Məhkəmə qərarları › İş №2-1(114)-547/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-547/2024

02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-547/2024 02.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə Şəhər Baş Polis İdarəsinə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X5, X7, X6 və X3 ona məxsus olan Gəncə şəhəri, X16 prospekti, ev 106, mənzil 22 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-8322/2023 nömrəli cavab məktubuna əlavə edilmiş sənədlərə əsasən Gəncə şəhəri, X16 prospekti, ev 106, mənzil 22 ünvanında yerləşən mənzil mülkiyyət hüququ əsasında xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydə alınmışdır.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışından görünür ki, qeydiyyatda heç kəs yoxdur.

3. Cavabdeh xx.xx.2023-cü il qeydiyyat tarixli 3-13-57/2-C-24937/11/23 qeydiyyat nömrəli məktubdan görünür ki, X5, X7, X6 və X1 şəhəri, X16 prospekti, ev 106, mənzil 22 ünvanında qeydiyyatdadırlar.

4. Gəncə ŞİHB 3 nömrəli SİƏD üzrə nümayəndəliyinin məlumatından görünür ki, DƏDKR PHŞ 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-M-0216- 8/2023 nömrəli məktubuna əsasən ünvan 4 ünvanı ilə Ş.İ.Xətai pr., ev 106, mənzil 22 ünvanı eyni ünvandır.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-M-0216-8/2023 nömrəli məktubundan görünür ki, İdarənin arxiv məlumatlarına istinadən Gəncə şəhəri, X16 prospekti, ev 106, mənzil 22 ünvanının ünvan 4 ünvanı olması barədə heç bir məlumat aşkar edilməmişdir. Lakin arxiv məlumatlarına istinadən Gəncə şəhəri, X16 prospekti, ev 106, mənzil 22 ünvanı vaxtı ilə ünvan 7

6. Elektron Məhkəmə informasiya sistemindən çıxarışlardan müəyyən edilir ki, xx.xx.1993-cü il təvəllüdlü X2 şəhəri, H.Əliyev pr., 82, 22 ünvanında, xx.xx.1991-ci il təvəllüdlü X5, xx.xx.1963-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 şəhəri, Ş.İ.Xətai pr., 82, 22 ünvanında qeydiyyatdadırlar.

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il qeydiyyat tarixli 18/2-338-19/23 qeydiyyat nömrəli məktubdan görünür ki, X5, X7, X6 və X3 Gəncə şəhəri, X16 prospekti, ev 106, mənzil 22 ünvanına qeydiyyata alınmasına əsas olan sənədlər saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir.

8. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-1/2-03/2576/2023 nömrəli məktubundan görünür ki, X5, X7, X6 və X1 şəhəri, X16 prospekti, ev 106, mənzil 22 ünvanında yaşamırlar.

9. İddiaçı Möyləm qızının üçüncü şəxslər X5, X7, X6 və X3 Gəncə şəhəri, X16 prospekti, ev 106, mənzil 22 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə etdiyi müraciətinə həmin İdarənin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. II. Məhkəmədə icraat

10. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X5, X7, X6 və X3 Gəncə şəhəri, X16 prospekti, ev 106, mənzil 22 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, X16 prospekti, ev 106, mənzil 22 ünvanında yerləşən mənzil 1987-ci ildən xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. X6 qardaşının arvadı, Cəfərov Turqut və Cəfərov Tural qardaşın uşaqları, Cəfərova Leyla isə qardaşı oğlu Turqutun qızıdır. X11 Şəhla Cəfərova ilə 1989-cu ildə ailə qurublar və işləmək üçün Rusiya Federasiyasının Georgiyevski şəhərinə gediblər. Belə ki, X11 Rusiya Federasiyasında daimi yaşayırdı, armatur zavodunda mühəndis işləyirdi və orada özünə məxsus evi var idi. 1997-ci ildə Şəhla Cəfərova pasportunu yeniləmək üçün ondan mənzilinə pasport qeydiyyatına düşməyi xahiş etdi. Belə ki, onların Gəncə şəhərində evləri olsa da, evin sənədləri tam hazır deyildi. İddiaçı onun qeydiyyata alınması üçün razılıq vermişdir. 2007-ci ildə eyni səbəbdən Cəfərov Turqut, 2009-cu ildə isə Cəfərov Turala mənzilinə qeydiyyata düşməsinə razılıq verdi. 3-cü şəxslər onun mənzilində heç bir vaxt yaşamayıblar. Onlar yalnız onun razılığı ilə pasport qeydiyyatına düşüblər. Şəhla, Turqut və Tural evindən pasport qeydiyyatından çıxmağa razıdırlar, lakin Azərbaycan Respublikasında olmadıqlarına görə evindən pasport qeydiyyatından çıxmağa razılıq verə bilmirlər. 3-cü şəxslərin onun evində pasport qeydiyyatında olmaları bir mülkiyyətçi kimi onun hüquqlarını pozur. O, evin üzərində sərəncam verə bilmir. Həmçinin iddiaçı onların evində qeydiyyatda olmasına görə əlavə kommunal xərclər ödəyir. İddiaçı əlavə olaraq qeyd etmək istəyir ki, 3-cü şəxslərin hazırda Gəncə şəhəri Sevinc qəsəbəsində və eləcə də Rusiya Federasiyasının Moskva şəhərində fərdi yaşayış evləri vardır. 2023-cü ilin avqust ayında iddiaçı cavabdeh Gəncə şəhəri Baş Polis İdarəsinə müraciət edərək, 3-cü şəxslərin onun mənzilindən pasport qeydiyyatından çıxarılmalarını xahiş etmişdir. Lakin cavabdeh 3-cü şəxsləri onun mənzilindən pasport qeydiyyatından çıxarmaqdan imtina etdmişdir. O hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, 3cü şəxslərin onun mənzilinə heç bir hüquqları, o cümlədən istifadə hüququ yoxdur.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.

14. Belə ki, iddiaçı sözügedən mənzilin mülkiyyətçisi olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

15. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.

16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

17. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

18. Cavabdeh yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

21. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5, X7, X6 və X4 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

23. Üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixli və cavabdeh isə xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər.

24. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

25. Cavabdeh orqanın və üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışı; - Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-8322/2023 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu; - Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023cü il tarixli məktubu; - Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubu; - Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu; - Elektron məhkəmə informasiya sistemindən çıxarışlar.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

27. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

28. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən Gəncə şəhəri, X16 prospekti, ev 106, mənzil 22 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Üçüncü şəxslər xx.xx.1991-ci il təvəllüdlü X5, xx.xx.1993-cü il təvəllüdlü X7, xx.xx.1963-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 mənzildə qeydiyyatdadırlar, lakin faktiki olaraq həmin ünvanda yaşamırlar. İddiaçı cavabdeh orqana müraciət edərək, üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmalarını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.

29. İddiaçı üçüncü şəxslərin ona məxsus evdə qeydiyyatlarının formal olmasına və bu halın onun hüquqlarının məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

30. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

31. Məhkəmə qeyd edir ki, adıçəkilən Qanunda yaşayış sahəsi ilə bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan və orada faktiki yaşamayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı birbaşa nəzərdə tutulmasa da, bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki: - müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. - Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. - Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

33. Göründüyü kimi, üçüncü şəxslər X5, X7, X6 və X4 hazırkı mülkiyyətçinin ailə üzvü olmadığından onun iddiaçıya məxsus yaşayış sahəsinə istifadə hüququ da yoxdur. İkinci tərəfdən, həmin üçüncü şəxslər hazırda sözügedən ünvanda faktiki olaraq yaşamır və qeydiyyatı formal xarakter daşıyır. Onun iddiaçıya məxsus evdə formal qeydiyyatda qalmaları isə iddiaçının mülkiyyətçi kimi ona məxsus olan əmlaka mülkiyyət hüququnu məhdudlaşdırır. Eyni zamanda, qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olması nəzərdə tutulmuşdur. Bu istiqamətdə aparılan qiymətləndirmə isə iddiaçının hazırkı tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir. Cavabdeh inzibati orqanın isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtinası əsassız olmuşdur.

34. Həmçinin qeyd edilməlidir ki, şəxslərin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə qeydiyyata alına bilərlər.

35. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilsin. X5, X7, X6 və X3 Gəncə şəhəri, X16 prospekti, ev 106, mənzil 22 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar