Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-543/2022 27.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 06.05.2021ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, bağ evinin uçurulmasına görə vurulmuş zərərə görə xeyrinə 15.000 ABŞ dolları və ya onun ekvivalenti olan 25.000 manat məbləğində maddi zərərin cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı 22.07.1996-cı il tarixli, 219 nömrəli sərəncamla ona və başqa bir neçə şəxsə həmin ərazidən bağ evi tikdirmək üçün 0.06 ha ölçülü torpaq sahəsi vermiş və o, onun əsasında həmin torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən “Torpağın mülkiyyətə verilməsinə dair” 25.05.2006-cı il tarixli, JN-24A saylı şəhadətnamə almışdır. Bundan sonra o, həmin sahədə smeta dəyəri 23.776.200 AZN olan bağ evi inşa edib, tikintini tam başa çatdırmışdır. Şəhəri abadlaşdırmaq şüarı altında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının işlədiyi müdddətdə onun müavininin başçılığı ilə 06.12.2006-cı il tarixdə evi dağıdılmışdır. Bu hərəkətlə iddiaçıya 25.000 manat miqdarında maddi zərər vurulmuşdur. İddiaçı onun bağ evinin uçurulmasına görə vurulmuş zərərə görə xeyrinə 25.500 (iyirmi beş min beş yüz) manat kompensasiyanın ödənilməsi məqsədilə cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin 16.06.2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “bağ evinin uçurulmasına görə vurulmuş zərərə görə xeyrinə 25000 (iyirmi beş min) manat kompensasiyanın cavabdehdən alınması” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının vəkili X2 iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının 22.07.1996-cı il tarixli 219 nömrəli sərəncamından görünür ki, Quşçu kəndinə məxsus Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən 15 (on beş) ha torpaq sahəsində aparılmış tikintilərə dair vətəndaşların çoxsaylı ərizələrinin nəzərə alınması və müraciət edən vətəndaşların hər birinə 0.06 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. -surəti işə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsinin 18.12.2006-cı il tarixli TŞ-6-316a nömrəli məktubundan görünür ki, Daşkəsən rayonundan ayrılıb Gəncə Avtomobil zavodunun inşası üçün verilmiş 56,26 ha torpaq sahəsinin 15.0 ha hissəsi Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının 22.07.1996-cı il tarixli sərəncamına əsasən bağ evi kimi paylanmış, İddiaçı və qeyrilərinə bunun əsasında «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə verilmişdir. -surəti işə əlavə edilmiş 2005-ci il tarixli smetadan görünür ki, Gəncə şəhəri Gülüstan qəsəbəsində İddiaçı məxsus olan bağ evi layihələndirilmişdir. -surəti işə əlavə edilmiş Rayonlararası Çoxsahəli Təsərrüfat Hesablı Təmir İstehsalat və Layihələşdirmə Müəssisəsinin Daşkəsən rayon nümayəndəliyinin 16.08.2005-ci il tarixli arayışından görünür ki, Gəncə şəhəri Gülüstan qəsəbəsində İddiaçı məxsus olan bağ evinin balans dəyəri tərtib edilmiş layihə-smeta sənədlərinə əsasən 23776200 manat təşkil edir. -Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının S-37-152 nömrəli 23.04.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. -"xxxx" MMC-nin 14.03.2022-ci il tarixli 040/Mİ/22 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, İsrafil bəy Yadigarzadə küçəsində sökülmüş fərdi yaşayış evinin lahiyə-smeta sənədlərinə əsasən bərpa edilməsi üçün tələb olunan vəsait məbləği 33800 (otuz üç min səkkiz yüz) manat müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla mahiyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının 22.07.1996-cı il tarixli 219 nömrəli sərəncamına əsasən iddiaçıya ayrılmış torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi Gəncə şəhər İcra Hakimiyyətinin göstərişi əsasında əvəzi ödənilmədən sökülmüşdür. İddiaçı ona vurulmuş maddi ziyanı 25000 (iyirmi beş min) manat dəyərində qiymətləndirərək həmin pulun cavabdeh tərəfindən ona ödənilməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, məsuliyyətin yaranması üçün ilk növbədə ziyan və onun hüquqa zidd hərəkət nəticəsində vurulması, eləcə də hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud olmalıdır. Bu şərtlər tam ödənildikdə məsuliyyət yaranmış olur. Eyni zamanda vurulmuş zərərin yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır. Məhkəmə bununla bağlı qeyd edilməsini zəruri hesab edir ki, şəhər və yaxud rayon ərazisində aparılan abadlaşdırılma, yenidənqurma tədbirləri müvafiq şəhər və yaxud rayon icra hakimiyyətinin sərəncamı və ya göstərişi əsasında aparılır. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığı, dövlət tərəfindən müdafiə olunduğu və xüsusi mülkiyyət hüququnun qanunla qorunması təsbit edilmişdir. Göründüyü kimi, konstitusion prinsiplərə əsasən Gəncə Şəhər İcra Hakimiyyəti müvafiq ərazidə mülkiyyətin toxunulmazlığını və mülkiyyətçilərin hüquqlarının qorunmasını təmin etməyə borclu olan əsas icra hakimiyyət orqanıdır. İş materialları ilə iddiaçının fərdi yaşayış evinin söküntü anına qədər mövcudluğu, eləcə də hazırda sökülmüş olması halı öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Göründüyü kimi iddiaçıya cavabdeh şəxsin təqsirli hərəkətləri nəticəsində maddi ziyan vurulmuş, bununla yanaşı belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu cavabdeh orqan sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər isə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun:- -1.1.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün “alınma” dedikdə dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması nəzərdə tutulur. -1.1.6-cı maddəsinə əsasən bu Qanunun məqsədləri üçün kompensasiya dedikdə bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz nəzərdə tutulur. -7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. -7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. -56.1.5-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. İddiaçıya dəymiş maddi ziyanın hesablanması üçün məhkəmə tərəfindən mütəxəssisə müraciət olunmuş və 14.03.2022-ci il tarixli 040/Mİ/22 nömrəli mütəxəssis rəyinə əsasən Gəncə şəhəri, Gülüstan qəsəbəsi, İsrafil bəy Yadigarzadə küçəsində sökülmüş fərdi yaşayış evinin bərpa edilməsi üçün tələb olunan vəsait 33.800 (otuz üç min səkkiz yüz) manat dəyərində müəyyən olunmuşdur. Qeyd edilməlidir ki, mütəxəssis tərəfindən sökülmüş fərdi yaşayış evinin bərpa edilməsi üçün tələb olunan vəsait 33 800 (otuz üç min səkkiz yüz) manat müəyyən edilməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin sökülmüş fərdi yaşayış evinə görə 25000 manat kompensasiya tələb edildiyinə görə iddia tələb həddində təmin edilməli və 25.000 (iyirmi beş min) manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gəncə şəhər İcra Hakimiyyətindən 25000 (iyirmi beş min) manat pul tutularaq İddiaçı ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-543/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-543/2022
27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver