Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-542/2021 16.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «X6» Məhdud Məsuliyyətli Cəmiyyətinin сavabdeh Cavabdehnə qarşı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3287/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı üzrə Cavabdeh tərəfindən həyata keçirilmiş icra tədbirlərinin (hərəkətlərinin) qanunsuz və əsassız hesab edilməsi və cavabdeh tərəfindən iddiaçının bank hesablarına qoyulmuş məhdudiyyətin (həbsin) götürülməsi tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Müəyyən etdi: İddiaçı «X6» Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3287/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı üzrə Cavabdeh tərəfindən həyata keçirilmiş icra tədbirlərinin (hərəkətlərinin) qanunsuz və əsassız hesab edilməsi və cavabdeh tərəfindən iddiaçının bank hesablarına qoyulmuş məhdudiyyətin (həbsin) götürülməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» MMC «X6» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış QSZA 224/1118 nömrəli xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ödənilməmiş qalıq 37224,96 manat məbləğində əsas borcun (ƏDV ilə birlikdə), borc ödənilmədiyinə görə bank uçot dərəcəsi kimi hesablanmış 5955,9 manat məbləğində pulun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış cərimə məbləğinin, hüquqi xidmətə görə ödənilmiş 1000 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun «X6» MMCdən tutularaq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin həmin iş üzrə «xxxx» MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddianın həcmi həddində «X6» MMC-yə məxsus, adları qeyd olunan 47 adda avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulması və Baş Dövlət Yol Polis İdarəsinin xüsusi duracağına yerləşdirilməsi, habelə həmin nəqliyyat vasitələrinin «X6» MMC-nə və üçüncü şəxslər tərəfindən istismarına və istifadəsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3287/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş və Cəmiyyətin əmlakı üzərinə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsində nəzərdə tutulmuş ardıcıllıqla 37224,96 manat həcmində həbs qoyulmuş və əsas məbləğdən əlavə cərimə nəzərə alınmaqla cavabdehə (hazırki iş üzrə iddiaçıya) məxsus bank hesabı üzərinə həbsin qoyulmasını hazırki mərhələdə ədalətli hesab etməmişdir. Lakin cavabdeh Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3287/2020 saylı, xx.xx.2020ci il tarixli qərardadını və icra sənədini təhrif edərək, iddiaçının bank hesablarına həbs qoyulması barədə müvafiq bank təşkilatlarına göstəriş göndərmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020ci il tarixli e-2-2(113)-3287/2020 nömrəli qərardadı, Azərbaycan Beynəlxalq Bankının Qazax filialının xx.xx.2021-ci il tarixli 015 nömrəli məktubu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Tovuz regional ərazi şöbəsinin xx.xx.2021-ci il tarixli **********1 nömrəli bildirişi, «X6» MMC-nin xx.xx.2021-ci il tarixli ərizəsi və Cavabdeh xx.xx.2021-ci il tarixli 57 nömrəli məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddidçının nümayəndəsinin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər (İPM-nin 34.2-ci maddəsi). İddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli 43 saylı məktubla 37224.96 AZN məbləğində hesab üzərinə həbs qoyulması barədə həyata keçirilmiş icra tədbirləri ilə bağlı hərəkətlərini mübahisələndirərək cavabdeh tərəfindən iddiaçının bank hesablarına qoyulmuş həbsin götürülməsini tələb edir. İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-3287/2020 nömrəli qərardadından görünür ki, «xxxx» MMC-nin ərizəsi qismən təmin edilərək, «X6» MMC-nin yalnız əmlakı üzərinə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsində nəzərdə tutulmuş ardıcıllıqla 37224.96 manat həcmində həbs qoyulmuşdur. Həmin qərardadın təsviri hissəsindən görünür ki, Bakı Kommersiya Məhkəməsi əsas məbləğdən əlavə cərimə nəzərə almaqla cavabdehə (hazırki iş üzrə iddiaçıya) məxsus bank hesabı üzərinə həbs qoyulmasını hazırkı mərhələdə ədalətli hesab etməyərək, «X6» MMC-nin əmlakı üzərinə Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsində nəzərdə tutulmuş ardıcıllıqla 37224.96 manat həcmində həbsin qoyulması hissəsində ərizəni təmin etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Beynəlxalq Bankının Qazax filialının xx.xx.2021-ci il tarixli 015 nömrəli məktubundan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 43 saylı məktubuna əsasən 37224.96 AZN məbləğində hesab üzərinə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3287/2020 nömrəli İcra vərəqəsinə əsasən həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Tovuz regional ərazi şöbəsinin xx.xx.2021-ci il tarixli **********1 nömrəli bildirişindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvan 1 ünvanında yaşayan X2 «X6» MMC tərəfindən əmək hüquqlarının pozulması barədə daxil olmuş şikayət ərizəsi Dövlət Əmək Müfəttişliyi Xidmətinin Tovuz regional ərazi şöbəsində araşdırılır. İş materiallarına əlavə edilmiş «X6» MMC-nin xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsində nəzərdə tutulmuş ardıcıllığa uyğun olaraq iddiaçı tərəfindən təqdim edilmiş nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2021-ci il tarixli 57 nömrəli məktubundan görünür ki, qeyd olunan icra sənədi üzrə «X6» MMC-nin bank hesabına 37224.96 manat həcmində həbs qoyulması gələcəkdə icranın təmin edilməsi baxımından daha səmərəlidir. Eləcədə qarşı tərəf bank hesabı üzərinə qoyulmuş həbsin götürülməsinə avtomobillərin üzərinə həbs qoyulmasına qəti etiraz etmişdir. Avtomobillərin üzərinə həbs qoyularsa əmlakın qiymətləndirilməsi və hərracın keçirilməsinə səbəb olur. Ona görə də müraciətin təmin edilməsi məqsədə müvafiq hesab edilməmişdir. Göründüyü kimi cavabdeh Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3287/2020 nömrəli qərardadında göstərilənlərdən kənara çıxaraq iddiaçının Azərbaycan Beynəlxalq Bankının Qazax filialında olan 37224.96 manat məbləğində bank hesabı üzərinə həbs qoymuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli (İş № 2-1(102)-2042/2017) qərarında qeyd edilmişdir ki, «İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Hazırki işdə iddiaçı cavabdehin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-3287/2020 nömrəli qərardadından kənara çıxan icra tədbirlərini qanunsuz hesab edərək inzibati məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-3287/2020 nömrəli qərardadı ilə iddiaçıya məxsus bank hesabı üzərində həbsin qoyulması məqsədəmüvafiq hesab edilmədiyi, yalnız «X6» MMC-nin əmlakı üzərinə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsində nəzərdə tutulmuş ardıcıllıqla 37224.96 manat həcmində həbs qoyulduğu halda, cavabdeh sözügedən qərardadı və həmin qərardad əsasında verilmiş icra sənədini təhrif edərək onların bank hesablarına həbs qoyulması banka göstəriş göndərmişdir. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarını nəzərə alıb mübahisəyə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olması nəticəsinə gəlmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunu:- Borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir (Qanunun 10.1-ci maddəsi). Borclu hüquqi şəxsin əmlakı üzərinə həbs qoyulması və onun satılması aşağıdakı növbəlilik üzrə həyata keçirilir (Qanunun 58.1-ci maddəsi): Birinci növbədə - istehsalda bilavasitə istifadə edilməyən əmlak (qiymətli kağızlar, borclunun depozit və digər hesablarındakı pul vəsaitləri, valyuta sərvətləri, minik nəqliyyat vasitələri, ofislərin dizayn əşyaları və sair əmlak) (Qanunun 58.1.1-ci maddəsi); İkinci növbədə - hazır məhsul (əmtəə), habelə istehsalda bilavasitə istifadə edilməyən və istehsalda bilavasitə istifadə üçün nəzərdə tutulmamış digər maddi sərvətlər (Qanunun 58.1.2-ci maddəsi); Üçüncü növbədə - daşınmaz əmlak obyektləri, habelə istehsalda bilavasitə istifadə üçün nəzərdə tutulmuş xammal və materiallar, dəzgahlar, avadanlıqlar və digər əsas vəsaitlər (Qanunun 58.1.3-cü maddəsi); Dördüncü növbədə - başqa şəxslərə verilmiş əmlak (Qanunun 58.1.4-cü maddəsi). Göründüyü kimi, cavabdeh Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3287/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının təsviri və nəticə hissələrinin tələbindən kənara çıxaraq cavabdehin bank hesabına həbs qoyulması ilə bağlı banka müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən qəbul olunmuş iddiaçının bank hesabına həbs qoyulması barədə hərəkəti yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları baxımından əsaslandırılmadığından qanunsuz sayılmalı və iddia təmin edilərək, Cavabdeh üzərinə «X6» MMC-nin bank hesabına qoyulmuş həbsin götürülməsi öhdəliyi qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32, 68, 69, 70, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3287/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadına əsasən «X6» MMC-nin bank hesabına qoyulmuş həbsin götürülməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-542/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-542/2021
16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver