Məhkəmə qərarları › İş №2-1(114)-5488/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-5488/2025

16.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-5488/2025 16.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi ilə, İddiaçı iştirakı iə, İddiaçı cavabdeh Tovuz regional «ASAN Xidmət» mərkəzinin qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Tovuz rayon qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, 1347 nömrəli arayışına əsasən X6 xx.xx.1960-cı ildə Tovuz rayonu,Xatınlı kəndində anadan olmuşdur, bu barədə xx.xx.1960-cı il tarixdə Tovuz Xatınlı kənd icra nümayəndəliyində akt 74№li doğum haqqında akt qeydi tərtib edilmişdir, atası X5, anası X2r. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Tovuz regional «ASAN Xidmət» mərkəzinin qeydiyyat şöbəsinə (bundan sonra mətndə - cavabdeh) müraciətinə sonuncu tərəfindən xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti Aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, X1 doğumu barəsində Tovuz rayonu üzrə heç bir məlumat aşkar olunmamışdır. Ərizəçi vətəndaş İddiaçı mərhum atası X3 doğum akt qeydinin bərpa edilməsini xahiş etmiş, müvafiq sənədləri təqdim etmədiyindən X3 doğumunun bərpa edilməsi Tovuz regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində mümkün olmamışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 xx.xx.1960-cı ildə Tovuz rayonu, Xatınlı kəndində doğulmasına dair doğum akt qeydinin bərpa edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun atası X6 xx.xx.1960-cı ildə Tovuz rayonunda anadan olub, xx.xx.2016-cı ildə Tovuz rayonunda rəhmətə getmişdir. xx.xx.2020-ci il tarixdə Tovuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışda atası X3 xx.xx.1960-cı il tarixdə anadan olduğu və bu barədə xx.xx.1960-cı il tarixdə Tovuz rayon Xatınlı kənd icra nümayəndəliyində 74 nömrəli doğum akt qeydinin tərtib olunduğu qeyd olunmuşdur. Atasının doğum akt qeydinin bərpa olunaraq yeni arayışın verilməsi barədə aidiyyəti orqana müraciət etmiş, lakin imtina cavabı verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, mərhum atası X3 xx.xx.1960-cı ildə Tovuz rayonu Xatınlı kəndində doğulması ata adı X5 ana adı X4 qeyd edilməklə doğum haqqında akt qeydinin bərpa edilməsi və təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi mərhum atası X3 doğum haqqında akt qeydinin bərpa edilməsidir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın xx.xx.2011-ci il tarixədək qüvvədə olan redaksiyasına görə: Bənd 1.16. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı Azərbaycan Respublikasının vətəndaşları soyadlarını dövlət dilinə uyğunlaşdırmaq məqsədilə, soyadlarının sonluqları rəsmi sənədlərlə dəyişdirilənədək vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və şəhadətnamələrdə soyadlarını müəyyən olunmuş yeni ifadə formalarında qeyd etdirə bilərlər.

2. Lakin 5 iyul 2011-ci il tarixli 108 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 737) ilə 1.16-cı bənd çıxarılmışdır. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə mərhum atası X3 xx.xx.1960-cı ildə Tovuz rayonu Xatınlı kəndində doğulması ata adı X5 ana adı X4 qeyd edilməklə doğum haqqında akt qeydinin bərpa edilməsi və təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. X1 xx.xx.1960-cı ildə Tovuz rayonu Xatınlı kəndində doğulması ata adı X5 ana adı X4 qeyd edilməklə doğum haqqında akt qeydinin bərpa edilməsi və təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Tovuz regional «ASAN Xidmət» mərkəzinin qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar