Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-551/2021 02.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «işlədiyi metodist ştatı üzrə bir (tam) ştat vahidi üzrə azaldılmış 0.25 ştat vahidinin dayandırıldığı vaxtdan bərpa edilməsi və bərpa edilən vaxtdan əmək haqqının hesablanaraq ödənilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonar mətndə iddiaçı) Cavabdehnə (bundan sonar mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi metodist ştatı üzrə bir (tam) ştat vahidi üzrə azaldılmış 0.25 ştat vahidinin dayandırıldığı vaxtdan bərpa edilməsi və bərpa edilən vaxtdan əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.2011-ci il tarixdən Cavabdehndə bir ştat vahidi (tam) ilə metodist vəzifəsinə qəbul olunmuş və hal-hazırda həmin vəzifədə işləyir. Cavabdeh heç bir əsas olmadan 2012-ci ilin sentyabr ayında onun və digər metodistlərin ştat vahidlərini 0.25 ştat azaldaraq 0.75 ştat etdiyi üçün 2013-cü ildə Kəlbəcər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər, məhkəmənin xx.xx.2013-cü il tarixli 2(040)-310/2013 nömrəli qətnaməsinə əsasən onun və digərlərinin tam bir ştat vahidi metodist vəzifələri bərpa edilmiş və 2020-ci ilin sentyabr ayına kimi o tam ştat üzrə metodist işləmişdir. 2020-ci ilin sentyabr ayında cavabdeh tərəfindən onun ştat vahidi yenidən 0.25 vahid azaldılaraq 0.75 ştat vahidi hesablanmış, səbəb kimi Kəlbəcər Rayon Məhkəməsinin qətnaməsinin qanunsuz olduğunu göstərmişdir. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(040)-310/2013 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və hazırda həmin qətnamə qüvvədədir. Həmin qətnaməyə əsasən onun 0.25 ştat vahidi bərpa olunmuş və bərpa olunan günədək ödənilməmiş qalan əmək haqqı hesablanaraq ona ödənilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən 2020-ci ilin sentyabr ayında yenidən 0.25 ştat vahidi azaldılmışdır. O, 0.25 ştat vahidi metodist vəzifəsinin tam ştat vahidi olaraq bərpa edilməsini və dayandırıldığı vaxtdan ona düşən əmək haqqının hesablanmasını tələb etsədə cavabdeh bundan imtina etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehdən xx.xx.2021-ci il tarixli sərəncamla iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunsa da, cavabdeh iddiaya qarşı münasibət (etiraz) bildirməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(040)-310/2013 nömrəli qətnaməsi, Cavabdeh müdirinin xx.xx.2016-cı il tarixli 142 nömrəli əmri və xx.xx.2021-ci il tarixli 70 nömrəli imtina məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. İddiaçı cavabdeh tərəfindən onun ştat vahidinin 0.25 ştat vahidi azaldılaraq 0.75 ştat vahidi təyin edilməsini mübahisələndirərək cavabdeh tərəfindən işlədiyi metodist ştatı üzrə bir (tam) ştat vahidi üzrə azaldılmış 0.25 ştat vahidinin dayandırıldığı vaxtdan bərpa edilməsini və bərpa edilən vaxtdan əmək haqqının hesablanaraq ödənilməsini tələb edir. İş materiallarına əlavə edilmiş Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(040)- 310/2013 nömrəli qətnaməsindən görünür ki, iddiaçıların pozulmuş hüquqları bərpa edilməklə X4, X3, X2 və İddiaçı hər birinin metodist işlədikləri Cavabdehndə vəzifələri üzrə ştat vahidləri bir ştat vahidi kimi bərpa edilmiş və onlara 2012-ci ilin sentyabr ayından bir ştat vahidi bərpa edilən günədək ödənilməmiş qalan əmək haqlarının hesablanıb Cavabdeh hesabına ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh müdirinin xx.xx.2016-cı il tarixli 142 nömrəli əmrindən görünür ki, RTŞ-nin işçisi X1 xx.xx.2016-cı il tarixli razılıq ərizəsi nəzərə alınaraq onun ştat vahidindən 0.25 ştat vahidi kəsilərək xx.xx.2016-cı il tarixdən metodist İddiaçı ştat vahidinə əlavə edilmiş və İddiaçı ştat vahidi 1 tam ştat təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2021-ci il tarixli 70 nömrəli imtina məktubundan görünür ki, 2013-cü ildə Kəlbəcər Rayon Məhkəməsinin qətnaməsini icra edərkən Cavabdeh xx.xx.2016-cı il tarixli 142 nömrəli əmrdə 8 saylı ƏMHM təsərrüfat istismar qrupunun işçisi X1 ştatından 0.25 ştat kəsərək iddiaçının 0.75 metodist ştatına qanunsuz olaraq əlavə edilmişdir. Göründüyü kimi Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(040)- 310/2013 nömrəli qətnaməsi ilə iddiaçının pozulmuş hüquqlarının bərpa edilməklə onun metodist işlədiyi Cavabdehndə vəzifəsi üzrə ştat vahidi bir ştat vahidi kimi bərpa edilmiş və ona 2012-ci ilin sentyabr ayından bir ştat vahidi bərpa edilən günədək ödənilməmiş qalan əmək haqqının hesablanıb Cavabdeh hesabına ödənilməsini qət edilmiş, sözügedən qətnamə qanuni qüvvəyə minmiş və hazırki iş üzrə preyudisiyal əhəmiyyət daşıyır. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPM-nin 14.2-ci maddəsi). Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər (İPM-nin 1.2ci maddəsi). Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (MPM-nin 82.3-cü maddəsi). Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir (Əmək Məcəlləsinin 290-cı maddəsinin 1-ci və 2-ci bəndləri). Əmək müqaviləsinin tərəflərinin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanunazidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və bu ziyanın dövlət tərəfindən ödənilməsi hüququ vardır (Əmək Məcəlləsinin 291-ci maddəsinin 1-ci bəndi). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı işlədiyi metodist ştatı üzrə azaldılmış 0.25 ştat vahidinin dayandırıldığı vaxtdan bərpa edilməsi və bərpa edilən vaxtdan əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-551/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-551/2021
02.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver