Məhkəmə qərarları › İş №2-1(114)-550/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-550/2024

03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-550/2024 03.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı adın, soyadın və ata adının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun atalıq haqqında akt qeydinin ləğv edilərək əvvəlki adına və soyadına qayıtmağı, yəni soyadının “Sadıqov”, adının “Firdovsi” və ata adının “Fizuli”, ata qrafasında isə X5 qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1995-ci ildə Şəmkir rayonunda anadan olmuş, doğulduğu vaxt soyadı Sadıqov, adı Firdovsi, ata adı Fizuli olmuşdur. X4, atası X11 olmuşdur. X4 ilə atası X11 1996-cı ildə ayrılmış, ayrıldıqdan sonra o, anasının himayəsində qalmışdır. 2004-cü ildə anası X1 Ebrahim Esmaeil oğlu ilə ailə qurmuşdur. 2009-cu ildə anası onun soyadını və ata adını dəyişdirərək İddiaçı kimi qeyd etdirmişdir. Həmçinin ata qrafasında da X2 qeydiyyat aparılmışdır. Bir neçə ildir ki, ona məlum olmuşdur ki, Ebrahim onun doğma atası deyil. Bundan sonra araşdırma apardıqda məlumat əldə etmişdir ki, onun doğma atası X11 olmuşdur. Əvvəllər soyadı Sadıqov və ata adı Fizuli olmuşdur. 2009-cu ildə soyadı və ata adı dəyişdirilmişdir. Hazırda onun soyadının və ata adının öz iradəsi əsasında dəyişmədiyi üçün əvvəlki soyadına və ata adına qayıtmaq istəyir. Bunun üçün cavabdeh idarəyə müraciət etsə də, onun müracəitindən imtina olunmuşdur. İş üzrə şifahi məhkəmə baxışı iclası 03 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, lakin iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı və cavabdehin nümayəndəsinin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-1876 nömrəli məktubdan görünür ki, iddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, 52№-li qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəaların 23-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və tərtib edilmiş qeydlərin ləğv edilməsi isə məhkəmənin qətnaməsi əsasına və ya qeydiyyat şöbələri və konsulluq idarələritərəfindən icra edildiyindən müraciətin icrasından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 224695 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1995-ci il tarixdə Şəmkir şəhərində doğulmuş, atası iranlı X7, anası isə azərbaycanlı X10r. İş materiallarına əlavə edilmiş xx.xx.2002-cu il tarixli, 352 nömrəli atalığı müəyyən etmək haqqında akt qeydindən görünür ki, akt qeydinin ata adı qrafasında əvvəl X9 adı qeyd edilmiş, sonra isə onun adının üzərindən xətt çəkilərək X3 adı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli, 51 nömrəli atalığı müəyyən etmək haqqında akt qeydindən görünür ki, akt qeydinin ata adı qrafasında X3 adı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(076)-82/2009 nömrəli qətnaməsindən görünür ki, 22 mart 1965-ci ildə İran Respublikasının Təbriz şəhərində anadan olmuş X3 xx xxxxxxxx 1995-ci ildə Şəmkir rayonunda anadan olmuş Firdovsinin atası olması müəyyən edilmiş, həmin qətnamə xx.xx.2009-cu il tarixdə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, X3 xx xxxxxxxx 1995-ci ildə Şəmkir rayonunda anadan olmuş İddiaçı atası olması Şəmkir Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(076)- 82/2009 nömrəli qətnaməsi ilə qət edildiyindən və hazırda həmin qətnamə qüvvədə olduğundan iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia etməsi üçün ən azından həmin hərəkətin (hərəkətsizliyin) onun hüquqlarını pozma ehtimalı mövcud olmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında qeyd olunur ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (qərarın 4.1 və 4.2-ci bəndləri). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı adın, soyadın və ata adının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə qarşı adın, soyadın və ata adının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar