Məhkəmə qərarları › İş №2-1(114)-540/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-540/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-540/2022 19.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X11, X18, X17 və X19) dövlət aktında düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 22.12.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, JN-375, Kod ******* saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında düzəliş edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23.10.1998-cü il tarixli 56 saylı qərarı ilə Şəmkir rayonu Əliyaqublu kəndinin ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1,19 ha torpaq sahəsi iddiaçıların və ailə üzvlərinin mülkiyyətinə verilmiş və onların adına “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verilmişdir. Həmin dövlət aktında İddiaçı1 adı səhv olaraq “Ramin”, İddiaçı2 adı isə “Gəncalı” olaraq qeyd edilmişdir. Hazırda sözügedən dövlət aktda yalnışlıq olduğuna görə iddiaçılar həmin torpaq sahəsinə dair heç bir hərəkət edə bilmirlər. Odur ki, qeyd olunan uyğunsuzluğun aradan qaldırılması məqsədilə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsələr də, cavabdeh orqan bundan imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin 27.12.2021-ci tarixli qərardadı ilə X11, X18, X17 və X19 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı müdafiə etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən tərəfindən məhkəməyə göndərilmiş 13.01.2022-ci il tarixli, **********64 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçıların müraciəti ilə bağlı onlara izah olunmuşdur ki, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında soyada, ada və ata adına düzəliş edilməsi idarənin səlahiyyətləri xaricindədir. Bu səbəbdən də onların ərizəsinin icrasından imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş JN-375 Kod 50415038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23.10.1998-ci il tarixli 56 saylı qərarına əsasən X2, X6, X1, X4, X7 və X8 mülkiyyətinə 1.19 ha torpaq sahəsi verilmişdir. -surəti işə əlavə edilmiş 26.02.1990-cı il tarixli XV-ЖГ 251143 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. -surəti işə əlavə edilmiş 20.08.1985-ci il tarixli Xİ-ЖГ 269355 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. -surəti işə əlavə edilmiş 16.12.2005-ci il tarixli AZ-İ 207377 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X12 ilə X9 arasında nikah bağlanmış və arvada “Abdullayeva” soyadı verilmişdir. -“Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin 16.03.2022-ci il tarixli **********25 nömrəli məktubuna surəti əlavə edilmiş Əliyaqublu kəndi Nizami adına X16 Kooperativindən torpaq payı alacaq subyektlərin siyahısından görünür ki, iddiaçıların adları və soyadları siyahının 695-700-cü sırasında “X9” və “X20” kimi qeyd olunmuşdur. -DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin 07.12.2021-ci il tarixli, **********92 nömrəli məktubunun məzmunundan görünür ki, iddiaçıların ərizəsinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hər tərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçılar İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından qismən əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23.10.1998-ci il tarixli 56 saylı qərarı ilə X5, X13, X3, X10, X14 və X15 1.19 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN-375 Kod 50415038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib edilmişdir. İddiaçılar isə dövlət aktında adları qeyd olunan şəxslərin özləri olduğunu, sadəcə olaraq adlarının yazılışında müəyyən səhvə yol verildiyini bildirərək dövlət aktında müvafiq düzəliş edilməsini tələb etmiş, cavabdeh orqan isə dövlət aktında onların adına düzəliş edilməsinin idarənin səlahiyyətləri xaricində olduğunu bildirərək bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, iddiaçıların dövlət aktında müvafiq düzəliş edilməsindəki hüquqi maraqları Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23.10.1998-ci il tarixli 56 saylı qərarı ilə verilmiş torpaq sahələri ilə bağlı hüquqi sənədlərin (çıxarışın) əldə edilməsidir. Qeyd olunur ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Məhkəmə tələbin “dövlət aktında İddiaçı1 adına düzəliş edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, JN-375 Kod 50415038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında, eləcə də “Əliyaqublu kəndi Nizami adına X16 Kooperativindən torpaq payı alacaq subyektlərin siyahısı”nda İddiaçı1 adı “Ramin” kimi yazılmışdır. Göründüyü kimi həm dövlət aktında, həm də müvafiq siyahıda onun adı “Ramin” kimi yazılmışdır. Bu səbəbdən də məhkəmə tələbi həmin hissədə əsassız hesab edir. Tələbin “dövlət aktında İddiaçı2 adına düzəliş edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, JN-375 Kod 50415038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında həmin şəxsin adı “Gəncalı kimi qeyd edilsə də, “Əliyaqublu kəndi Nizami adına X16 Kooperativindən torpaq payı alacaq subyektlərin siyahısı”nda adı “Gəncalə” kimi qeyd olunmuşdur. Göründüyü kimi ilkin sənəddə onun adı düzgün qeyd olunsa da, dövlət aktında səhvə yol verilmişdir. Qeyd olunan hal dövlət aktlarını hazırlayan səlahiyyətli qurumun texniki səhvi və yaxud hər hansı qüsuru kimi qiymətləndirilməlidir. Bu səbəbdən də, məhkəmə tələbi həmin hissədə əsaslı hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun:- -16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə cavabdeh orqanın qeyd olunan arqumentlərini qismən əsassız hesab edir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, JN-375 Kod 50415038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında X1 adına “Gəncalə” kimi düzəliş edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. JN-375 Kod 50415038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında X1 adına “Gəncalə” kimi düzəliş edilməsi öhdəliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar