Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-555/2025 24.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə sosial müavinətin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçınun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ona xx.xx.2023-cü il tarixdən yaşa görə sosial müavinətin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür.
2. Tovuz rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 2141 nömrli arayışına əsasən X8 xx.xx.1986-cı il tarixdə anadan olmuş, bu barədə xx.xx.1986-cı il tarixdə Düz Cırdaxan kənd icra nümayəndəsi tərəfindən 113 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası isə İddiaçıdır.
3. Ölüm haqqında xx.xx.2009-cu il tarixli AZ-İ 389709 nömrəli şəhadətnaməyə əsasən X8 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir.
4. Tovuz rayon Poliklinikasının xx.xx.2002-ci il tarixli 369 nömrəli Xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışda X8 xəstəliyinin anadangəlmə olduğu qeyd edilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 16 nömrəli zona TSEK-in 878854 nömrəli arayışından görünür ki, X5 xx.xx.2004-cü il tarixdən 2 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Arayışda əlilliyin yaranma səbəbi uşaqlıqdan qeyd edilmişdir.
6. Tovuz Rayon İcra Hakimiyyəti başçısının Aşağı Mülkülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 540 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı özündən doğulub 8 yaşa qədər böyüdüb tərbiyə etdiyi uşaqlar aşağıdakılardır: - X8 - 1986 - X3 - 1988 - X6 - 1992 - X7 - 1993.
7. Tovuz Rayon İcra Hakimiyyəti başçısının Aşağı Mülkülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 315 nömrəli arayışında göstərilmişdir ki, X8 25 oktyabr 1986-cı il tarixdə Tovuz rayon Aşağı Mülkülü kəndində anadan olmuş və vəfat etdiyi günə kimi Aşağı Mülkülü kəndində yaşamışdır.
8. İddiaçı yaşa görə sosial müavinətin təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-V-23040/2024 nömrəli imtina cavabı verilərək, bildirilmişdir ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qanunun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilib. Təqdim etdiyiniz Tibbi-Sosial Ekspert Komissiyasının 878854 saylı arayışına əsasən mərhum övladınız X4 15.12.204-cü il tarixində (18 yaşı tamam olduqdan sonra) İl dərəcə əlilliyi müəyyən edilmişdir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, A.Vəliyevin 18 yaşınadək sağlamlıq imkanları məhdudluğu faktı aşkar edilmədiyindən, ona yaşa görə müavinətin ("Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq) təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-17-4/2-15527/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, A.Vəliyevin əlillik vəziyyəti barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində məlumat və göndəriş (Forma 088) aşkar edilməmişdir. II. Məhkəmədə icraat
10. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, yaşa görə sosial müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2009-cu ilin dekabr ayının 13-nədək X1 himayəsində olmuşdur. X1 anadangəlmə əlil olmuşdur. Əlilliyi təsdiq edən arayışı isə xx.xx.2004-ci ildə almışdır. Bu yaxınlarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Qazax-Tovuz regional filialına müraciət edərək, ona yaşa görə sosial müavinət təyin edilməsini xahiş etmişdir. Ona gələn xx.xx.2024-cü il tarixli 3-17-1/2-V-23040/2024 saylı məktub ilə yaşa görə sosial müavinət təyin edilməsindən imtina edilmişdir. Əsas olaraq isə göstərilmişdir ki, təqdim etdiyi Tibbi-Sosial Ekspert Komissiyasının 878854 saylı arayışına əsasən mərhum övladı X4 xx.xx.2004-cü il tarixində (18 yaşı tamam olduqdan sonra) İİ dərəcə əlilliyi müəyyən edilmişdir. X16 18 yaşınadək sağlamlıq imkanları məhdudluğu faktı aşkar edilmədiyindən, ona yaşa görə müavinətin təyin edilməsi mümkün hesab edilmir. Qeyd etmək istəyir ki, onun övladının əlillik səbəbi uşaqlıqdan (anadangəlmə) olmuşdur. Qeyd olunan 878854 saylı arayışdan da bunu görmək mümkündür. Həmin müddət ərzində, yəni xx.xx.2004-cü il tarixinə qədər həmin arayışı almamağı onun övladının əlil olmamağı mənasına gəlmir. Belə ki, övladının xəstə olduğunu təsdiq edən sənədləri də müraciətə əlavə etsə də, görməzdən gəlinmişdir. Həmin tarixə qədər o, övladının bütün ehtiyaclarını ödəmək üçün bir ana kimi qulluğunda durmuşdur. Qanunvericilikdə nəzərdə tutulan güzəştlərdən biri də sağlamlıq imkanları məhdud uşağı 8 yaşınadək böyütmüş analara məxsusdur. Uşaqlıqdan əlilliyi təsdiq olunmuş şəxslərin anaları müəyyən edilmiş pensiya yaş həddindən 5 il erkən pensiya hüququna malikdir. Qeyd olunan yaş həddinə çatan qadınlar staj və pensiya kapitalı şərtini ödəyə bilmədiyi halda həmin yaşdan sosial müavinətlə təmin edilirlər. Lakin onun bu hüququ pozularaq, əsassız bəhanələrlə imtina edilmişdir. Düşünür ki, imtina məktubunda qeyd olunanlar tamamilə bəhanədir. Bir ananın belə əlacsız qoyulması, bu qədər haqsızlığın edilməsi isə yolverilməzdir. Hesab edir ki, cavabdehlərin hərəkəti qanunsuzdur və onlara müraciət etdiyi halda bu qanunsuz hərəkətlərə son qoymayıblar. Bu hal onun hüququnu pozur ki, o da inzibati orqanın öhdəliyinin icrasının məcburi qaydada icra edilməsi üçün aidiyyati məhkəməyə müraciət etmək hüququndan istifadə edir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
13. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “17 yanvar 2023-cü il tarixdən yaşa görə sosial müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
15. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
16. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçı yaşa görə sosial müavinətin təyin edilməsi barədə ərizə ilə cavab orqana xx.xx.2024-cü il tarixdə müraciət etmiş və xx.xx.2024-cü il tarixli imtina məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Həmin imtina qərarının cavabdehə çatdırılması üçün olan müddət də nəzərə alınmaqla, iddiaçı tərəfindən hazırkı tələblə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edilərkən müddətin ötürülmədiyi müəyyən edilir.
17. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tovuz rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
18. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.
21. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaş həddinin 5 il azaldılmaqla sosial müavinət təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir. İddiaçının müraciəti üzrə inzibati icraat aparılmış, bunun nəticəsi olaraq ona Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-V-23040/2024 nömrəli imtina məktubu ünvanlanmışdır. Sözügedən məktubla İddiaçı təqdim etdiyi sənədlərə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən iddiaçının övladı X4 18 yaşına çatanadək əlilliyi müəyyən edilmədiyi üçün (ilkin əlilliyi xx.xx.2004-cü il tarixində müəyyən edilmişdir) ona əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaş həddinin 5 il azaldılmaqla sosial müavinətin təyin olunmasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Əlavə olaraq, A.Vəliyevin 18 yaşına çatanadək əlilliyinin müəyyən edilməsi haqqında Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışı təqdim etdikdən sonra iddiaçının müraciətinə müvafiq qaydada yenidən baxılacağı qeyd edilmişdir. "Əmək pensiyaları haqqında" Qanunun 8.2-ci maddəsində əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların həmin Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olduğu təsbit edilmişdir. Beləliklə, qeyd edilən maddənin dispozisiyasından aydın olur ki, əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş analara yaş həddi 5 il azaldılmaqla yaşa görə pensiyanın təyin edilməsi üçün aşağıdakı şərtlər ödənilməlidir: 1. əlilliyi olan övladı olmalı; 2. həmin övladın əlilliyi 18 yaşına çatanadək müəyyən edilməli; 3. müraciət edən ana 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş övladını səkkiz yaşınadək tərbiyə etməlidir. Yuxarıda göstərilən maddənin "Sosial müavinətlər haqqında" qanunun 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət müddəasına analogiya üzrə tətbiqinə əsasən 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş uşağı 8 yaşınadək tərbiyə etmiş analar yaş həddi 5 il azaldılmaqla sosial müavinət təyin edilməsi hüququna malikdir. İş üzrə materiallardan da məlum olur ki, "Əlillik" altsistemində olan məlumatlara əsasən iddiaçının övladı A.Vəliyevin əlilliyi 18 yaşına çatanadək müəyyən edilməmişdir. Belə ki, xx.xx.1986-cı il təvəllüdlü A.Vəliyevin 18 yaşı xx.xx.2004-cü il tarixdə tamam olduğu halda, onun əlilliyi "Əlillik" altsistemində olan məlumatlara əsasən ilk dəfə xx.xx.2004-cü il tarixində müəyyən edilmişdir. Beləliklə, iddiaçının övladının əlilliyi 18 yaşına çatanadək müəyyən edilmədiyi üçün, "Sosial müavinətlər haqqında" Qanunun 4.0.1.14.-cü maddəsinin tələbləri ödənilmir. Qeyd olunanlardan bir daha aydın olur ki, İddiaçı 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaş həddi 5 il azaldılmaqla yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliklə mümkün deyildir, İddiaçı iddia tələbi təmin edilməməlidir.
24. Cavabdehin nümayəndəsi Nümayəndə şifahi məhkəmə baxışı iclasında iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Tovuz rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 2141 nömrli arayışı; - Ölüm haqqında xx.xx.2009-cu il tarixli AZ-İ 389709 nömrəli şəhadətnamə; - Tovuz rayon Poliklinikasının xx.xx.2002-ci il tarixli 369 nömrəli Xəstənin ambulator, stasionar tibbi kartasından çıxarış; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 16 nömrəli zona TSEK-in 878854 nömrəli arayışı; - Tovuz Rayon İcra Hakimiyyəti başçısının Aşağı Mülkülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 540 nömrəli arayışı; - Tovuz Rayon İcra Hakimiyyəti başçısının Aşağı Mülkülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 315 nömrəli arayışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-V-23040/2024 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-17-4/2-15527/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında cavabdeh orqandan əldə edilmiş iddiaçının pensiya işi üzrə icraat materialları.
Əsaslandırma hissəsi:
Vl. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
27. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2009-cu il tarixdə vəfat etmiş xx.xx.1986-cı il təvəllüdlü övladı X4 əlilliyi xx.xx.2004-cü il tarixdə təyin edilmişdir.
28. İddiaçı həmin övladının 18 yaşınadək əlil olması əsası ilə ona yaşa görə sosial müavinətin təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-V-23040/2024 nömrəli imtina cavabı verilərək, bildirilmişdir ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qanunun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilib. Təqdim etdiyi Tibbi-Sosial Ekspert Komissiyasının 878854 saylı arayışına əsasən mərhum övladı X4 15.12.204-cü il tarixində (18 yaşı tamam olduqdan sonra) İl dərəcə əlilliyi müəyyən edilmişdir. Müraciətilə əlaqədar olaraq bildirilir ki, A.Vəliyevin 18 yaşınadək sağlamlıq imkanları məhdudluğu faktı aşkar edilmədiyindən, ona yaşa görə müavinətin ("Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq) təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
29. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini əsassız hesab edir.
30. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1. Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
31. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: - 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; - 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Maddə 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.2. yaşa görə müavinət; Maddə 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə;
32. “Əmək pensiyaları haqqında” Qanununa görə: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 8.1. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
33. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq (22 iyun 2021-ci il tarixli 346-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 1.0.2-ci maddədən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” sözləri çıxarılmışdır); Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə görə: 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur;
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na görə: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
36. İş materiallarından göründüyü kimi, cavabdeh orqan iddiaçının mərhum övladı Anar Vəliyevin sağlamlıq imkanları məhdudluğunun 18 yaşınadək müəyyən edilməməsi (yəni, 18 yaşından sonra müəyyən edilməsi) əsası ilə iddiaçıya yaşa görə müavinətin təyin olunmasından imtina etmişdir.
37. İşdəki sənədlərlə müəyyən edilir ki, iddiaçının övladı X5 ilk dəfə əlillik xx.xx.2004-cü il tarixdə, yəni 18 yaşı tamam olduqdan sonra müəyyən edilmişdir. Belə ki, X8 xx.xx.1986-cı il tarixdə doğulmuş, 18 yaşı tamam olduğu xx.xx.2004-cü il tarixdən sonra Tibbi-Sosial Ekspert Komissiyasının 878854 nömrəli arayışına əsasən X5 xx.xx.2004-cü il tarixdən 2 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Arayışda əlilliyin yaranma səbəbi uşaqlıqdan qeyd edilmişdir.
38. Cavabdehin qənaətinə görə iddiaçının mərhum övladının 18 yaşına çatanadək qanunvericiliklə tələb edilən qaydada sağlamlıq imkanları məhdudluğu müəyyən edilmədiyindən, iddiaçının yaşa görə sosial müavinət hüququ yaranmamışdır.
39. Göründüyü kimi, mübahisə iddiaçının mərhum övladının əlilliyinin 18 yaşına çatanadək müəyyən edilməməsi ilə bağlıdır.
40. Məhkəmə bununla bağlı qeyd edir ki, Tibbi-Sosial Ekspert Komissiyasının 878854 nömrəli arayışına əsasən X5 xx.xx.2004-cü il tarixdən 2 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Həmin arayışda əlilliyin yaranma səbəbi uşaqlıqdan qeyd edilmişdir. Eyni zamanda, Tovuz rayon Poliklinikasının xx.xx.2002-ci il tarixli 369 nömrəli Xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışda da X8 xəstəliyinin anadangəlmə olduğu qeyd edilmişdir.
41. Nəticə etibarilə, əlilliyin qiymətləndirilməsi üzrə müstəsna səlahiyyətli inzibati orqanın qərarında göstərilənlər o qənaətə gəlməyə imkan verir ki, mərhum Anar Vəliyevin əlilliyinə əsas verən, onun müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki pozuntular onda 18 yaşına çatanadək mövcud olmuşdur.
42. Bununla belə, iddiaçının mərhum övladının 18 yaşı tamam olduqdan sonra o, rəsmi qaydada, müvafiq orqanın qərarı ilə əlilliyi olan şəxs hesab edilmişdir. Qanunverici isə əlilliyi olan şəxs statusunun əldə edilməsini məhz əlilliyin qiymətləndirilməsini həyata keçirən orqanın müvafiq qərarı ilə şərtləndirmişdir.
43. Bu halda, 18 yaşı tamam olmamış şəxsin əlilliyinin müəyyən edilməsi üçün onun qanuni nümayəndəsinin həmin orqana müraciət etməsi, bundan sonra isə əlilliyi müəyyən edən orqanın bu barədə qərar verməsi vacibdir. Hazırkı halda iddiaçının övladının 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə valideynlərinin əlilliyi müəyyən edən orqana müraciət etməsinə dair işdə sübut olmamasına və 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə inzibati aktın (arayışın) olmamasına baxmayaraq, onun anadangəlmə əlilliyi təsdiq olunduğundan, o, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə bərabər statuslu hesab edilməklə, iddiaçının “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq yaşa görə sosial müavinət almaq hüququ olmuşdur.
44. İddiaçının övladının əlilliyinin müəyyən edilməsi barədə qərarın 15 dekabr 2004cü ildə (18 yaşdan sonra) qəbul edilməsi, həmin tarixdən əlilliyi olan şəxs hesab edilməsi və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olmaması ilə bağlı cavabdehin etirazının dəlillinə münasibətdə məhkəmə təsdiq edir ki, yuxarıda istinad olunan qanunvericiliyin müəyyən etdiyi ümumi qaydaya görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Şəxsin əlilliyinin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilməsi barədə inzibati orqanın qərarı hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
45. Lakin əlilliyin anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan əldə olunması halına münasibətdə xüsusi yanaşma tətbiq olunmalıdır.
46. Belə ki, hazırki işlə analoji iş olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının üç ulduz nişanı ilə indeksləşdirilmiş “İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə” 22 dekabr 2023-cü il tarixli 2-1(102)-2925/2023 nömrəli Qərarında qeyd edilir: “Məhkəmə hesab edir ki, sözügedən məsələyə münasibətdə daha əvvəlki qərarlarda əks olunmuş kassasiya məhkəməsinin mövqeyi əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli müdafiəsinin təmin edilməsi baxımından inkişaf etdirilməlidir. Nəzərə alınmalıdır ki, əlillik anadangəlmə xəstəliklərin və ya çatışmazlıqların, yaxud sonradan qazanılmış xəstəliklərin və ya zədənin, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqların səbəb olduğu əqli və ya fiziki qüsurlar nəticəsində yaranır. Əlilliyin qiymətləndirilməsi və bunun nəticələrindən irəli gələn əlilliyin müəyyən olunmasına və ya imtinaya dair qərar qəbul edilməsi səlahiyyəti TSEK-ə məxsusdur. Əlilliyin qiymətləndirilməsinə dair fəaliyyət isə orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə həyata keçirilir. Kollegiya qeyd edir ki, əlilliyə səbəbiyyət verən xəstəliklər və ya çatışmazlıqların anadangəlmə və ya sonradan qazanılmış olmasının fərqləndirilməsi bu qəbildən olan mübahisələr üzrə mühüm əhəmiyyət kəsb edir. Birinci halda, şəxsin cəmiyyət həyatında digər şəxslərlə bərabər tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissi pozuntuları onun doğulduğu andan mövcud olur, digər halda isə həyatın sonrakı dövrlərində müxtəlif amillərin təsiri altında əldə edilir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin məqsədi ona yönəlmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vəfat etmiş şəxsin övladları sırasından həm də o şəxslərə verilsin ki, onlar 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olsunlar. Hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərtlərdən biri 18 yaşına çatanadək əlilliyin müəyyən edilməsidir. Kollegiya qeyd edir ki, əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığı mötəbər sübutlarla təsdiq olunduqda, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Bu halda da şəxs qanunun məqsədləri baxımından 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş şəxs kimi qəbul edilməlidir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Kollegiya hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığının mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, güdülən qanuni məqsəd 18 yaşına çatanadək əlilliyin müəyyən edilmiş olmasıdır. Əgər hazırkı işdə olduğu kimi bu hal mötəbər sübutlarla təsdiq olunursa, sırf əlillik təyin edilməyə dair qərarın tarixindən çıxış edilməsi iddiaçını həddən artıq yükə məruz qoymaqla, fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı pozur, güdülən qanuni məqsədə öz məzmunu baxımından zəruri və yararlı olmayan müdaxilə edilməsinə gətirib çıxarır. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. Ədalətlilik prinsipi ilə bağlı qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından kollegiya hesab edir ki, sırf əlillik təyin edilməyə dair qərarın tarixindən çıxış ediləcəyi halda iddiaçıya münasibətdə ədalətlilik prinsipi pozulmuş olar.”
47. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 noyabr 2023-cü il tarixli 19 №-li Qərarı ilə təsdiq edilmiş “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi Qaydaları”na görə: Bənd 1.4. Bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə kollegiyaları tərəfindən baxılan işlərdə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən, inkişaf etdirən və dəyişən məhkəmə aktları indeksləşdirilir. Bənd 2.1. Bu Qaydalara uyğun olaraq indeksləşmə məhkəmə aktlarına aşağıdakı “ulduz” nişanlarının təyin edilməsi yolu ilə həyata keçirilir: 2.1.3. ★★★ (üç ulduz) – Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktına təyin edilən fərqləndirici nişandır.
48. Hazırki işin hallarından müəyyən olunur ki, Tibbi-Sosial Ekspert Komissiyasının arayışında iddiaçının övladının əlilliyinin səbəbi uşaqlıqdan (anadangəlmə) əlillik kimi göstərilmişdir. Bununla da, iddiaçının övladının əlilliyi sonradan qazanılmış xəstəliklər və ya zədələr, eləcə də onlarla əlaqədar çatışmazlıqlar səbəbindən deyil, anadangəlmə xəstəlik və çatışmazlıq səbəbindən yaranmış və bu, Tibbi-Sosial Ekspert Komissiyasının arayışı ilə təsdiq edilmişdır. Bununla bağlı qərar 15 dekabr 2004-cü ildə qəbul edilsə də, tibbi-sosial ekspertiza müayinəsinin nəticəsinə görə qüsur uşaqlıqdan əlilliklə əlaqədar olmuş və məhz bu qüsur əlilliyin müəyyən edilməsinə səbəb olmuşdur.
49. İddiaçı da övladının əlilliyinin təyinat tarixinin 18 yaşından sonra baş verməsinə baxmayaraq əlilliyin anadangəlmə olmaqla 18 yaşadək əldə edildiyini bildirir və bu halın nəzərə alınmasını tələb edir.
50. Beləliklə, hazırda iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi məsələsində həm fərdi, həm də ictimai maraq baxımından həlledici olan əlilliyin 18 yaşına çatanadək meydana gəlməsinin müəyyən olunması halıdır. Belə olan halda, prosesin hər iki iştirakçısına münasibətdə ədalətli yanaşma məhz bu məqam nəzərə alınmaqla təmin olunmalıdır.
51. Məhkəmə hesab edir ki, əlilliyin əslində anadangəlmə mövcud olmasına və mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, yalnız onun təyinat tarixinin 18 yaşından sonraya təsadüf etməsini əsas götürməklə iddiaçının tələbinin təmin olunmasından imtina olunması, qanunun formal və ifrat tətbiqi halını yaradar, bununla da, iddiaçıya münasibətdə ədalətlilik prinsipinin pozulmasına səbəb olardı.
52. O da nəzərə alınmalıdır ki, əlilliyin 18 yaşınadək təyin olunması məsələsi, bir qayda olaraq, şəxslərin özlərinin deyil, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin hərəkətlərindən asılı olur. Belə ki, həmin şəxslər sözügedən dövrdə uşaq olduqlarından əlilliyin təyinatı ilə bağlı müraciət onların təmsil edən valideynlər və ya digər qanuni nümayəndələr tərəfindən edilməli idi. Belə müraciətlərin bəzən vaxtında edilməməsi əlilliyin təyinat tarixinin 18 yaşdan sonraya təsadüf etməsinə gətirib çıxarır. Bu mənada, əlilliyi olan şəxslərin özlərinin birbaşa iradəsi və hərəkətləri ilə bağlı olmayan halların onların barəsində hüquqların həyata keçirilməsində məhdudiyyətlər yaratması ədalətlilik prinsipi ilə uzlaşmır.
53. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinin tələbləri iddiaçıya münasibətdə tam ödənildiyi üçün o, yaşa görə sosial müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.
54. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
55. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
56. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 17 yanvar 2023-cü il tarixdən yaşa görə sosial müavinətin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva