Məhkəmə qərarları › İş №2-1(114)-5571/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-5571/2025

29.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-5571/2025 29.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X1 Xidməti Tovuz regional ərazi şöbəsinə qarşı “vəzifədən azad olunma haqqında məlumatların elektron informasiya sisteminə əlavə olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2025 Giriş hisssəsi: Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Nurəli Əvəz oğlu, İddiaçı cavabdeh X1 Xidməti Tovuz regional ərazi şöbəsinə qarşı “vəzifədən azad olunma haqqında məlumatların elektron informasiya sisteminə əlavə olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq müəyyən etdi. Təsviri hissə:

1. İddiaçı cavabdeh X1 Xidməti Tovuz regional ərazi şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun "xxxx" MMCnin direktor vəzifəsindən azad olunması haqqında məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyi yanında X1 Xidmətinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə əlavə olunması barədə qərarın çıxarılmasını xahiş etmişdir.

Əsaslandırma hisssəsi:

2. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

6. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarı 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. 4.İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Qərarı Mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə ümumi məhkəmələr baxır: - Əmək münasibətlərindən irəli gələn tələblər.

8. Belə ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir.

9. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.

10. Beləliklə, qeyd olunan qanunvercilik normalarına əsasən, əmək müqaviləsi bildirişi elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsi ilə yalnız işəgötürən tərəfindən yerləşdirilir. Həmin məlumatların düzgünlüyünə görə məsuliyyəti isə işəgötürən özü daşıyır. Elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi barədə məlumatlara kənar şəxslərin müdaxilə etməsi isə qeyri-mümkündür.

11. Belə olan halda isə cavabdeh qismində işəgötürən (hazırkı iş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) çıxış etməli və iddia tələbi ona qarşı yönəlməlidir.

12. Məhkəmə iddiaçı tərəfin nəzərinə çatdırır ki, iddiaçı hazırki tələb üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün aidiyyəti üzrə səlahiyyətli rayon məhkəməsinə müraciət etmək hüququna malikdir.

13. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X1 Xidməti Tovuz regional ərazi şöbəsinə qarşı “vəzifədən azad olunma haqqında məlumatların elektron informasiya sisteminə əlavə olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin norma tələblərinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Habelə, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 46, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən qərara aldı:

İddiaçı cavabdeh X1 Xidməti Tovuz regional ərazi şöbəsinə qarşı “vəzifədən azad olunma haqqında məlumatların elektron informasiya sisteminə əlavə olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanları aradan qaldıraraq müvafiq ümumi məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar