Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-553/2023 29.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsinə qarşı şəhid statusunun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəmkir rayon şöbəsinə təqdim etmək üçün xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş, xx.xx.1997-ci ildə Şəmkir rayonunda doğulmuş oğlu X4 Azərbaycan Respublikası uğrunda xidmət apararkən həlak olmasına dair arayışın verməsi vəzifəsinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzrərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mərhum X8 2015-ci il 20 oktyabr tarixdən Şəmkir rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 10 noyabr 2015-ci ildən Füzuli rayonun ərazisində yerləşən N saylı hərbi hissədə qulluq etməyə başlamış, az bir müddət ərzində özünü bacarıqlı vətənsevər əsgər kimi göstərmişdir. Oğlu xx.xx.2017-сi il tarixdə Dövlət Sərhəd Xidmətinin Füzuli rayonun ərazisində N saylı hərbi hissəsinin N nömrəli sərhəd zastavasının müşahidə qülləsində xidmət apararkən həmin zastavanın əsgəri X6 tərəfindən güllənələnərək öldürülmüşdür. Bu barədə cinayət iş başlanılmış və müvafiq araşdırılma aparılmışdır. Oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda vətən qarşısında xidməti vəzifəsini icra edərkən həlak olsa da müvafiq dövlət orqanlarından bu barədə arayış ala bilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq oğlu X7 şəhidlik statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Bundan əlavə iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsl cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsi ilə əvəz edilməsini xahiş etmiş və həmin tarixli qərardadla ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında X7 şəhid statusunun verilməsinin qanunvericiliyin tələbinə zidd olduğunu bildirərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir : -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.2017-ci il tarixli, AZ-İ 854895 nömrəli “ölüm haqqında” şəhadətnamədən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə “baş və döş qəfəsin.odlu silah.güllə ilə yarala.” səbəbindən ölmüşdür. -işə əlavə edilmiş Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, Hp02/6963 nömrəli məktubundan qeyd edilmişdir ki, X4 Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən ölməsi faktı ilə bağlı Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ********* nömrəli cinayət işinin istintaqı aparılmışdır. İbtidai istintaq zamanı alınmış şahid ifadələri, məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik və s. ekspertizaların rəyləri, eləcə də toplanmış digər sübutlarla müəyyən edilmişdir ki, əsgər Elvin Namazov hərbi hissədəki xidmət müddətlərində dəfələrlə əsgər X3 döyüb-incidərək təhqir etmiş, xx.xx.2017-ci il tarixdə onlar birgə sərhəd gözətçisi xidmətində olarkən saat 08 radələrində Eltun Bayramov qisas almaq niyyəti ilə ona təhkim olunmuş avtomat silahdan Elvin Namazovun baş və bədən nahiyələrinə atəş açaraq sonuncunu öldürmüş, ardınca həmin silahdan özünə atəş açaraq intihar etmişdir. İş üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılaraq E.Bayramovun əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci, E.Namazovun əməli isə CM-nin 332.3-cü maddələrinə tövsif edilmiş və xx.xx.2017-ci il tarixdə hər ikisinin barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. -işə əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-57/2-76/2023 nömrəli məktubundan görünür ki, iddiaçının oğlu X7 şəhid statusunun verilməsi tələbinin sonuncunun əsgər yoldaşı ilə aralarında baş vermiş mübahisə səbəbindən qəsdən öldürüldüyündən təmin edilməsindən imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, mərhum X8 N saylı hərbi hissədə xidmət keçən zaman əsgər yoldaşı tərəfindən avtomat silahından açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etmişdir. İddiaçı mərhum İddiaçı şəhid statusunun verilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25 dekabr 1991ci il tarixli Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən: - şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.1-ci bəndində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi təkrarlanmaqla, 1.2-ci bənddə göstərilmişdir ki, aşağıdakılar şəhid hesab edilirlər: -1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; -11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; -Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; -Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; -Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; -Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarının tədqiqindən göründüyü kimi mərhum X8 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, əsgər yoldaşı tərəfindən avtomat silahından açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etmişdir. Odur ki, işin faktiki hallarına və müvafiq qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçıların müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsinə qarşı şəhid statusunun verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-553/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-553/2023
29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver