Məhkəmə qərarları › İş №2-1(114)-555/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-555/2021

05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-555/2021 05.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı dövlət aktında torpaq sahəsinin həcminin dəyişdirilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 11.02.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair” JN-595 KOD 50401004 nömrəli Dövlət aktında səhvən yazılmış 2.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi real olaraq 4.39 ha torpaq sahəsi yazılmaqla həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli 68 nömrəli qərarı ilə Şəmkir şəhərinin ərazisindən iddiaçıya və ailə üzvlərinə 4.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir və həmin torpaq sahəsi hazırda da onların istifadəsindədir. “Torpağa mülkiyyət hüququna dair” JN-595 KOD 50401004 nömrəli Dövlət aktının 1-ci səhifəsində isə ona və ailə üzvlərinə verilmiş həmin torpaq sahəsinin ölçüsü səhvən 2.44 ha yazılmışdır. Bu hal onların hüquqlarının pozulmasına səbəb olur. İddiaçı qeyd olunan dövlət aktında düzəliş aparılmaqla həmin torpaq sahəsinə dair ona çıxarış verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, 2000-ci ildən 4.32 ha torpaq sahəsindən istifadə edir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -“Torpağa mülkiyyət hüququna dair” JN-595 KOD 50401004 nömrəli Dövlət aktının surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli 68 nömrəli qərarı ilə 2.44 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. -Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 14.04.2021-ci il tarixli **********51 nömrəli məktubunda bildirilir ki, JN-595 saylı -“Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin adına ayrılmış 2.44 ha torpaq sahəsi Şəmkir 2-ci Dövlət notariat kontorunun 27.11.2002-ci il tarixli, 4Ə-02-248 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında bütövlükdə X1 adına özgəninkiləşdirilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 29.01.2021-ci il tarixli, **********76 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” JN-595 KOD 50401004 nömrəli Dövlət aktında Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli 68 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə 2.44 ha torpaq sahəsi verilsə də, iddiaçı faktiki istifadəsində 4.39 ha torpaq sahəsinin olduğunu iddia edərək Dövlət aktında sahənin səhvən 2.44 ha yazıldığını iddia edərək, Aktda 4.39 ha torpaq sahəsi yazılmaqla mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələb etmiş, cavabdeh orqan isə bundan imtina etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-595 KOD 50401004 nömrəli Dövlət aktına və məhkəmənin müvafiq sorğusuna əsasən əldə edilmiş məlumata əsasən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli 68 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinə 4.39 ha torpaq sahəsi deyil 2.44 ha torpaq sahəsi verilmiş, eləcə də qeyd olunan torpaq sahəsi 27.11.2002-ci il tarixli, 4Ə-02-248 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında bütövlükdə X1 adına özgəninkiləşdirilmişdir. Göründüyü kimi iddiaçının iddia etdiyi ölçüdə (4.39 ha) torpaq sahəsinin ona və ailə üzvlərinə verilməsi iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı dövlət aktında torpaq sahəsinin həcminin dəyişdirilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar