isə cavabdehin imtinasını zəruri edən şərtlərin mövcudluğu təsdiq olunsa da, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Ona görə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 nömrəli qərarı ilə Tərtər rayonu, Kəngərli kəndində yerləşən torpaq sahəsi ilə “Torpağa mülkiyyət hüququna dair” JN:809, KOD61106038 saylı dövlət aktında düzəliş edilərək 1,98 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar