Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-541/2025 15.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair öhdəliyin icrası haqqında inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək onun xx.xx.1987-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “X4” ASC-də işlədiyi illəri nəzərə alıb, ona güzəştli şərtlərlə pensiya təyin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1987-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "X4" ASC-nin çini və saxsı məmulatlar istehsalı şöbəsində 2-ci dərəcəli tökücü və 4-cü dərəcəli qəbuledici işlərində işləmişdir. Onun işlədiyi vəzifənin xüsusiyyətləri qaynar gipsi qəliblərə tökmək və qəbul etməkdən ibarət olmuşdur. "X4" ASC tərəfindən iddiaçıya verilmiş arayışda göstərilir ki, iddiaçının həmin müəssisədə tökücü və qəbuledici kimi işlədiyi iş sahəsi şəxsin güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə" xx.xx.2007-ci il tarixli 12 №-li qərarına əlavə edilmiş "Siyahı"nın 15.3.2. yarımbəndinə uyğundur. İddiaçı qeyd edir ki, işlədiyi tökücü və qəbiledici kimi vəzifələr qeyd edilən "Siyahı"nın 15.3.2. yarımbəndində gips bişiriciləri və həmin "Siyahı"nın 15.3.3. maddəsində bütün növ keramika, çini və saxsı məmulatlar və ferrit istehsalı üzrə ümumi peşələrə aid sahələrdə isti işlərlə məşğul olan odadavamlı materiallar məmulatların sobalardan götürücü-qoyucuları və kütlə hazırlayıcıları və xəlitəçi vəzifələri güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün nəzərdə tutulan sahələrdəndir. Bu səbəbdən o, pensiya təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən tamamilə əsassız olaraq ona imtina cavabı verilmiş və bildirilmişdir ki, xx.xx.1987-xx.xx.2002-ci il tarixlər arasındakı müddət ərzində həmin müəssisədə tökücü, qəbuledici vəzifələrində işlədiyi tökücü-qəbuledici vəzifələr qeyd edilən "Siyahı"nın çini və saxsı məmulatlar istehsalı bölməsində 15.3.2. nəzərdə tutulmamışdir. Hesab edir ki, cavabdehin bu hərəkətləri onun hüquqlarını məhdudlaşdıran hərəkət kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iş üzrə iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "X4" ASCnin ona dair arayışında xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə tökücü, xx.xx.1988-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində isə sözügedən müəssisədə qəbuledici vəzifəsində işlədiyi qeyd olunmuşdur. Beləliklə, iddiaçının çalışdığı tökücü və qəbuledici vəzifəsinin Qərarla təsdiq edilmiş çini və saxsı məmulatların istehsalı bölməsində nəzərdə tutulmadığı, buna görə iddiaçının güzəştli stajının olmadığı qeyd olunmuş, bu səbəbdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Həmçinin bildiririk ki, "X4" ASC tərəfindən təqdim edilmiş arayışın müvafiq tarix və nömrəsi qeyd edilmədiyindən sözügedən arayışın mötəbərliyinə əsaslı şübhələr yaranmışdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-A- 24455/2023 nömrəli məktubunun surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-94419/2024 saylı etiraz, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-161284/2024 saylı məktubu, "X4" ASC tərəfindən iddiaçıya verilmiş arayış, "X4" ASC tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 18 saylı məktubu, iddiaçıya məxsus xx.xx.1985-ci il tarixli, ******* nömrəli əmək kitabçasının və iddiaçıya məxsus xx.xx.2013-cü il tarixli, ******* nömrəli əmək kitabçalarının surəti, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti təşkil etmişdir. Məhkəmə qeyd edilən sənədlərin məzmununa istinad etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddia təmin edilməməlidir. İddiaçının öhdəliyin icrası haqqında iddiası (İPM-in 34-cü maddəsinə əsasən) mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı inzibati orqana təqdim etdiyi müraciət ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin inzibati orqan tərəfindən verilmiş imtinada vətəndaşın 1985-ci il tarixli ИТ-1 ******* nömrəli əmək kitabçasında və "X4" ASC-nin ona dair arayışında iddiaçının xx.xx.1987-xx.xx.2002ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə tökücü, qəbuledici vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifələr sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın çini və saxsı məmulatlar istehsalı bölməsində (15.3.2) nəzərdə tutulmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəyə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan maddi normaya əsasən qadınlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün üç şərt tələb olunur: - 52 yaşa çatmaq; - azı 20 il sığorta stajına malik olmaq; - bu müddətin azı 10 ilini axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmaq. Hazırki işdə mübahisə predmeti İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “X4” ASC-də töküçü, qəbuledici vəzifəsində işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən staja daxil edilib-edilməməsindən ibarətdir. Belə ki, iş materiallarında olan “X4” ASC-nin arayışından görünür ki, İddiaçı “X4” ASC-də xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək 2-ci dərəcə tökücü, xx.xx.1988ci il tarixdən xx.xx.2002-ci il tarixədək 4-cü dərəcə qəbuledici vəzifələrində işləmişdir. Arayışda iddiaçının müvafiq vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 15.3.2 bəndinə tökücü, qəbuledici vəzifə kodu ilə uyğunlaşdırılmışdır. Halbuki, qeyd edilən vəzifə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın şüşə istehsalatı, keramik, çini və saxsı məmulatların istehsalı bölməsinin (15) keramik, çini və saxsı məmulatların və ferritlərin istehsalı bəndinin (15.3) çini və saxsı məmulatlar istehsalı yarımbəndində (15.3.2) nəzərdə tutulmamışdır. Göründüyü kimi, iddiaçının işlədiyi tökücü və qəbuledici vəzifələri yuxarıda qeyd olunan şüşə istehsalatı, keramik, çini və saxsı məmulatların istehsalı vəzifəsinə uyğun deyil. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.2002-ci il “X4” ASC-də tökücü və qəbuledici vəzifələrində işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməsi və bu əsasla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Nəticəvihissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti, 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-541/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-541/2025
15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver