Məhkəmə qərarları › İş №2-1(114)-5589/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-5589/2025

10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-5589/2025 10.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı mərhum əri Abbasov Rəşid Əmrah oğlunun xx.xx.1970-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1977-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Həzi Aslanov sovxozunda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür.

2. İddiaçı xx.xx.2016-cı il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə sosial müavinət təyin edilmişdir.

3. xx.xx.1973-cü il tarixli НЗ ******* nömrəli hərbi biletə əsasən X9 xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

4. xx.xx.1981-ci il tarixli İİ-ЖГ 420027 nömrəli Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən Abbasov Rəşid Əmrah oğlu ilə X1 xx.xx.1981-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1981-ci il tarixdə 17 nömrə ilə qeyd edilmişdir.

5. xx.xx.2014-cü il tarixli AZ-İ 647480 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən Abbasov Rəşid Əmrah oğlu xx.xx.2014-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 17 nömrə ilə qeyd edilmişdir.

6. Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 292 nömrəli arayışına əsasən İddiaçı həqiqətən Şəmkir rayonu, Çinarlı qəsəbə İƏD-də daimi qeydiyyatdadır və aşağıda adları göstərilən övladları var: X5 xx.xx.1979 X2 xx.xx.1981 X3 xx.xx.1982 X6 xx.xx.1984 X8 xx.xx.1986 Qeyd: Şəxs övladlarını özü doğub və 8 (səkkiz) yaşına kimi böyütmüşdür.

7. Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının xx.xx.2025-ci il tarixli arxiv arayışına əsasən X16 Filialında mühafizə olunan “H.Aslanov” adına sovxozun əmrlər kitabında Abbasov Rəşid Əmrah oğlu 8 aprel 1970-ci il tarixli 75 nömrəli əmri ilə 3 nömrəli sahə fəhlə qəbul edilmişdir. Abbasov Rəşid Əmrah oğlu 30 yanvar 1973-cü il tarixli 14 nömrəli əmri ilə xx.xx.1973-cü ildə traktorçu keçirilmişdir. Abbasov Rəşid Əmrah oğlu 21 noyabr 1973-cü il tarixli 184 nömrəli əmri ilə traktorçu işindən hərbi çağırışa görə azad edilmişdir. Abbasov Rəşid Əmrah oğlu 1 iyun 1977-ci il tarixli 47 nömrəli əmri ilə 4 nömrəli briqadaya fəhlə qəbul edilmişdir. Abbasov Rəşid Əmrah oğlu 1 sentyabr 1998-ci il tarixli 35 nömrəli əmri ilə işdən azad edilmişdir. Qeyd: 1983-cü ilin əmək haqqı cədvəlində adı aşkar edilmədi. Qeyd: 1970-1979-cu illərin əmək haqqı cədvəlləri X16 Filialına təhvil verilməyib.

8. İddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-1/2-A- 185156/2025 nömrəli imtina cavabı verilərək bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra-Qanun) 14.1.2-ci maddəsinə əsasən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən mərhum Abbasov Rəşid Əmrah oğlunun əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, 1980-1998-ci illər ərzində adına əmək haqqı hesablanan dövrlər də nəzərə alınmaqla cəmi sığorta stajı 12 il 10 ay 19 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (15 il) az olduğundan ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2016-cı il tarixindən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə sosial müavinət təyin edilmiş, hazırda 220 manat olmaqla ödənişi davam etdirilir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciətiniz üzrə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. II. Məhkəmədə icraat

9. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum əri Abbasov Rəşid Əmrah oğlunun 08 aprel 1970-ci ildən xx.xx.1973-cü ilədək və 01 iyun 1977-ci ildən xx.xx.1979-cu il tarixədək “H.Aslanov” adına sovxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə ona ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh təşkilata müraciət edərək mənə ailə başçısının itirməyə görə əmək pensiyası pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat ona bundan imtina etmişdir. İmtinanı onunla əsaslandırmışdı ki, onun mərhum əri Abbasov Rəşid Əmrah oğlunun əmək stajı tələb edilən 15 ildən azdır, belə ki, onun 08 aprel 1970-ci ildən xx.xx.1973-cü ilədk və 01 iyun 1977-ci ildən xx.xx.1979-cu il tarixədək "H.Aslanov" adına sovxozda işlədiyi dövrün sığorta stajına daxil edilməsi nəzərdə tutulmayıb. Bunun əsası kimi də arxiv arayışı əsas götürülmüşdür ki, həmin arayışda 1970-1979-cu illərin əmək haqqı cədvəlləri dövlət arxivinə verilməmişdir. Cavabdeh təşkilatın vermiş olduğu imtinanı əsassız sayaraq aşağıdakılar əqeyd etmək istəyir. "Əmək pensiyaları haqqında" Qanunun 14.1.2 maddəsinə görə ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qanunun 17.1-ci maddəsinə görə ilə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. İddia ərizəsinə əlavə etdiyi arxiv arayışından da görünür ki, məhrum əri 08 aprel 1970-ci ildən xx.xx.1973-cü ilədk və 01 iyun 1977-ci ildən xx.xx.1979-cu il tarixədək "H.Aslanov" adına sovxozda işləmişdir. Hesab edir ki, 1970-1979-cu illərin əmək haqqı cədvəlləri dövlət arxivinə verilməməsi imtina üçün əsas deyil, belə ki, o onların günahı deyil. Sovet dövrü vaxtı isə sovzozda işləyib əmək haqqı almaması ən azından inandırıcı deyil.

11. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə hazırki iddia tələbi “mərhum əri Abbasov Rəşid Əmrah oğlunun xx.xx.1970-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1977-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Həzi Aslanov sovxozunda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Şəmkir rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. İddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

19. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 6-cı bəndi).

20. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Cavabdehin nümayəndəsi X10 şifahi məhkəmə baxışı iclasında iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir.

Əsaslandırma hissəsi:

VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

23. Belə ki, iddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2025-ci il tarixli 3- 17-1/2-A-185156/2025 nömrəli imtina cavabı verilərək bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra-Qanun) 14.1.2-ci maddəsinə əsasən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən mərhum Abbasov Rəşid Əmrah oğlunun əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, 1980-1998-ci illər ərzində adına əmək haqqı hesablanan dövrlər də nəzərə alınmaqla cəmi sığorta stajı 12 il 10 ay 19 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (15 il) az olduğundan ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2016-cı il tarixindən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə sosial müavinət təyin edilmiş, hazırda 220 manat olmaqla ödənişi davam etdirilir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciətiniz üzrə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

24. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini və imtinasını əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununa görə: Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; Maddə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur.

25. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxs olması; - vəfat etmiş ailə başçısının ölüm gününədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində tələb edilən sığorta stajına malik olması.

26. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla cavabdeh orqana müraciət etdiyi xx.xx.2025-ci il tarixdə 66 yaşı olmuşdur. Sözügedən Qanunun 7-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Mövcud qanunvericiliklə 1 iyul 2025 – 30 iyun 2025 dövrü üzrə qadınların pensiya yaşı 64 yaş 6 ay müəyyən edilmişdir. Yəni, iddiaçının pensiya yaşına çatması işin mübahisəsiz halıdır.

27. İddiaçının mərhum ərinin tələb olunan 15 il sığorta stajına malik olması isə iş materialları ilə öz təsdiqini tapır.

28. Belə ki, iddiaçının mərhum ərinin cavabdeh tərəfindən mübahisələndirilməyən sığorta stajı 12 il 10 ay 19 gün təşkil edir.

29. Cavabdehin imtinasının yeganə dəlili iddiaçının mərhum əri Abbasov Rəşid Əmrah oğlunun əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, 1980-1998-ci illər ərzində adına əmək haqqı hesablanan dövrlər də nəzərə alınmaqla cəmi sığorta stajının qanunvericiliklə tələb olunan müddətdən (15 il) az olmasıdır.

30. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarında olan sənədlərlə iddiaçının mərhum əri Abbasov Rəşid Əmrah oğlunun sığorta stajının 15 ildən artıq olması öz təsdiqini tapmışdır.

31. Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının xx.xx.2025-ci il tarixli arxiv arayışına əsasən X16 Filialında mühafizə olunan “H.Aslanov” adına sovxozun əmrlər kitabında Abbasov Rəşid Əmrah oğlu 8 aprel 1970-ci il tarixli 75 nömrəli əmri ilə 3 nömrəli sahə fəhlə qəbul edilmişdir. Abbasov Rəşid Əmrah oğlu 30 yanvar 1973cü il tarixli 14 nömrəli əmri ilə xx.xx.1973-cü ildə traktorçu keçirilmişdir. Abbasov Rəşid Əmrah oğlu 21 noyabr 1973-cü il tarixli 184 nömrəli əmri ilə traktorçu işindən hərbi çağırışa görə azad edilmişdir. Abbasov Rəşid Əmrah oğlu 1 iyun 1977-ci il tarixli 47 nömrəli əmri ilə 4 nömrəli briqadaya fəhlə qəbul edilmişdir. Abbasov Rəşid Əmrah oğlu 1 sentyabr 1998-ci il tarixli 35 nömrəli əmri ilə işdən azad edilmişdir. Qeyd: 1983-cü ilin əmək haqqı cədvəlində adı aşkar edilmədi. Qeyd: 1970-1979-cu illərin əmək haqqı cədvəlləri X16 Filialına təhvil verilməyib.

32. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

33. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

34. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

36. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

37. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

38. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X13) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.

39. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nda "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. İddiaçı isə mərhum əri Abbasov Rəşid Əmrah oğlunun xx.xx.1970ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1977-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Həzi Aslanov sovxozunda işləməsinə dair Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının xx.xx.2025-ci il tarixli arxiv arayışını təqdim etmişdir. İddiaçının mərhum ərinin hazırda mübahisələndirilən iş stajı da həmin qanun qüvvəyə minənədək olan dövrləri əhatə edilir.

40. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

41. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, iddiaçının mərhum ərinin qeyd olunan dövr üzrə sığorta stajını təsdiq edəcək sənədlərin - əməkhaqqı cədvəllərinin təqdim edilməməsi, buna görə də həmin dövlərin araşdırılmasının mümkün olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz.

42. Göründüyü kimi, iddiaçının ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – yaş həddi və 15 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənildiyi üçün o, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur. Ona görə də iddia tələbi təmin edilməlidir.

43. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Mərhum əri Abbasov Rəşid Əmrah oğlunun xx.xx.1970-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1977-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Həzi Aslanov sovxozunda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə, İddiaçı hüququnun yarandığı tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar