Məhkəmə qərarları › İş №2-1(114)-553/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-553/2024

10.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-553/2024 10.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Samux rayonu İnstitut Bələdiyyəsi) mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanının onun adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-553/2024 nömrəli qərardadı ilə Samux rayonu İnstitut Bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır, yaşadığı mənzilin Samux rayon Polis şöbəsində dəftərxana müdiri işlədiyi üçün xx.xx.1996-cı il tarixli 25 saylı order ilə ona verilməsi qərara alınmış və həmin order əsasında Samux rayonu İnstitut qəsəbəsi Komissiyasının xx.xx.2000-ci il tarixində 55 nömrəli protokol qərar əsasında onun daimi istifadəsinə verilmişdir. O, 27 ildən çox yaşadığı ünvan 2 ünvana çıxarış almaq məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsinə müraciət etmiş, ondan tələb olunan zəruri sənədləri toplamış, lakin yaşadığı ünvana mülkiyyət hüququnun qeydə alınması ilə bağlı müraciətinə heç bir əsas olmadan imtina edilmişdir. Bu səbəbdən hüquqularının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 10 iyun 2024-cü il tarixə təyin edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndələrinin iştiraklarını təmin etməmişlər. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-8596/2023 nömrəli etirazında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı müraciətə əlavə edilmiş sənədlərin mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmadığı muəyyən edilmişdir. Belə ki, vətəndaş mənzil sahəsinə dair xx.xx.1996-cı il tarixli, 25 saylı order təqdim etmişdir. Həmin orderin qanunvericiliyin tələblərinə uyğun olaraq verilmədiyi, belə ki, qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 48-ci maddəsinin tələblərinə baxmayaraq müvafiq icra hakimiyyəti orqanı, yəni Xalq Deputatları İcraiyyə Komitəsi tərəfindən təsdiq edilmədiyi aşkarlanmışdır. Qeyd olunan normanın tələbinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsinin verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatlar Sovetinin icraiyyə komitəsi vətəndaşlara order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsas olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən, mənzilin özəlləşdirilməsi üçün əsas hesab edilmədiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş order mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunduğu halda, vətəndaşın təqdim etdiyi order Göygöl rayon İcra Hakimiyyəti Başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11. maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı order və ya mənzil kirayəsi müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 nömrəli forma): mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. 8 iyul 1982-ci il tarixli 979 —X nömrəli “Azərbaycan SSR Mənzil Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən “Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin İcraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Bu səbəbdən müraciətin icrası mümkün olmamış və vətəndaşa xx.xx.2023-cü il tarixli, **********21 nömrəli cavab məktubu ünvanlanmışdır. Mənzil fondunun özəlləşdirilməsinin ümumi qaydaları, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzıbatı orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Heseb edilir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə araşdırmasının predmetini aşağıdakılar təşkil etmişdir: -iş materiallarına əlavə edilmiş Samux rayonu, İnstitut Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 55 nömrəli arayışından görünür ki, İddiaçı 2023-cü ildə ev kirayəsi və kommunal xidmət borcu olmamışdır. -iş materiallarına əlavə edilmiş Samux rayonu, İnstitut Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 54 nömrəli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən Samux rayonu, İnstitut qəsəbəsi Komissiyasının xx.xx.2000-ci il tarixli, 55 saylı protokol qərarına əsasən 16.1 kv.m sahəsi olan yaşayış otağı və 1 otaqlı ümumi sahəsi 28.7 kv.m, yaşayış sahəsi 16.1 kv.m olan yaşayış mənzili daimi istifadəsinə verilmişdir. -iş materiallarına əlavə edilmiş Samux rayonu, İnstitut Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 53 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında 1996-cı ildən qeydiyyatdadır və tək yaşayır. -iş materiallarına əlavə edilmiş cavabdeh orqan tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-7321/2023 nömrəli bildirişdə qeyd edilmişdir ki, aparılan araşdırma zamanı ərizəyə əlavə edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, xx.xx.1996-cı il tarixli, 25 saylı order mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmur. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Samux rayonu, İnstitut qəsəbə Ərazi Dairəsi, İnstitut qəsəbəsi ünvanında qeydiyyatda İddiaçı başqa şəxslər yoxdur. -iş materiallarına əlavə edilmiş Samux Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 5-72/2-1162/2023 nömrəli məktubdan görünür ki, İddiaçı adına verilmiş xx.xx.1996-cı il tarixli, 25 saylı order və həmin orderin verilməsinə əsas olmuş sənədlər 5 ildən artıq müddət (27 il) keçdiyi üçün Samux Rayon İcra Hakimiyyətində mövcud deyildir. -iş materiallarına əlavə edilmiş Samux rayon Dövlət Arxivi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-48-39RA/2-276/2023 nömrəli arxiv arayışından görünür ki, İddiaçı adına verilmiş xx.xx.1996-cı il tarixli, 25 saylı order və həmin orderin verilməsinə əsas olmuş sənədlər mühafizə olunmaq üçün Samux rayon Dövlət Arxivinə təhvil verilməmişdir. -iş materiallarına əlavə edilmiş Samux Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 5-72/2-632/2024 nömrəli məktubda qeyd edilmişdir ki, Samux rayonu, İnstitut qəsəbəsi, İlkin Abbasov küçəsində yerləşən, vətəndaş İddiaçı yaşadığı 7 nömrəli evin 5 nömrəli mənzilinin balans saxlayıcı orqanı Samux rayonu İnstitut Bələdiyyəsidir. Samux rayonu, İnstitut qəsəbəsində yerləşən, əvvəllər Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun və Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının balansında olan evlər, mənzil-kommunal, sosial-mədəniyyət və əhalinin ümumi istifadəsində olan obyektlər, müvafiq olaraq xx.xx.2000-ci il və xx.xx.2000-ci tarixlərində tərtib edilmiş xüsusi aktlarla balansdan çıxarılaraq Samux rayonu İnstitut Bələdiyyəsinin balansına verilmiş, xidməti mənzil statusu daşımır. Odur ki, İddiaçı yaşadığı Samux rayonu, İnstitut qəsəbəsi, İlkin Abbasov küçəsi 7 nömrəli evin 5 nömrəli mənzili xüsusi təyinatlı mənzil fonduna (xidməti mənzil) aid olmadığı üçün İddiaçı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və özəlləşdirilməsinə Samux Rayonu İcra Hakimiyyəti olaraq etiraz etməmişlər. -iş materiallarına əlavə edilmiş Samux Rayon İcra Hakimiyyəti Başçısının İnstitut qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 334 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 1996-cı ildən Samux rayonu, İnstitut qəsəbəsi (keçmiş R.Nağıyev) indiki İlkin Abbasov küçəsi, ev 7, mənzil 5 ünvanında yaşayır. -iş materiallarına əlavə edilmiş Samux rayon İstitut Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 34 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Samux rayonu, İnstitut qəsəbəsi (keçmiş R.Nağıyev) indiki İlkin Abbasov küçəsi, ev 7, mənzil 5 ünvanında yaşayır və həmin mənzil ona məxsusdur. İnstitut Bələdiyyəsi ona məxsus olan mənzilin özəlləşdirilməsinə etiraz etmir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçıya ünvan 1 ünvanında yaşamaq hüququ verən xx.xx.1996-cı il tarixli, 25 saylı order verilmişdir. Hazırda iddiaçı həmin ünvanda qeydiyyatda olmaqla yaşayır və həmin mənzilin onun adına özəlləşdirilməsi üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan 25 saylı orderin mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmamasını bildirərək, ərizənin icraslndan imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı order və ya mənzil kirayəsi müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunur. Həmin Qanunun 12-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət huququ, istifadə hüququ ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.6-ci maddəsinə, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. "Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 6-cı maddəsinə əsasən, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Həmin Qanunun 8-ci maddəsinə əsasən, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Göründüyü kimi mövcud qanunvericilik hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarını konkret olaraq sadalamış və dairəsini müəyyənləşdirmişdir. Həmin halların genişləndirici təfsir ilə dairəsinin artırılması hüququn müəyyənlik prinsipi ilə ziddiyyət təşkil edəcəkdir. Məhkəmə mübahisəli mənzilin balans mənsubiyyəti ilə bağlı qeyd edir ki, ünvan 1-in balans saxlayıcı orqanı Samux rayonu İnstitut Bələdiyyəsidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırkı hüquqi marağı mülkiyyət hüququnun əldə edilməsi deyil, əvvəllər əldə etdiyi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmasından ibarətdir. Cavabdeh orqan isə işin faktiki hallarına uyğun olmayan səbəblərdən iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Odur ki, ünvan 1 üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov Məhkəmə iclas katibi: Gülnara Allahverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar