Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-542/2024 23.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı nümayəndəsi X3, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, **********690600 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “Ak X4” MMC 24 dekabr 2020-ci il tarixdə ”СРS Construction” MMC-yə qoşularaq ləğv edilmiş və "СРS Construction” MMC onun hüquqi varisidir. Məhz bu səbəbdən məhkəmə icraatı dövründə “Аk X4” MMC hüquqi varisi kimi İddiaçı MMC qəbul edilmişdir. Həmin tarixdən “Ak X4” MMC-yə məxsus sistemə daxil olmaq üçün asan imza ləğv olmuş, nəyinki hər hansı bir əməliyyatın aparmaq, heç sistemə daxil ola bilməmişlər. Müəssisəyə məxsus hüquqi sənədlərin əsilləri, birləşmə aktı, təşkilatın möhürü, vergi orqanına təhvil verilmişdir. 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən aparılmış səyyar vergi yoxlamalarının nəticələrinə dair 22 dekabr 2020-ci il tarixli **********142866 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə “Ak X4” MMC-yə 1 716 168,93 manat ƏDV, 242 222,91 manat mənfəət vergisi, 9.57 manat əmlak vergisi və 218,68 manat vergilərin artıq hesablanması üzrə ümumilikdə, 1 958 182,73 manat vergi məbləği hesablanmışdır. 2021-2022-2023-cü illərdə 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib olunmuş 22 dekabr 2020-ci il tarixli **********142866 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi üzrə məhkəmə prosesləri olmuş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-564/2023 saylı, 02 may 2023-cü il tarixli qərarı yekun qərar qəbul edilmişdir. 20 avqust 2023-cü il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsində məhkəmə qərarının könüllü icrası ilə bağlı görüş zamanı məlum olmuşdur ki, Vergi orqanı tərəfindən cəmiyyətə kameral hesablama yolu ilə 15 iyul 2021-ci il tarixdə 2020-ci il üçün 407 425,79 manat mənfəət vergisi hesablanmışdır. Həmin qərarın ləğv edilməsi ilə bağlı və şəxsi hesab vərəqəsində həmin məbləğin azaldılmasına dair 21 avqust 2023-cü il tarixdə vergi orqanına müraciət edilmişdir. 2020-ci il üzrə mənfəət vergisinin hesablanması barədə qərar tam əsassızdır və ləğv olunmalıdır. Belə ki, səyyar vergi yoxlaması zamanı “Ak X4” MMC-nin (hüquqi varis İddiaçı MMC) Vergi orqanında malların saxlanılması üçün təsərrüfat subyekti (anbarı) qeydiyyatda olmadığı əsas gətirilərək 2020-ci ilin mart ayında (yoxlamanın bitdiyi hesabat dövrü) 3 350 152,03 manat dəyərində mal-material qalığını təqdim edilmiş kimi qəbul edərək 603 027,37 manat büdcəyə çatacaq ədv hesablamışdır. Bunun nəticəsi olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 Saylı Ərazi Vergilər İdarəsi tərəfindən 2020-ci il üçün təqdim edilmiş X7 də kameral hesablama yolu ilə 407 425,79 manat mənfəət vergisi hesablayaraq şəxsi hesab vərəqəsinə daxil edilmişdir. Faktiki olaraq 2020-ci il ərzində cəmiyyətin heç bir fəaliyyəti olmamışdır. Təkzibedilməz hal olaraq 2020-ci il üzrə yoxlama aktı üzrə hesablanmış 603 027,37 manat büdcəyə çatacaq ƏDV-nin silinməsi eyni zamanda müəssisənin 2020-ci il üzrə kameral hesablanmış 407 425,79 manat mənfəət vergisinin silinməsinə zərurət yaradır. Qeyd edilənləri əsas gətirərək 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş 15 iyul 2021-ci il tarixli **********690600 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddianı müdafiə etmiş və tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, uçot-baza məlumatlarına əsasən “Ak X4” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2017-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, xx.xx.2017-ci il tarixdən əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “ağac və tikinti materiallarının topdan satışı üzrə agentlik fəaliyyəti”ndən ibarət olduğu, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 30 kv.m. olan “Topdan ticarət” adlı təsərrüfat subyektinin (obyektinin) uçotda olduğu müəyyən edilmişdir. “Ak X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi 2020-ci ilin mənfəət vergisi bəyannaməsində kənarlaşma aşkar edilmişdir. 2020-ci ilin mənfəət vergi bəyannaməsi ilə 2020-ci ilin ƏDV bəyannamələrinin müqayisəsi zamanı 3.350.152,03 manat vergiyə cəlb edilən dövriyyənin mənfəət vergisi bəyannaməsində əks etdirilmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, hüquqi şəxsə xx.xx.2021-ci il tarixli **********639400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin hüquqi şəxs tərəfindən kənarlaşmaların səbəbi barədə müvafiq izahat, uyğunsuzluq məktubunda qeyd olunan sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi vergi məcəlləsi ilə müəyyən edilmiş müddətdə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 15 iyul 2021-ci il tarixli **********690600 saylı qərarı ilə “Ak X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2020-ci ilin mənfəət vergisi üzrə 407.425,79 manat vergi məbləği hesablanmışdır. Cavabdeh orqanın nümayəndəsi iddiaçının iddia tələbini əsassız hesab edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********690600 nömrəli qərarının məzmunundan görünür ki, “Ak X4” MMC-yə 2020-ci ilin mənfəət vergisi üzrə 407.425,79 manat vergi məbləği hesablanmışdır. - xx.xx.2021-ci il tarixli **********639400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubdan görünür ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün “Ak X4” MMC-dən zəruri sənədlərin təqdim olunması tələb olunmuşdur. -İddiaçı MMC-nin iştirakçılarının (təsisçilərinin) xx.xx.2020-ci il tarixli, CPS-Ak/1120 nömrəli qərarından görünür ki, “Ak X4” MMC-nin İddiaçı MMC-yə qoşulması qərara alınmışdır. -“Ak X4” MMC-nin iştirakçılarının (təsisçilərinin) xx.xx.2020-ci il tarixli, 20/1120 nömrəli qərarından görünür ki, “Ak X4” MMC-nin fəaliyyətinə xitam verilərək İddiaçı MMCyə qoşulması qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, 14 saylı Ərazi Vergilər İdarəsi “Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********690600 nömrəli qərarına əsasən, "xxxx" MMC-nin fəaliyyətində vergidən yayınma halının olması qənaətinə gəlmiş və müəssisəyə kameral yoxlama nəticəsində 407.425,79 manat əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği müəyyən edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə qeyd olunan qərarı mübahisələndirmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********690600 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizə və ona əlavə edilmiş İddiaçı MMC-nin iştirakçılarının (təsisçilərinin) xx.xx.2020-ci il tarixli, CPS-Ak/1120 nömrəli qərarından, “AK X5” MMC-nin iştirakçılarının (təsisçilərinin) xx.xx.2020-ci il tarixli, 02/1120 nömrəli qərarından, eləcə də “X12 Kompleksi” MMC-nin X1 xx.xx.2020-ci il tarixli, 001-11/20 nömrəli qərarından məlum olur ki, “AK X5” MMC (VÖEN **********) İddiaçı MMC-yə (VÖEN **********) qoşulmaqla sonuncu yenidən təşkil edilmişdir. Bununla yanaşı, ərizəyə əlavə edilmiş qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizənin məzmunundan da məlum olur ki, “AK X5” MMCnin fəaliyyətinə xitam verilməsi haqqında qeyd hüquqi şəxslərin dövlət reyestrinə xx.xx.2020-ci il tarixdə daxil edilmişdir. Beləliklə, İddiaçı MMC xx.xx.2020-ci il tarixdə “AK X5” MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilmişdir. xx.xx.2020-ci il tarixli təhvil aktından məlum olur ki, “AK X5” MMC-nin bütün borclular və kreditorlar qarşısında hüquq və öhdəlikləri, mühasibat balansında əksini tapmış əsas vəsaitlər, azqiymətlilər, dövriyyədə olan pul vəsaitləri və digər əmlaklar, sonuncuya məxsus olan bütün əmlak, əmlak hüquqları, şəxsi qeyri-əmlak hüquqları, digər təşkilatların nizamnamə kapitalında və əmlakında iştirak payları, icazələri və lisenziyaları, borcları və öhdəlikləri İddiaçı MMC-yə keçmiş və İddiaçı MMC-nin təsis sənədləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alındığı gündən “AK X5” MMC-nin hüquq və vəzifələri üzrə hüquqi varisi hesab edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. 55.4-cü maddəsinə əsasən qoşulma şəklində yenidən təşkil halı istisna olmaocla, hüquqi şəxs yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır. 55.5-ci maddəsinə əsasən hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. 56.1. Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. 56.2. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Göründüyü kimi hüquqi şəxs “AK X4” MMC digər hüquqi şəxs İddiaçı MMC qoşulduğundan öz statusunu itirərək qoşulduğu hüquqi şəxsin tərkibinə daxil olmuşdur. Bununla da onun mövcudluğuna son qoyulmuşdur. Cavabdeh tərəfin iddia ərizəsinə münasibətindən(etirazdan) müəyyən olunur ki, “Ak X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) təqdim etdiyi 2020-ci ilin mənfəət vergisi bəyannaməsində kənarlaşma aşkar edilmişdir. 2020-ci ilin mənfəət vergi bəyannaməsi ilə 2020-ci ilin ƏDV bəyannamələrinin müqayisəsi zamanı 3.350.152,03 manat vergiyə cəlb edilən dövriyyənin mənfəət vergisi bəyannaməsində əks etdirilmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, hüquqi şəxsə xx.xx.2021-ci il tarixli **********639400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin hüquqi şəxs tərəfindən kənarlaşmaların səbəbi barədə müvafiq izahat, uyğunsuzluq məktubunda qeyd olunan sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi vergi məcəlləsi ilə müəyyən edilmiş müddətdə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 15 iyul 2021-ci il tarixli **********690600 saylı Qərarı ilə “Ak X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2020-ci ilin mənfəət vergisi üzrə 407.425,79 manat vergi məbləği hesablanmışdır. Göründüyü kimi hüquqi şəxsin yenidən təşkil olunması vergi orqanında qeydə alınmış, İddiaçı MMC ona qoşulan hüquqi şəxsin hüquqi varisidir. Buna baxmayaraq vergi orqanı mövcud olmayan hüquqi şəxsin barəsində vergi borcunun olması il bağlı qərar qəbul etmişdir. Odur ki, məhkəmə hesab edir ki, 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********690600 nömrəli qərarı ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********690600 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-542/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-542/2024
23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver