Məhkəmə qərarları › İş №2-1(114)-54/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-54/2024

13.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-54/2024 13.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Göygol Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti) qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ********** qeydiyyat nömrəli çıxarış əsasında Göygöl şəhəri 21-ci məhəllədə xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1191/2023 nömrəli qərardadı ilə Göygöl Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1191/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində ********** qeydiyyat nömrəli çıxarış əsasında Göygöl şəhəri 21-ci məhəllədə 0.06 ha torpaq sahəsi var. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeyd olunan torpaq sahəsi üzərində qeyri-yaşayış binası inşa etdirmişdir. Qeyd olunan yaşayış binasının tikintisi üçün müvafiq orqanlar, Göygöl Rayon İcra Hakimiyyətinin Sərəncamı, Memarlıq və Tikinti şöbəsi, FHN-nin X3 Xidməti və digər orqanların razılıq ərizəsi alınmışdır. O, aidiyyəti üzrə hüquqlarının qeydə alınaraq çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadasiri və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunmuşdur. İş üzrə şifahi məhkəmə baxışı iclası 13 may 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxslərə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı və iddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxslər isə nümayəndələrinin iştirakını təmin etməmişlər. İddiaçının nümayəndəsi (vəkili) əvvəlki məhkəmə iclaslarında iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf əvvəlki məhkəmə iclaslarında izahat verərək, iddia təbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə verilmiş mütəxəssis rəyinə izah vermək üçün əvvəlki məhkəmə iclasına dəvət edilmiş mütəxəssis X2 məhkəmədə mütəxəssis rəyinə izah verərək, sözügedən tikilinin bir qisminin faktiki yerləşmə yerinin plan ölçü sənədindən kənarda yerləşdiyini bildirmişdir. İddiaçı və iddiaçının nümayəndəsinin (vəkilinin) məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə, cavabdeh və üçüncü şəxslərin isə nümayəndələrinin iştirakını təmin etməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər və üçüncü şəxslər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-33/21679/2023 nömrəli etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı, tikintiyə dair təqdim edilmiş obyektin qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi barədə 26 noyabr 2014-cü il tarixli aktın tərtib edilmə tarxinin qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2014-cü il tarixli qərarına əsasən “Tikinti obyektinin istismarına icazənin vahid forması” təsdiq edilmişdir. Bundan başqa, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin sənəd üzrə yeri ilə faktiki yeri arasında uyğunsuzluğun olduğu, tikintialtı torpaq sahəsinin 0.031 ha hissəsinin mülkiyyətdə olan torpaq sahəsindən kənarda yerləşdiyi, mülkiyyətdə olan torpaq sahəsindən kənarda yerləşən tikintialtı torpaq sahəsinin 0.0093 ha hissəsinin dövlət mülkiyyətində olan (5 saylı uşaq baxçasının ərazisi) torpaq sahəsi ilə üst-üstə düşdüyü və tikilinin faktiki ölçüləri ilə təqdim edilmiş layihə arasında uyğunsuzluğun olduğu aşkar edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış bildirişin surətində qeyd olunmuşdur ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin sənəd üzrə yeri ilə faktiki yeri arasında uyğunsuzluğun olduğu, tikintialtı torpaq sahəsinin 0.031 ha hissəsinin mülkiyyətdə olan torpaq sahəsindən kənarda yerləşdiyi, mülkiyyətdə olan torpaq sahəsindən kənarda yerləşən tikintialtı torpaq sahəsinin 0.0093 ha hissəsinin dövlət mülkiyyətində olan (5 saylı uşaq baxçasının ərazisi) torpaq sahəsi ilə üst-üstə düşdüyü və tikilinin faktiki ölçüləri ilə təqdim edilmiş layihə arasında uyğunsuzluğun olduğu aşkar edilmişdir. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin AZE seriyalı, 004198 nömrəli Tikintilərin dövlət reyestri tikinti obyektlərinə verilən koda dair Şəhadətnamədən görünür ki, Göygöl şəhəri, 21-ci məhəllə, Göygöl-Hacıkənd avtomobil yolunun sağ hissəsi tikintilərin dövlət reyestrində 004198 qeydəalınma nömrəsi və xx.xx.2021-ci il tarixi ilə İddiaçı verilmişdir (Tikinti obyektinə verilən kodun nömrəsi və tarixi: informativ və statistik xarakterli – 50801014-3-4210- 004198/1221). -iş materiallarına əlavə edilmiş daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2016-cı il tarixli, **********60 nömrəli bildirişin surətindən görünür ki, təqdim edilmiş obyektin qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi barədə 26 noyabr 2014-cü il tarixli aktın tərtib edilmə tarxinin qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2014-cü il tarixli qərarına əsasən “Tikinti obyektinin istismarına icazənin vahid forması” təsdiq edilmişdir. Bundan başqa ərazi idarəsinin, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən qeyri-yaşayış binasına müayinə keçirilən zaman 8 metr məsafədən yüksək gərginlikli elektrik xəttinin (6 KVT) keçdiyi, torpaq sahəsinin konfiqurasiyasının dəyişdirildiyi və tikilinin bir hissəsinin qonşu torpaq sahəsinin üzərində yerləşdiyi müəyyən edilmişdir. Qeyd edilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 94 nömrəli Sərəncamının surətindən görünür ki, ünvan 2 ünvanda yaşayan İddiaçı məxsus, Göygöl şəhəri, 21-ci məhəllədə yerləşən 0,06 ha torpaq sahəsində sahibkar obyektin tikintisinin aparılmasına icazə verilmişdir. -iş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Göygöl şəhərində yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Göygöl rayonu Göygöl bələdiyyəsinə məxsusdur. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ********* nömrəli Şəhadətnaməsininvə xx.xx.2014-cü il tarixli, 0003 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı Göygöl şəhəri ərazisində yerləşən Göygöl Bələdiyyəsinin mülkiyyətində olan 600 kv.m (0.06 ha) olan torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən xx.xx.2013-cü il tarixdə keçirilmiş açıq torpaq hərracının qalibidir. Torpaq sahəsi açıq torpaq hərracında 5780 manata onun mülkiyyətinə verilmişdir. -iş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Göygöl şəhərində yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. -iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-3590/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Göygöl şəhəri ərazisində yerləşən sözügedən tikilinin altnda yerləşən 0.06 ha (600 kvm) torpaq sahəsinin 310.0 kv.m hissəsi, xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarış və həmin çıxarışın AA 001894 nömrəli planı və ölçüsü sənədinə əsasən 0.06 ha torpaq sahəsindən kənarda yerləşir. ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.06 ha torpaq sahəsindən kənarda yerləşən hissə, 2009-cu il tarixli, Göygöl Bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilən torpaqların inventarlaşdırılmasına dair yerquruluşu planına əsasən, dövlət mülkiyyətində olan toraq sahəsidir. -iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-0390/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş AA-000755 və AA-001894 nömrəli plan və ölçü sənədlərində göstərilən torpaq sahələri eyni torpaq sahəsi olmaqla, eyni koordinatlara malik torpaq sahəsidir. Yəni həmin torpaq sahələri üst-üstə düşür. Sözügedən torpaq sahələri üst-üstə düşür. Sözügedən torpaq sahəsi üzərində tikili mövcuddur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında Göygöl şəhərində yerləşən və xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasına səbəb, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin sənəd üzrə yeri ilə faktiki yeri arasında uyğunsuzluğun olması, tikintialtı torpaq sahəsinin 0.031 ha hissəsinin mülkiyyətdə olan torpaq sahəsindən kənarda yerləşməsi, mülkiyyətdə olan torpaq sahəsindən kənarda yerləşən tikintialtı torpaq sahəsinin 0.0093 ha hissəsinin dövlət mülkiyyətində olan (5 saylı uşaq baxçasının ərazisi) torpaq sahəsi ilə üst-üstə düşməsi və tikilinin faktiki ölçüləri ilə təqdim edilmiş layihə arasında uyğunsuzluğun aşkar edilməsi olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edilmiş tikililərə dair daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd əsasdır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. İş üzrə verilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan və Göygöl şəhərində yerləşən 0.06 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin altında yerləşən 0.06 ha (600 kv.m) torpaq sahəsinin 310.0 kv.m hissəsi, xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış və həmin çıxarışın AA 001894 nömrəli planı və ölçüsü sənədinə əsasən 0.06 ha torpaq sahəsindən kənarda yerləşir. ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.06 ha torpaq sahəsindən kənarda yerləşən hissə, 2009-cu il tarixli, Göygöl Bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilən torpaqların inventarlaşdırılmasına dair yerquruluşu planına əsasən, dövlət mülkiyyətində olan torpaq sahəsidir. Beləliklə müəyyən olunur ki, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi qeyri-yaşayış sahəsinin 310 kv.m hissəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan və Göygöl şəhərində yerləşən 0.06 ha torpaq sahəsindən kənarda, dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşir. Göründüyü kimi, qeyri-yaşayış sahəsinin bir hissəsi İddiaçı məxsus olmayan torpaq sahəsi üzərində inşa edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə işin faktiki hallarına və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Göygol Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti) qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar