Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-550/2025 10.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “qərarının ləğvi ” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1958-ci il tarixdə ünvan 1i ünvanında qeydiyyatdadır. İddiaçıya xx.xx.2008-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixində Əmək pensiyasının yenidən hesablanması haqqında qərar qəbul edilmişdir. İddiaçının cavabdeh orqana müraciətinə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli məktubla daxil olmuş müraciətə aidiyyəti üzrə baxaraq iddiaçıya bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin 01,07.2008-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Xidməti araşdırma zamanı müəyyən olmuşdur ki, iddiaçıya pensiya təyin olunarkən əmək pensiyasının təyinatı üçün qanunvericiliklə tələb olunan sığorta stajını aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün xx.xx.2023-cü il tarixində saat 14:00-da Bakı şəhəri, H.Zərdabi prospekti, 80 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 (Qəbul şöbəsinə) gəlməsi və ya yazılı qaydada öz mülahizəsini təqdim etməsi xahiş olunmuşdur. Yuxarıda qeyd olunan tarixdə Dövlət Sosial Müdafiə Fondunda (bundan sonra-Forıd) qəbulda olmuş və ona əmək pensiyası üzrə əsassız ödənilmiş vəsaitin təyin olunacaq sosial müavinətindən tutulmaqla Fondun büdcəsinə qaytarılmasına razılıq vermişdir (müvafiq inzibati aktı imzanızla ilə təsdiq etmişdir). Mərkəzi Filialın müvafiq qərarı əsasında iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi 31,12.2023-cü il tarixindən dayandırılmışdır. Bu səbəbdən 01,12.2020-ci il tarixindən 31,12.2023-cü il tarixinədək iddiaçıya əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə 01,12.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 130 manat, 01.01,2022-ci il tarixindən 31,12.2022-ci il tarixinədək 180 manat, 01.01,2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Bildirilir ki, iddiaçıya əmək pensiyası üzrə 01,12.2020-ci il tarixindən 31,12.2023-cü il tarixinədək əsassız ödənilmiş məbləğ ötən dövr üzrə (01,12.2020-ci il tarixindən) təyin edilmiş sosial müavinətin məbləğinin bir hissəsi ilə əvəzləşdiriləcəkdir. İmtina ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun pensiyasının dayandırılmasını qanunsuz hesab edilməsi və 1974-cü ildən 1992-ci il may ayına kimi S.Rəhimli Kolxozda işlədiyi dövrün və əlil uşağına qulluq etdiyinə görə əlavə 16 illik stajını nəzərə alaraq pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1974-cü ildən 1992-ci il may ayına kimi S.Rəhimli Kolxozda sağıcı işləmişdir. Bundan başqa əlil uşağına qulluq etdiyinə görə əlavə 16 il stajı vardır. xx.xx.2008-ci ildən ona əmək pensiyası təyin edilmişdir. Həmin vaxt ümumi stajı nəzərə alınaraq ondan hazırda qüvvədə olan qanunvericiliyin tələbinə müvafiq olaraq sosial sığorta stajı tələb olunmamışdır. Lakin Mərkəzi filalın müvafiq qərarı əsasında ona təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. Həmçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ona əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. 14 sentyabr 2024-cü il tarixli məktubda Sosial Müavinətlər Haqqında AR Qanununun 7.0.2-ci maddəsinə istinad olunaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək 130 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 180 manat, xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinətin təyin edildiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə təyin edilmiş sosial müavinət məbləğinin bir hissəsi ilə əvəzləşdiriləcəyi bildirilmişdir. Cavabdeh orqanın iddiaya dair xx.xx.2025-ci il tarixli etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Xidməti araşdırma nəticəsində müəyyən edilmişdir ki, Fondun keçmiş Tərtər rayon şöbəsinin xx.xx.2009-cu il tarixli qərarı ilə İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) həmin dövrdə qüvvədə olan 8-ci maddəsinə əsasən çoxuşaqlı ana kimi xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 8.2ci maddəsinin 2010-cu il yanvarın 1-dək qüvvədə olan redaksiyasına əsasən, sağlamlıq imkanları məhdud övladını səkkiz yaşınadək tərbiyə etmiş anaların, 50 yaşına çatdıqda və azı 5 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ vardır. Araşdırma zamanı aşkar edilmişdir ki, iddiaçı sığorta olunan olmadığı halda onun övladı X2 qulluq etdiyi dövr (pensiya işinin tərkibində konkret hansı dövrlər olması barədə qeyd aşkar edilməmişdir) sığorta stajına daxil edilmişdir. Eyni zamanda məhkəməyə təqdim olunan pensiya işindən də aydın olduğu kimi, iddiaçının hər hansı iş stajı mövcud olmamışdır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranmışdır. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün iddiaçıdan xx.xx.2023- cü il tarixində saat 14:00-da Bakı şəhəri, H.Zərdabi prospekti, 80 ünvanında yerləşən Dövlət Sosial Müdafiə X4 (Qəbul şöbəsinə) gəlməyi və yazılı qaydada öz mülahizələrinizi təqdim etməyi xahiş olunmuşdur. Qeyd olunan tarixdə iddiaçı qəbulda olmuş və ona əmək pensiyası üzrə əsassız ödənilmiş vəsaitin təyin olunacaq sosial müavinətdən tutulmaqla Fondun büdcəsinə qaytarılmasına razılıq vermişdir. Beləliklə, xx.xx.2023-cü il tarixdə Fondun inzibati binasında keçirilmiş qəbulda iddiaçı artıq ödənilmiş əmək pensiyasının məbləğinin hissə-hissə tutulmasına yazılı razılıq vermişdir. X5 xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı pensiya hüququ olmadığı müəyyən olunmuş və “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsi maddəsi tətbiq olunmaqla xx.xx.2020-ci il tarixindən xx.xx.2023- cü il tarixinədək ona əmək pensiyası üzrə ödənilən 10700,52 manat məbləğində vəsaitin əsassız ödənildiyi müəyyən edilmişdir. Mövcud məhkəmə işi üzrə məhkəmənin hazırlıq və baxış iclaslarında iştirak edən iddiaçı sığortaolunan olduğunu iddia edərək, 1974-cü ildən 1992-ci ilədək S.Rəhimli adına kolxozda işlədiyini və bununla bağlı arxiv arayışı təqdim edəcəyini bildirmişdir. Lakin bugünədək iddiaçı tərəfindən hər hansı arayış təqdim olunmamışdır. İddiaçının nümayəndəsi X3 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbininin dəqiləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdeh orqanın yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə 1 dekabr 2023-cü il tarixli və 29 dekabr 2023cü il tarixli qərarlarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya qarşı etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçının cavabdehə ünvanladığı ərizələri, cavabdehin imtinası, cavabdehin məktubu ilə məhkəməyə təqdim edilmiş pensiya işin və müavinət işinin materialları təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İş materiallarında mübahisələndirilən qərarın iddiaçıya təqdim olunmasına dair hər hansı sübut mövcud olmadığından, qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülməmiş hesab edilir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İnsan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Bu mənada, əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. “Əmək pensiyaları haqqında” Qanun özündə pensiya təminatı sistemində əmək pensiyası hüquqları ilə bağlı olan mümkün və lazımi davranışın (hüquq və vəzifələr) növü və ölçüsünü (qaydalarını) və həmin hüquq normalarının mümkün pozuntularının mənfi nəticələrinin (hüquqi məsuliyyətin) aqibətini əks etdirir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X5 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-715/2023 saylı, xx.xx.2023-cü il tarixli, X6 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-331/2024 saylı, xx.xx.2024-cü il tarixli, X1 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-2734/2023 saylı, xx.xx.2023-cü il tarixli, X7 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)- 885/2023 saylı, xx.xx.2023-cü il tarixli, X8 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-389/2023 saylı, xx.xx.2023-cü il tarixli, X2 Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2- 1(102)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarlar və X9 Sosial Müdafiə Fondu X10 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-2090/2024 saylı, xx.xx.2024- cü il tarixli qərardadı) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunubqorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Nəzərə almaq lazımdır ki, eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilibödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması əsaslarını müəyyən edir. Belə ki, artıq ödənilən əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə xx.xx.2023-ci il tarixli, 2-1(102)-1573/2023 nömrəli qərarı və Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə xx.xx.2024ci il tarixli, 2-1(102)-2566/2024 nömrəli qərardadında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş yaşa və staja görə tələbləri nəzərdə tutarkən “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini nəzərdə tutmuşdur ki, həmin tələblərə əsasən xx.xx.1997-ci il tarixədək 1 nömrəli siyahı üzrə 10 il güzəştli, 20 il ümumi iş stajı toplamış şəxslərin 50 yaşının hansı vaxtdan tamam olmasından asılı olmayaraq adıçəkilən Qanunun 13-cü maddəsinin a bəndinə əsasən güzəştli pensiya təyinatı hüququna malikdir. Hazırki mübahisə üzrə də cavabdeh inzibati orqan tərəfindən qərar qəbul edilən zaman iddiaçı inzibati icraata cəlb olunmamışdır. Başqa sözlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq cavabdeh inzibati orqan öz təşəbbüsü ilə araşdırma apararaq “əmək pensiyası ödənildiyi dövrdə eyni zamanda Fond tərəfindən müavinət ödənilməsini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, onun razılığını almadan, ayrıca inzibati akt qəbul etməmiş, bu barədə faktiki hərəkətlər – iddiaçıya təyin edilmiş əmək pensiyasından hər ay birbaşa tutulmalar haqda iddiaçını məlumatlandırmamış, yalnız iddiaçının (pensiyasının düzgün hesablanmaması barədə) müraciətlərindən sonra məlumat verməklə kifayətlənmiş, bununla da pensiya təyinatı üzrə artıq ödənişin dövlət büdcəsinə tutulması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, cavabdeh orqanının nümayəndəsi məhkəmə iclasında izahatında iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ərizəyə istinad edərək iddiaçının inzibati icraata cəlb olunduğunu qeyd etsə də, məhkəmə buna münasibətdə qeyd edir ki, həmin ərizənin iddiaçı özü tərəfindən yazılması cavabdeh orqan tərəfindən inzibati icraat haqqında qanununun tələblərinə əməl olunması hesab edilmir. Məhkəmə onu da qeyd edir ki, Ali Məhkəmənin yuxarıda qeyd edilmiş mövqeyində də ifadə olunduğu kimi cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarlar cavabdeh orqan tərəfindən əsaslandırılmamış, mübahisələndirilən qərar iddiaçıya təqdim olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın “faktiki xarakterli hərəkətləri qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Buna görə də, iddiaçının iddiası təmin edilməli, cavabdehin yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə 1 dekabr 2023-cü il tarixli və 29 dekabr 2023cü il tarixli qərarları ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinat üzrə mərkəzi filialının yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə 1 dekabr 2023-cü il tarixli və 29 dekabr 2023-cü il tarixli qərarları ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-550/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-550/2025
10.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver