Məhkəmə qərarları › İş №2-1(114)-55/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-55/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-55/2021 29.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış vergi borcunun silinməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə 11.02.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.01.2020-ci il tarixli, **********195983 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.01.2020-ci il tarixli, **********195983 nömrəli qərarı ilə iddiaçıya 677641,43 manat əlavə vergi məbləği hesablanmaqla 338820,72 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Qərar vergi qanunvericiliyi ilə formal olaraq əsaslandırılsa da real faktları əks etdirmir. Belə ki, barəsində tətbiq olunmuş maliyyə sanksiyası və mübahisələndirilən qərar **********189860 nömrəli səyyar vergi yoxlaması aktına, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 11.07.2019-cu il tarixli protokola əsasən həyata keçirilmişdir. Həmin protokolda vergi ödəyicisinə aid 3 qutu sənədlər götürüldüyü qeyd olunur, lakin bu sənədlərin həyata keçirilən yoxlama ilə nə qədər əlaqəsi olduğu və sənədlərdə hansı məlumatların əks etdirildiyi qaranlıq olaraq qalır. Halbuki yoxlama ilə bağlı sənədlər götürülərkən həmin sənədlərin siyahısı tərtib edilməli idi. Lakin vergi əməkdaşları sənədlərin götürülməsi ilə bağlı prosedur qaydalarını pozmuşdur. Həmçinin tərtib edilmiş aktla və əlavə olunmuş digər sənədlərlə tətbiq edilən maliyyə sanksiyası arasında böyük uyğunsuzluq mövcuddur. İddiaçının fəaliyyət dairəsi günəbaxan tumlarının qablaşdırılması ilə əhatə olunur və heç də böyük fəaliyyət növü kimi xarakterizə olunmur. Bu səbəbdən də VÖEN əsasında fəaliyyət göstərən sadələşdirilmiş vergi ödəyicisi kimi qeyddiyata alınmış, vergi bəyənnamələrini vaxtında təqdim etməklə hesablanmış vergiləri büdcəyə ödəmiş, bununla bağlı mövcud hesabatları vergi yoxlaması zamanı təqdim etmişdir. Lakin vergi orqanı iddiaçının iş yerindən götürüdüyü iddia edilən, heç də rəsmi sənədlər hesab edilməyən və mənbəyi bəlli olmayan sənədlərə istinad etməklə ağlasığmayan məbləğdə vergi sanksiyası tətbiq etmişdir. Həm səyyar vergi yoxlaması aktı, həm də bununla bağlı tərtib edilmiş digər sənədlər vergi qanunvericiliyinin tələblərinə uyğun tərtib edilməmişdir. Məhkəmənin 16.03.2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 09.01.2020-ci il tarixli, **********195983 nömrəli qərarın və məcburi qaydada qeydiyyata alınmış ƏDV qeydiyyatının ləğv edilməsinə dair iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin 15.07.2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 09.01.2020-ci il taixli, **********195983 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış vergi borcunun silinməsi”nə dair iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçının vəkili X3 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, aktlardan da görünür ki, vergi əməkdaşları vergi ödəyicisinin obyektinə ümumiyyətlə girməmişlər, yalnız 3 qutu naməlum sənəd götürmüşlər. Belə olan halda müəssisəyə baxış keçirmədən, yəni mal qalığını müəyyən etmədən vergi borcunun hansı qaydada müəyyən edildiyi məlum deyil. Bundan əlavə vergi ödəyicisində lazımi sənədlər olmuşdur, lakin vergi əməkdaşları sənədləri siyahıya almadan qarışıq şəkildə qutulara yığıb aparmışdır. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirmişdir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 12.09.2019-cu il tarixli **********189835 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən 01.07.2016-cı il tarixdən 01.06.2019-cu ilədək olan dövrü əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın keçirilməsi Vergi Məcəlləsinin 38.3.5 maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatlara əsasən gəlirlərin və vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən olunduğu üçün qərara alınmışdır. Yoxlama 13.09.2019-cu il tarixdə başlanılmış, 22.11.2019-cu il tarixdə başa çatdırılaraq, 27 noyabr 2019- il tarixli **********189860 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən gəlir vergisinin 90311.69 manat, əlavə dəyər vergisinin 677641.43 manat, sadələşdirilmiş verginin 4127.73 manat olmaqla umumilikdə vergilərin 772080.85 manat azaldılması müəyyən olunmuşdur. Vergilərin azaldılmasına görə azaldılmış vergi məbləğinə Vergi Məcəlləsinin 58.1 və 58.4-cü maddələrinə əsasən 386261.44 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən 21 halda vergi bəyannanməsinin vergi orqanına təqdim edilməməsinə görə 21*40=840 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Ümumilikdə vergi ödəyicisinə səyyar vergi yoxlaması ilə 772080.85 manat əlavə vergi hesablanmış və 387941.44 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı sənədlərin götürülməsi barədə protokolun tərtibində qanunvericilyin tələblərinin pozulmasını iddia etsə də konkret hansı qanunvericilik aktının tələbinin pozulmasını göstərməməklə əsassız iddia irəli sürmüşdür. Qanunvericiliyin tələbinə əsasən iddiaçının iddia etdiyi kimi sənədlərin götürülməsi barədə protokolda adbaad qeyd olunması nəzərdə tutulmamışdır. Həmin sənədlər götürülərkən İddiaçı özünün iştirakı ilə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 11.07.2019-cu il tarixli protokol tərtib edilmiş və bu barədə o, protokolda imza etmişdir. Yəni, iddiaçının vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan sənədlərə əsasən hesablama aparması barədə iddiası əsassızdır. Səyyar vergi yoxlaması aktında göstərilən hesablamalar iddiaçının özündən 11.07.2019-cu tarixdə operativ vergi nəzarəti zamanı götürülmüş “qaimələr” əsasında hesablanmışdır və sənədlərlə səyyar vergi yoxlaması aktı arasında heç bir uyğunsuzluq mövcud deyil. Belə ki, səyyar vergi yoxlaması iddiaçının özünün də qeyd etdiyi kimi vergi ödəyicisindən götürülmüş və onun tərəfindən malların təqdim edilməsini əks etdirən qaimələr əsasında hesablanmışdır. Vergi ödəyicisindən götürülmüş qaimələrə əsasən dövriyyəsinin hesablanması zamanı müəyyən edilmişdir ki, 2017-ci il ərzində dövriyyəsi 18166 manat olmaqla ödənilməli sadələşdirilmiş vergi məbləği 18166*2%=363,32 manat, 2018-ci ilin yanvar və fevral aylarının dövriyyəsi 161489.50+48830.90=210320.40 manat olmaqla ödənilməli sadələşdirilmiş vergi məbləği 210320.40*2%=4206.41 manat olmuşdur. 2018-ci ilin fevral ayında vergi ödəyicisinin dövriyyəsi 200.000 manatdan çox olduğuna görə Vergi Məcəlləsinin 157.3.1 -ci və 157.5-ci maddələrinə əsasən vergi orqanı tərəfindən ƏDV məqsədləri üçün qeydiyyata alınmaqla sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirdiyindən 2018-ci ilin fevral ayından sonrakı vergi tutulan dövriyyəsinə əlavə dəyər vergisi və gəlir vergisi hesablanmışdır. Vergi ödəyicisinin təqdim etdiyi qaimələrə əsasən gəlirinin 2018-ci ilin mart-dekabr ayları üzrə 2.709.350,59 manat olduğu, 2019-cu ilin səyyar vergi yoxlaması ilə əhatə olunmuş yanvar-iyun aylarında isə 1.055.324,15 manat olduğu müəyyənləşdirilmiş, vergi ödəyicisi tərəfindən gəlirin əldə olunması üçün çəkdiyi xərclərini təsdiq edən sənədlər yoxlamaya təqdim olunmadığından vergi ödəyicisinin gəlirini birbaşa müəyyən etmək mümkün olmamış və gəlir Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə əsasən hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının 6.1-ci bəndinə görə şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) şərti üsullardan biri ilə müəyyən edir. Beləliklə, göstərilən qanunvericilik normalarının tələblərinə əsasən 2018-ci ilin gəlirinin G2018=2.709.350,59:(100+20)*20=451558,43 manat, gəlir vergisinin isə 451558,43*20%=90311,69 manat olduğu müəyyənləşdirilmişdir. 2019-cu ilin gəlir vergisi üzrə hesabat dövrü başa çatmadığından həmin dövr üzrə gəlir vergisi hesablanmamışdır. Vergi ödəyicisinin 2018-ci ilin fevral ayında 12 aylıq dövriyyəsinin 200.000 manatdan artıq olması səbəbindən 2018-ci ilin mart ayının 1-dən ƏDV qeydiyyata alındığından 2018-ci ilin mart ayı da daxil olmaqla yoxlama ilə əhatə olunmuş dövrlərə ümumilikdə 6.474.025,33*18%=1.165.324,56 manat ƏDV hesablanmışdır. İddiaçının vergi bəyannamələrini vaxtında təqdim etməsi barədə iddiası ilə bağlı bildirilir ki, səyyar vergi yoxlaması aktından da göründüyü kimi iddiaçı tərəfindən 1 halda gəlir vergisi, 2 halda sadələşdirilmiş vergi, 2 halda muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi və 16 halda əlavə dəyər vergisi bəyannamələrini təqdim etməli olduğu halda təqdim etməmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi bərədə qərardan və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən göründüyü kimi səyyar vergi yoxlamasının keçirilməsi müddəti 13.09.2019-cu il tarixdən 22.11.2019-cu il tarixədək 30 iş günü təyin edilmişdir. İddaçının səyyar vergi yoxlamasının 30 təqvim günü ərzində keçirilməsi barədə mövqeyi Vergi Məcəlləsinin 38-ci maddəsinin tələblərinin düzgün şərh edilməməsindən irəli gəlmişdir. Səyyar vergi yoxlaması yalnız iş günlərində aparılmaqla, onun müddəti 30 gün və əlavə olaraq yuxarı vergi orqanının qərarına əsasən 90 günlə məhdudlaşdırılmışdır. Maddələrin tələbləri müəyyən edilərkən səyyar vergi yoxlamasına dair qaydaları müəyyən edən Vergi Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş 38.1-ci və digər maddələr, o cümlədən 38.2-ci və 38.4-cü maddələri ayrı-ayrılıqda deyil, əlaqəli şəkildə tətbiq olunmalıdır. Hər iki maddələrin əlaqəli tətbiqi isə onu ehtiva edir ki, yoxlama 30 gün və yalnız iş günlərində aparıldığından, yoxlamanın aparılmalı olan müddəti iş günləri ilə hesablanmalıdır. Odur ki, vergi ödəyicisinin təqdim etdiyi bir vergi bəyannaməsinin yoxlanıldığı kameral vergi yoxlamasının yerlərə getmədən 30 iş günü ərzində aparılmasına münasibətdə səyar vergi yoxlamasının yerlərə getməklə bundan dəfələrlə daha həcmli və əhatəli yoxlama olmaqla (ən çoxu 22 iş günü) 30 təqvim günü ərzində aparılması həmin yoxlamaların məqsədlərinə uyğun olmadığı kimi qiymətləndirilməlidir. Bundan başqa, iddiaçı iddia ərizəsinin əlavəsində göstərmişdir ki, yoxlama aktının 1.9.2-ci bəndində qeyd olunur ki, yoxlama zamanı əmlakın inventarizasiyası keçirilməmişdir. Vergi ödəyicisinin gəlir vergisinin müəyyən edilməsi zamanı onun vergi ili üzrə mal qalığının olub-olmaması mütləq səkildə müəyyən edilməlidir. İddiaçının qanunvericiliyə zidd olan bu iddiası öz mülahizəsindən başqa bir şey deyil və ona görə də əsaslandırılması üçün hər hansı qanunvericilik normalarına istinad edilməmişdir. Belə ki, inventarizasiyanın keçirilməsi heç də gəlir vergisinin müəyyən edilməsi zamanı deyil əmlak vergisinin hesablanması zamanı nəzərdə tutulmuşdur. Bundan baqa, iddiaçı “qara mühasibatlıq” uçot aparmaqda məqsədi vergidən yayınma olmuşdur. Çünki, iddia ərizəsinə əlavədən də göründüyü kimi, belə hesab edir ki, həmin uçot məlumatları rəsmi məlumatlar olmadığından onların əsasında vergilər hesablana bilməz. Dolayısı ilə iddaçının bu yanlış arqumentləri ilə razılaşmaq, dolayısı ilə vergi ödəyiciləri tərəfindən gəlir və xərclərinin uçotunu həmin sahəni tənzimləyən qanunvericilik normalarının tələblərinə cavab verməyən “qara mühasibatlıq” formasında aparılması yolu ilə vergidən yayınmaya şərait yaradılması deməkdir. Əslində isə iddiaçının da iddia ərizəsinə əlavədə istinad etdiyi Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə görə vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasından vergilər hesablana bilər. Odur ki, vergi ödəyicisinin özü üçün apardığı gəlirləri barədə məlumatlar Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinin tələblərinə uyğundur və həmin məlumatlar əsasında vergilər hesablana bilər. Göründüyü kimi səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi orqanı tərəfindən qanun pozuntularına yol verilməsi, iddiaçının səyyar vergi yoxlaması zamanı hüquqlarının pozulması, hesablanmış vergi məbləğləri və maliyyə sanksiyalarının əsassız olması barədə vergi ödəyicisinin iddiası əsassızdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.01.2020-ci il tarixli, **********195983 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı əlavə hesablanmış vergilər üzrə 772080.85 manat, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 387101.44 manat olmaqla ümumilikdə 1159182.29 manat (bir milyon bir yüz əlli doqquz min bir yüz səksən iki manat, iyirmi doqquz qəpik) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 12.09.2019-cu il tarixli **********189835 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarına əsasən 01.07.2016-cı il tarixdən 01.06.2019-cu il tarixədək olan dövr üzrə İddiaçı fəaliyyəti barədə vergi yoxlaması təyin edilmiş və aparılmış səyyar vergi yoxlamasının nəticəsində 27.11.2019-cu il tarixli **********189860 nömrəli “səyyar vergi yoxlaması” aktı tərtib edilmiş, həmin akt əsasında 09.01.2020-ci il tarixli, **********195983 nömrəli İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə qeyd olunan qərarı, eləcə də onun hüquqi nəticələrini mübahisələndirmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh orqan tərəfindən İddiaçı sahibkarlıq fəaliyyəti üzrə səyyar vergi yoxlaması keçirilmiş və həmin yoxlamanın nəticələrinə əsasən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə” məsuliyyətə cəlb edilməsi haqqında” 09.01.2020ci il tarixli **********195983 nömrəli qərara əsasən iddiaçıya 2017-ci il üzrə 363.32 manat, 2018-ci il üzrə 4206,41 manat sadələşdirilmiş vergi, 2018-ci il üzrə 90311,69 manat gəlir vergisi, 2018-ci il üzrə 487683,09 manat və 2019-cu il üzrə 189958,34 manat əlavə dəyər vergisi olmaqla ümumilikdə 772552,85 manat əsas vergi və 387101,44 manat maliyyə sanksiyası hesablanmışdır. Məhkəmə hesab edir ki, yoxlamanın aparılması zamanı cavabdeh orqan tərəfindən aşağıdakı prosessual pozuntulara yol verilmişdir. Belə ki, 27.11.2019-cu il tarixli **********89860 nömrəli səyyar vergi yoxlaması aktına əsasən müəyyən olunur ki, yoxlama 13.09.2019-cu il tarixdə başlamış və 22.11.2019-cu il tarixdə yekunlaşdırılmışdır. Əvvəla qeyd edilməlidir ki, Azərbaycan Respublikası Vergi Məcəllənin 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. vergi ödəyicisində aparılan sonuncu vergi yoxlaması vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması və ya qəbul edilmiş qaydalara uyğun olaraq aparılmaması, qanuni ödənilməli olan vergilərin 25 və daha çox faizinin vergidən yayındırılması hallarını aşkar etdikdə; 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, bu Məcəllənin 157.2-ci maddəsinə müvafiq olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyicilərinin vergi hüquqpozmalarına yol verməsi barədə mənbəyi məlum olan məlumatlar olduqda; 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə. Vergi orqanı qeyd olunan qərarda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edərək növbədənkənar səyyar vergi yoxlamasını təyin edilməsini qeyd etsə də, konkret olaraq yoxlamanın keçirilməsinə səbəb olan hallar həmin qərarla əsaslandırılmamışdır. Eyni zamanda 24.10.2019-cu il tarixli qərarla yoxlamanın aparılması müvəqqəti dayandırılmışdır. Göründüyü kimi, 13.09.2019-cu il tarixdə başlamış yoxlama 13.10.2019-cu il tarixdə yekunlaşdırılmalı və ya yoxlama müddətinin uzadılması və ya müvəqqəti dayandırılması ilə bağlı qərar qəbul olunmalı idi. Halbuki müvəqqəti dayandırma ilə bağlı qərar 24.10.2019-cu il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəllənin 38.2-ci maddəsinin 2-ci hissəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Bundan başqa yoxlama aktının 1.9.2-ci bəndində qeyd olunur ki, yoxlama zamanı əmlakın inventarizasiyası keçirilməmişdir. Vergi ödəyicisinin gəlir vergisinin müəyyən edilməsi zamanı onun vergi ili üzrə mal qalığının olub-olmaması mütləq şəkildə müəyyən edilməlidir. Yoxlama aktının 1.9.3-cü bəndində qeyd olunur ki, vergi ödəyicisinin binasına baxış keçirilməmişdir. Deməli yoxlayıcılar vergi ödəyicisinin təsərrüfat subyektlərinə baş çəkməmiş və yoxlamanın Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 11.07.2019-cu il tarixli Protokolla götürülmüş sənədlərə əsasən aparıldığı müəyyən edilmişdir. Qeyd olunan protokoldan məlum olur ki, vergi ödəyicisinin təsərrüfat subyektində 11.07.2019-cu il tarixdə sənədlərin nümunə kimi əşyaların götürülməsi həyata keçirilmiş, qeyd olunan prosessual hərəkətlərin keçirilməsi zamanı hər hansı müşahidəçinin iştirakı təmin edilməmiş və protokola əsasən “3 qutu” sənədin götürülməsi qeyd edilmişdir. Protokolda götürülən sənədlərin hansı sənədlərdən ibarət olduğu göstərilməmiş və sənədlərin siyahısı tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəllənin:- -43.3-cü maddəsinə əsasən sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri götürülür. -43.5-cü maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. -43.6-cı maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsi sənədləri və əşyaları götürülən şəxslərin və (və ya) onların nümayəndələrinin, habelə müşahidəçilərin iştirakı ilə həyata keçirilir. Zəruri hallarda sənədlərin və nümunə kimi əşyaların götürülməsində iştirak etmək üçün mütəxəssis dəvət oluna bilər. Həmçinin yoxlama aktı ilə müəyyən olunur ki, vergi orqanı əməkdaşları istehsal obyektinə baxış keçirmədən, orada olan malların inventarizasiyasını aparmadan, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 11.07.2019-cu il tarixli protokolla götürülmüş aidiyyəti müəyyən olmayan sənədlərə əsasən hesablamanı həyata keçirmişdir. Qeyd olunan üsul kameral vergi yoxlaması üçün xarakterikdir ki, yerlərə getmədən vergilərin hesablanması üçün zəruri olan sənədlər və mənbəyi bəlli olan məlumatlar əsasında verginin hesablanmasını mümkün edir. Lakin qanunverici səyyar vergi yoxlaması ilə vergi orqanına yuxarıda sadalanan daha geniş hüquqlar verir ki, mübahisəli məqamlarda vergilərin dəqiq hesablanmasını həyata keçirə bilsin. Həmçinin qeyd olunur ki, vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir. Belə ki, qeyd olunan sənədlərin kimə məxsus olması, hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsi qeyrimüəyyəndir ki, bu da həmin sənədlərin vergilərin hesablanması zamanı mənbəyi bəlli olan məlumat qismində istifadə edilməsini mümkünsüz edir. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. -67.2-ci maddəsinə əsasən Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. -67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Qeyd olunan normaların məzmunundan aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Bundan başqa, vergi orqanı vergilərin hesablanması zamanı əlaqəli məlumat qismində yalnız rəsmi sənədlərdən, başqa sözlə desək Vergi Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, qanunvericiliyin tələblərini pozaraq mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə etmişdir ki, bu da nəticədə iddiaçıya əsassız və qanunsuz əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun:- -2.1.6-cı maddəsinə əsasən mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyətəsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. -2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. -2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri – maliyyətəsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Azərbaycan Respublikası Prezidentinin 16.06.2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və istehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qaydaların 9-cu bəndinə əsasən bu Qaydada nəzərdə tutulan “Elektron qaimə-faktura”, “İstehsal ehtiyatlarının elektron alış aktı”, “Malların alınması üçün vəkalətnamə” və “Yük avtonəqliyyatı üçün yol vərəqi” istisna olmaqla, “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Alış sifarişi”, “Hazır məhsulların təhvilqəbul aktı”, “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası”, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvil-qəbul aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 27.08.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.4-cü bəndinə əsasən ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəəpul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən ciddi hesabat blanklarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etmək yol verilmir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 30.01.2017-ci il tarixli Q-01 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın 7.1-ci bəndinə əsasən mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən ilkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. Həmin Qaydaların 7.3-cü bəndinə əsasən ilkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. Yuxarıda qeyd olunan normaların qarşılıqlı təhlilindən belə nəticə əldə olunur ki, müəssisə və təşkilatlar, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslər mühasibat uçotunu, o cümlədən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunu Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirməli və aparılan maliyyə-təsərrüfat əməliyyatlarını baş verdiyi anda (bu mümkün olmadıqda başa çatdıqdan sonra) qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş, zəruri rekvizitləri özündə ehtiva edən və ciddi hesabat blankı sayılan ilin uçot sənədləri əsasında rəsmiləşdirməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı “qara mühasibatlıq” sənədlərini əsas götürərək iddiaçıya əlavə vergi məbləği hesablayarkən qanunvericiliyin tələblərini pozmuşdur. Halbuki cavabdeh inzibati orqan kimi yoxlama zamnı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqiliyi istiqamətində əlavə araşdırma aparmalı, başqa sözlə iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədənkənar sübutlar təqdim etməli idi. Lakin cavabdeh orqan bunu etməyərək, sadə riyazi hesablamaları özündə əks etdirən “kağızlara” istinad etməklə, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması nəticəsində cavabdeh vergi orqanı iddiaçıya səyyar vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üzrə əlavə hesablanmış vergilər üzrə 772080.85 manat, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 387101.44 manat hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəllənin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində həmin maddədə qeyd olunan qərarlardan birini çıxarır. -49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən 09.01.2020-ci il tarixli, **********195983 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Odur ki, məhkəmə hesab edir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 09.01.2020-ci il tarixli, **********195983 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilməli və həmin qərar əsasında iddiaçıya hesablanmış vergi borcu silinməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.01.2020-ci il tarixli, **********195983 nömrəli qərarı ləğv edilsin və həmin qərar əsasında İddiaçı hesablanmış vergi borcu silinsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar