Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-552/2021 09.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı və digər iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi İddiaçı3, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, iddiaçılar “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və qeyrilərinin Cavabdehnə qarşı müraciətin cavablandırılması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra mətndə “xxxx” MMC) xx.xx.2020-ci il tarixli, CS-158 nömrəli Cavabdeh başçısına ünvanlanan məktubunda qeyd olunur ki, Cavabdeh başçısının 315 saylı, xx xxxxxxxx 2005-ci il tarixli sərəncamı ilə Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində 0.33 ha torpaq sahəsi otel tikintisi üçün “xxxx” MMC-yə ayrılıb. Əvvəllər həmin ünvanda şirkətin təsisçisinin mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələri olub. xx.xx.2005-ci il tarixdə JN-8444 saylı şəhadətnamə ilə “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən 0.33 ha torpaq sahəsi “xxxx” MMC-nin istifadəsinə verilib. Daha sonra layihə sənədləri hazırlanıb və eskiz layihəsi 269 saylı, xx xxx 2009-cu il tarixli məktubla Gəncə şəhər Memarlıq və Şəhərsalma idarəsi tərəfindən razılaşdırılıb, ərazi hasara alınıb və tikinti işləri başlanılaraq otelin özül çalası qazılıb. Həmin ərəfədə Cavabdeh və Hacıkənd bələdiyyəsi ilə razılaşdırılaraq, onlara ayrılmış ərazinin qarşısındakı müharibə iştirakçılarının xatirəsinə ucaldılan abidə yenidən inşa edilərək ətrafı abadlaşdırılıb. Sonradan Cavabdeh əvvəlki başçısı Elmar Vəliyev qanunsuz olaraq istifadələrində olan torpağın zəbt edilməsi barədə tapşırıq verib. Belə ki, qanunsuz olaraq şirkətin təsisçisinə məxsus olan və Azərbaycan küçəsi 35 ünvanında yerləşən 3 otaqlı ev uçurulub və altındakı 8,6 sot torpaq sahəsi zəbt edilib. Eyni zamanda tikinti obyektinin hasarı sökülərək özül çalası doldurulub və bütün sahə yeni salınmış parkın ərazisinə qatılıb. Həmçinin, onların torpaq sahəsinin qarşısındakı 1941-1945-ci il müharibə iştirakçılarının xatirəsinə ucaldılan abidə dağıdılıb, yerində Nizami Gəncəvinin və onun əsərlərinin personajlarını əks etdirən büstlər qoyulub. Bununla da faktiki olaraq “xxxx” MMC- nin mülkiyyət hüququ, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin tələbləri kobud şəkildə pozulub. Konstitusiyaya görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar xx.xx.2014-cü il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində Cavabdehnə çoxsaylı müraciətləri olsa da, heç birinə cavab verilməyib. Bununla da “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsinin tələblərinə əməl edilməyib. Belə ki, müraciətlər ən geci 5 iş günü, əlavə öyrənilmə və yoxlama tələb edildikdə isə ən geci 30 iş günü müddətində baxılıb cavablandırılmalıdır. Bu məsələnin araşdırılıb müraciətlərinə hansı səbəbdən cavab verilmədiyi barədə onlara rəsmi məlumat verilməsi xahiş olunmuşdur. Cavabdeh qeyriqanuni hərəkətləri nəticəsində ümumilikdə onlara 400.000 (dörd yüz min) manata yaxın zərər vurulub. Araşdırmalar zamanı məlum olmuşdur ki, yeni salınan park hazırda Cavabdeh və ya Hacıkənd Bələdiyyəsinin balansında deyil. Çünki həmin park onlara ayrılan torpağın zəbt edilməsi nəticəsində salınıb və qanuni rəsmiləşdirilməsi mümkünsüzdür. Müzəffər Azərbaycan Ordusu 27 sentyabrdan başlayaraq cəmi 44 gün ərzində Qarabağ torpaqlarını işğaldan azad etmişdir. Artıq ölkə paytaxtında və digər bölgələrdə şəhidlərin xatirəsini əbədiləşdirən komplekslərin yaradılmasına başlanıb. X3 Əliyevin sərəncamı ilə torpaqların müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatı üçün “YAŞAT” Fondu təsis edilib. Həmçinin “8 Noyabr” bayram günü elan edilib. Bundan əlavə ölkə rəhbərinin təşəbbüsü ilə paytaxtda yeni açılan metro stansiyasına “Zəfər günü” münasibətilə “8 Noyabr” adı verilib. Ən əsası isə xx xxxxxx 2020-ci ildə Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti və Türkiyə Cümhuriyyətinin başçısının iştirakı ilə möhtəşəm zəfər paradı baş tutub. Həmin paradda çıxış edən hər iki ölkə rəhbəri nitqlərinin böyük hissəsini Vətən torpaqlarının azad edilməsində canlarından keçən şəhidlərə həsr ediblər. Onlar dəfələrlə vurğulayıblar ki, torpaqlar şəhidlərin qanı hesabına azad edilib və onlara borcluyuq. Heç kimə sirr deyil ki, bundan sonra Vətən müharibəsi iştirakçılarının və onların ailələrinin təminatı dövlətin diqqətində olacaq. Şəhidlərin əziz xatirəsinin unudulmaması üçün həm hökümət, həm də vətəndaş cəmiyyəti əlindən gələni əsirgəməyəcək. Hacıkənd qəsəbəsi və ətrafda olan kəndlərin 900-dən çox sakini 1941- 1945-ci illərdə müharibədə iştirak edib, 700 şəhid verib. Eyni zamanda Birinci Qarabağ müharibəsi zamanı qəsəbə ətrafındakı Çaykənd və digər yaşayış yerlərinin erməni işğalçılarından azad edilməsində iştirak edən əsgərlərin və İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuş mərd oğulların xatirəsini əbədiləşdirmək üçün qanunsuz olaraq dağıdılmış kompleksin yerində hər üç müharibənin iştirakçılarının xatirəsini əbədiləşdirən yeni abidənin yaradılması məqsədə uyğundur. Bu, müxtəlif nəsillərin Vətən yolunda mübarizəsini özündə əks etdirəcək və gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsinə böyük töhfə verəcək bir abidə kompleksi olacaqdır. Pozulan konstitusion hüquqlarının bərpa edilərək, onlara məxsus mülklər və torpaq sahəsinin özlərinə qaytarılması və ədalətin bərpa edilməsi üçün vaxtında müharibə iştirakçılarının əziz xatirəsinə ucaldılmış abidənin yeni məzmunda, yuxarıda qeyd etdiyikləri kimi, hər üç müharibə iştirakçılarının xatirəsini əbədiləşdirən kompleksin yaradılması məqsədilə uyğun göstərişlərin verilməsi xahiş edilmiş, şirkətin həmin abidənin tikinti xərclərini öz üzərinə götürməyə hazırdır. Cavabdeh başçısının aparatının xx.xx.2021-ci il tarixli 03/371 nömrəli məktubundan görünür ki, “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli GS-158 nömrəli məktubu Cavabdehnə xx.xx.2020-ci il tarixdə daxil olmuş, “xxxx” MMC-nin məktubuna xx.xx.2021-ci il tarixdə əsaslandırılmış cavab verilmişdir. İddiaçılar “xxxx” MMC, İddiaçı3, İddiaçı2, İddiaçı5 və İddiaçı4 Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək “xxxx” MMC tərəfindən Cavabdehnə ünvanlanan xx.xx.2020-ci il tarixli məktuba cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh başçısının 315 saylı, xx xxxxxxxx 2005-ci il tarixli sərəncamı ilə Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində 0.33 ha torpaq sahəsi otel tikintisi üçün “xxxx” MMC-yə ayrılıb. Əvvəllər həmin ünvanda İddiaçı2 mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələri olmuşdur. xx.xx.2005-ci il tarixdə JN-8444 saylı şəhadətnamə ilə “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən 0.33 ha torpaq sahəsi “xxxx” MMC-nin istifadəsinə verilib. Daha sonra layihə sənədləri hazırlanıb və eskiz layihəsi 269 saylı, xx xxx 2009-cu il tarixli məktubla Gəncə şəhər Memarlıq və Şəhərsalma idarəsi tərəfindən razılaşdırılıb, ərazi hasara alınıb və tikinti işləri başlanılaraq otelin özül çalası qazılıb. Sonradan Cavabdeh sabiq başçısı Elmar Vəliyev qanunsuz olaraq istifadələrində olan torpağın zəbt edilməsi barədə tapşırıq verib. Belə ki, qanunsuz olaraq İddiaçı2 məxsus olan və Azərbaycan küçəsi 35 ünvanında yerləşən 3 otaqlı ev uçurulub və altındakı torpaq zəbt edilib. Eyni zamanda tikinti obyektinin hasarı sökülərək özül çalası doldurulub və bütün sahə yeni salınmış parkın ərazisinə qatılıb. Bununla da faktiki olaraq mülkiyyət hüquqları pozulub. Mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar xx.xx.2014-cü il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və nəhayət xx.xx.2020-ci il tarixində Gəncə səhər İcra Hakimiyyətinə çoxsaylı müraciətləri olsa da, heç birinə cavab verilməmişdir. xx.xx.2020-ci il tarixli kollektiv müraciətləri rəsmi olaraq xx.xx.2020-ci ildə cavabdehə çatmışdır. Lakin müraciətlərindən 30 gündən çox vaxt keçməsinə baxmayaraq heç bir cavab verilməmişdir. Bir inzibati orqana 7 dəfə rəsmi müraciət edilir və heç birinə cavab verilmir. Halbuki “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinin tələblərinə əməl edilməyib. Belə ki, müraciətlər ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlama tələb edildikdə isə ən geci 30 iş günü müddətində baxılıb cavablandırılımalı idi. İddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiklərini, iddiaçının müraciətinə xx.xx.2021-ci il tarixdə rəsmi cavab verildiyini bildirib iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir "Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat"ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə» Təlimatın: - 1-ci bəndinə əsasən icra hakimiyyəti başçısının aparatında vətəndaşların, o cümlədən müraciət edən digər fiziki və hüquqi şəxslərin (bundan sonra – vətəndaşların) təklif, ərizə və şikayətləri, onların qəbul edilməsi ilə əlaqədar kargüzarlıq işləri “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-İVQ nömrəli Qanununa və Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması qaydaları"na müvafiq olaraq aparılır. - 92-ci bəndinə əsasən icra hakimiyyəti başçısının aparatında daxil olmuş vətəndaşların təklif, ərizə və şikayətləri ilə iş “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-İVQ nömrəli Qanununa və Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması qaydaları"na müvafiq olaraq aparılır. - 94-cü bəndinə əsasən vətəndaşların müraciətlərinə həmin Qanunda göstərilmiş müddətlərdə baxılır. Əgər vətəndaşların yazılı müraciətlərində qaldırılan məsələlər dərindən öyrənilməyibsə, onlara dair lazımi tədbirlər görülməyibsə və qanuni cavablar verilməyibsə, icra hakimiyyətinin başçısı baxılma müddətini bir az uzada bilər və bu barədə müəllifə mütləq məlumat verilir. Əlavə öyrənilmə və yoxlanma tələb olunmayan təklif, ərizə və şikayətlərə maksimum qısa müddətdə baxılır. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun: - 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. - 2-ci maddəsinə əsasən vətəndaşların müraciətləri haqqında qanunvericilik Vətəndaşların müraciətləri haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. - 7.1-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. - 7.2-ci maddəsinə əsasən vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir. - 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. - 7.9-cu maddəsinə əsasən müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərdikdə həmin sorğuya yeddi iş günündən gec olmayaraq cavab verilməlidir - 10.1-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. - 10.2-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir. - 16-cı maddəsinə əsasən Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Cavabdeh başçısı aparatının xx.xx.2021-ci tarixli 03/179 nömrəli məktubunda “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli müraciətinə cavab olaraq qeyd olunur ki, Cavabdeh başçısının “Hacıkənd qəsəbəsində beşulduzlu mehmanxananın tikintisi üçün torpaq sahəsinin təhkim edilməsi haqqında” xx xxxxxxxx 2005-ci il tarixli 315 №-li Sərəncamı ilə “xxxx” MMC-nin müraciəti nəzərə alınaraq Hacıkənd qəsəbəsindəki hamamın yerində ona bitişik ərazidə 0,33 ha torpaq sahəsinin beşulduzlu mehmanxananın tikintisi üçün “xxxx” MMC-yə təhkim edilməsi, həmin torpaq sahəsində Hacıkənd bələdiyyəsi ilə icarə müqaviləsi bağlanıldıqdan sonra tikinti işlərinə başlanılması qərara alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair “xxxx” MMC ilə Hacıkənd bələdiyyəsi arasında icarə müqaviləsi bağlanılmış, müqavilənin şərtinə görə 660 manat illik olaraq icarə haqqı bələdiyyənin bank hesabına ödənilməli idi. Lakin “xxxx” MMC tərəfindən 2006cı ildən 2010-cu ilə qədər illik 330 manat olmaqla cəmi 1650 manat bələdiyyənin bank hesabına ödənilmişdir. Beləliklə, “xxxx” MMC tərəfindən müqavilənin şərtlərinə əməl olunmamış və həmin ərazidə hər hansı bir tikinti işi aparılmamışdır. Cavabdeh tərəfindən “xxxx” MMC-yə mülkiyyət hüququ ilə məxsus olan hər hansı bir torpaq sahəsi zəbt edilməmiş, mülkiyyətinizdə olan heç bir tikinti sökülməmişdir. Əlavə olaraq bildirilmişdir ki, Gəncə şəhərində Vətən müharibəsində şəhid olmuş şəxslərin xatirəsini əbədiləşdirmək məqsədi ilə xatirə komplekslərinin yaradılması nəzərdə tutulmuş və həmin işlər Cavabdeh tərəfindən həyata keçiriləcəkdir. İş materialları əsasında müəyyən edilir ki, iddiaçının Cavabdehnə xx.xx.2020-ci il tarixdə daxil olmuş və qeydiyyatdan keçmiş ərizəsi üzrə Cavabdeh xx.xx.2021-ci il tarixli 03/179 saylı məktubu iddiaçı tərəfə məhkəmə iclasında təqdim edilmiş və tam mətndə çatdırılmışdır. Bu isə o deməkdir ki, iddia tələbi təmin olunmasa belə, iddiaçının xx.xx.2020-ci il tarixdə Cavabdehnə yazılı müraciətinə cavbabdehin cavabının tam mətni iddiaçı tərəfə çatmışdır. Bu da iddiaçının həmin cavabın ona çatmaması barədə dəlillərinin əlavə araşdırılması zərurətini aradan qaldırır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına, həmçinin bələdiyyələrə şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr, həmçinin bələdiyyələr, onların rəhbərləri, digər vəzifəli şəxslər vətəndaşların müraciətlərinə müəyyən edilmiş qaydada və müddətlərdə baxmalı və cavab verməyə borcludurlar və yalnız bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Həmçinin qanunvericiliklə müraciətin cavablandırılması müddətlə məhdudlaşdırılmış və qanunun normalarına riayət edilmədiyi təqdirdə şəxslərin mülki, inzibati və cinayət məsuliyyəti müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixdə daxil olan müraciəti xx.xx.2021-ci il tarixdə, yəni təxminən 51 gündən sonra cavablandırması «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmamış, sonuncu daxil olmuş müraciətin əlavə araşdırılması ilə bağlı məlumatı istər iddiaçıya, istərsə də məhkəməyə təqdim etməmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. və 62.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və qeyrilərinin Cavabdehnə qarşı cavabdehə ünvanlanan xx.xx.2020-ci il tarixli məktuba cavab verilməsinə dair iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-552/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-552/2021
09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver