Məhkəmə qərarları › İş №2-1(114)-559/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-559/2023

15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-559/2023 15.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin naturada müəyyən olunması, texniki və digər sənədlərin tərtib edilərək təhvil verilməsi və obyektin layihə eskizinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsinə mülkiyyət hüququnun və məhv edilmiş əmlakının bərpa edilməsi üçün Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 2621 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə cavabdeh inzibati orqanın müvafiq qurumları tərəfindən zəruri tədbirləri həyata keçirərək torpaq sahəsinin naturada müəyyən olunması, texniki və digər sənədlərin tərtib edilərək təhvil verilməsi və obyektin layihə eskizinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 2621 nömrəli sərəncamına əsasən iddiaçının mərhum əri X1 Gəncə şəhəri Vəli Xuluflu küçəsində yerləşən ticarət passajının qarşısında yeməkxananın tikintisi üçün 15m x9m ölçüdə (135kv.m.) torpaq sahəsi ayrılmışdır. Sərancamın icrası məqsədilə, tələb olunan torpaqayırma və digər lahiyə-texniki sənədlər tərtib edilmiş, obyekt inşa olunaraq 20 ilə yaxın müddətdə fəaliyət göstərmişdir. Lakin 2011-ci ilin yayında o zaman Gəncə şəhərinə rəhbərlik etmiş şəxslərin şifahi göstərişlərilə, həmin obyekt məhkəmə qərarı olmadan qanunsuz sökülmüş və bu müddət ərzində (11 il) heç bir abadlıq işləri aparılmayaraq, mülkiyyət (istifadə) hüququ ilə ona məxsus obyektin yerləşdiyi torpaq sahəsi istifadəsiz qalmışdır. Vərəsəlik və mülkiyyət hüquqlarına əsasən, inzibati qanunvericiliyə uyğun olaraq, yuxarıda qeyd edilən sərancamla ayrılmış torpaq sahəsinə mülkiyyət (istifadə) hüququnun və qanunsuz sökülmüş əmlakının bərpası məqsədilə, müvafiq qurumları tərəfindən həmin torpaq sahəsini naturada müəyyən edərək ona dair texniki və digər təşkilatıi sənədlərin tərtib olunması habelə öz vəsaiti hesabına obyektin şəhərin memarlıq üslubuna uyğun bərpa edilməsi üçün lahiyə eskizin təsdiq edilməsi barədə göstərişlərin verilməsini Gəncə Şəhər İcra Hakimiyyətindən xahiş etmiş, lakin cavabdeh inzibati orqan müraciətinə mahiyyəti üzrə deyil, müccərəd şəkildə cavab verərək, müxtəlif bəhanələrlə əsassız olaraq, müvafiq təşkilati və sənədləşmə işlərinin aparılmasından imtina etmiş, eyni zamanda sözügedən qeyri-yaşayış öbyektin sökülməsi ilə əlaqədər Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı qərar verilmədiyini bildirmişdir. Bununla da cavabdeh vaxtilə qəbul etdiyi və hüquqi qüvvəsini saxlamış qərardan irəli gələn öhdəliklərin icrasından yayınmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 2621 nömrəli sərəncamından görünür ki, “Dostluq” Assosasiyasının xx.xx.1992-ci il tarixli 7-04/81 nömrəli məktubu nəzərə alınaraq Vəli Xuluflu küçəsində ticarət passajının qarşısında 15.0x9.0 m. ölçüdə Assosasiyanın yeməkxanasının tikintisinə icazə verilmişdir. -Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısının Aparatının xx.xx.2022-ci il tarixli Ə- 203/2-149/2-Z11 nömrəli məktubunda bildirilir ki, sözügedən qeyri-yaşayış binasının sökülməsi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı qərar verilməmiş və üzərinə öhdəlik götürülməmişdir. -Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının xx.xx.2022-ci il tarixli, 1374(398)/3 nömrəli məktubundan görünür ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 2621 nömrəli sərəncamına heç bir sənəd əlavə olunmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 2621 nömrəli sərəncamı ilə “Dostluq” X2 küçəsində ticarət passajının qarşısında 15.0x9.0 m. ölçüdə yeməkxana tikintisinə icazə verilmiş, lakin torpaq sahəsi ayrılmamış, eyni zamanda yeməkxananın yerləşəcəyi sahənin koordinatlarını, sərhədlərini və coğrafi mövqeyini müəyyən edən sənəd hazırlanaraq verilməmiş, eyni zamanda yeməkxana 2011-ci ildə sökülmüşdür. Odur ki, hazırda sözügedən yeməkxananın yerləşdiyi torpaq sahəsinin naturada müəyyən edilməsi və texniki sənədlərin hazırlanması tələbi əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: -1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlətnəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. -1.2-ci maddəsinə əsasən xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur. -3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının 22 dekabr 1998-ci il tarixli Qanunun 10-cu maddəsinə əsasən torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi, şəxsin mülkiyyətində, sərəncamında və ya daimi istifadəsində olan torpaq sahəsinin həmin torpaq sahəsinə dair tərtib edilmiş sənədlərə uyğun olaraq yerində müəyyən edilib ölçülməsi və sərhədlərinin müəyyən edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin öhdəliyi kimi müəyyən edilmişdir. Hazırki iş üzrə yuxarıda qeyd olunduğu kimi yeməkxananın ikintisi nəzərdə tutulan torpaq sahəsinin ayrılması prosedurlarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada riayət edilmədiyinə görə qeyri-müəyyən sahəyə dair texniki sənədlərin hazırlanması da hər-hansı qurum tərəfindən mümkün olmayacaqdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin naturada müəyyən olunması, texniki və digər sənədlərin tərtib edilərək təhvil verilməsi və obyektin layihə eskizinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar