Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-556/2025 17.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs Göygöl rayonu Hacıməlik bələdiyyəsi) qarşı “mülkiyyət hüququnun qeydə alınması və torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Göygöl rayon Hacıməlik bələdiyyəsinin 03 sentyabr 2010-cu il tarixli, 02 saylı qərarına əsasən kənd daxili ərazidən 0,08 ha torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2010-ci il tarixdə Göygöl rayon torpaq şöbəsində 16 nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2010-ci il tarixli 04 nömrəli qəbz ilə müəyyən edilir ki, İddiaçı tərəfindən torpaq satışı ilə bağlı Hacıməlik bələdiyyəsinin hesabına 508 manat məbləğində ödəniş edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən 19 nömrəli rəydə qeyd edilmişdi ki, 16 nəfər vətəndaşa nəzərdə tutulan torpaq sahəsi 1,14 hektar olmaqla Hacıməlik bələdiyyəsinin mülkiyyətinə aiddir.Satılması nəzərdə tutulan torpaq sahəsi kənd daxili olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. İddiaçı Göygöl rayonunda yerləşən torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə İdarənin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 1784/2024 nömrəli imtina məktubundan görünür ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, Göygöl rayon Hacıməlik bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 02 saylı qərarı və xx.xx.2010-cu il tarixli, 16 saylı “Torpaqların alqı-satqısına dair” Aktının xx.xx.2007-ci il tarixindən sonra tərtib edildiyi, həmçinin ərizəyə torpaq sahəsinə yerini və ölçülərini göstərən texniki sənədin əlavə edilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (örüş) əraziyə düşdüyü aşkar edilmişdir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göygöl rayonu, Hacıməlik bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 02 saylı qərarı ilə ona satılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinə dair çıxarışın” verilməsi və Torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmışdır. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır.
1. Torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsi və bələdiyyə mülkiyyətinə verilən torpaqların yerquruluşu sxeminin elektron fayl materillarınada və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD), İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 850.0 kv.m torpaq sahəsinin yerləşdiyi ərazi, Göygöl rayon Hacıməlik bələdiyyəsinin mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsidir. 2.Elektron kadastr məlumat bazasına istinadən, iddiaçının naturada təqdim etdiyi 850.0 kv.m torpaq sahəsi üzərində, başqa şəxslərin hüquqlarının dövlət reyestrində qeydə alınması halı aşkarlanmamışdır. 3.İddiacinin naturada təqdim etdiyi 850.0 kv.m torpaq sahəsinin mühafizə və qorunma zonalarina düşmə halı aşkarlanmamışdır.
4. Elektron kadastr məlumat bazasina istinadən, iddiacinin naturada təqdim etdiyi 850.0 kv.m torpaq sahəsi üzərinda, başqa şəxslərin hüquqlarının dövlət reyestrində qeyda alinmasi hal askarlanmamışdır.
5. İddiacinin naturada təqdim etdiyi faktiki istifadasinda olan 850.0 kv.m torpaq sahasi üzərində tikili mövcuddur. Tikilinin naturada yerlaşmə vəziyyəti rəyə ortofoto görüntüdə əks olunmuşdur. Google Earth proqramina istinadən tikilinin 2023-cü ilə dair görüntülərinin olması müəyyən edilmişdir.
7. Rəy hazırlanarkən, Xanlar rayonu Hacıməlik kənd ərazisində aparilmis torpaq islahatina dair tərtib olunmuş ərazinin kompleks yerqurulusu layihəsinə, Xanlar rayonu Haciməlik bələdiyyəsinin hüdülarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqlarin yerqurulusu sxeminə, elektron kadastr malumat bazasina Azarbaycan Respublikusinda torpaq münasibətlərinin tənzimləndməsi sahəsində əlavə tədbirlar haqqinda, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Formanı əsasında hazirlanmiş, torpaqlarin elektron kadastr ucotu informasiya sisteminə (TEKUİS va AZCAD) əsaslanilmisdir. İddiaçı məhkəmə iclasına gəlmiş, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Göygöl rayonu Hacıməlik bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 02 saylı qərarı ilə ona satılmış və faktiki istifadəsində olan 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və faktiki istifadə etdiyi 0,08 ha torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
Əsaslandırıcı hissə:
İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Göygöl rayon Hacıməlik bələdiyyəsinin 03 sentyabr 2010cu il tarixli, 02 saylı qərarı əsasında bələdiyyə torpağından 0,08 ha torpaq sahəsi iddiaçıya fərdi yaşayış evi tikmək məqsədilə satılmışdır. Bununla bağlı tərəflər arasında “Torpaqların alqı-satqısına dair akt” bağlanmış, iddiaçı bələdiyyənin hesabına ödəniş edilmiş, eləcə də alqı-satqı aktı keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsində xx.xx.2010-ci il tarixdə 16 nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinə (həmin torpaq sahəsi satılan zaman qüvvədə olan redaksiyası) əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 68-ci maddəsində qeyd olunur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı mübahisə üzrə cavabdeh orqan sənədlərin araşdırılması zamanı qanunvericiliyin tələblərinə uyğun olmaması,həmçinin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (örüş) əraziyə düşməsinə istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, işdəki mütəxəssis rəyinə əsasən torpaq sahəsi üzərində, başqa şəxslərin hüquqlarının dövlət reyestrində qeydə alınmadığı, iddiaçının naturada təqdim etdiyi 850.0 kv.m torpaq sahəsi üzərində, başqa şəxslərin hüquqlarının dövlət reyestrində qeydə alınmamaması, torpaq sahəsinin mühafizə və qorunma zonalarina düşmədiyi, torpaq sahəsi üzərində, başqa şəxslərin hüquqlarının dövlət reyestrində qeyda alınması hal aşkarlanmamış və rəy hazırlanarkən, Xanlar rayonu Hacımalik kənd ərazisində aparilmis torpaq islahatina dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə, Xanlar rayonu Haciməlik bələdiyyəsinin hüdülarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqlarin yerquruluşu sxeminə, elektron kadastr məlumat bazasına Azəbaycan Respublikusinda torpaq münasibətlərinin tənzimləndməsi sahəsində əlavə tədbirlar haqqinda, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Formanı əsasında hazirlanmiş, torpaqlarin elektron kadastr ucotu informasiya sisteminə (TEKUİS və AZCAD) və elektron kadastr bazası məlumatlarına əsaslanılmışdır. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Göygöl rayonu Hacıməlik bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 02 saylı qərarı ilə İddiaçı satılmış və faktiki istifadəsində olan 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və faktiki istifadə etdiyi 0,08 ha torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva