Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-56/2023 28.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin olunmuş 2-ci qrup əlilliyin bərpa olunması barədə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2-ci qrup əlil olmuş, lakin, heç bir əsas olmadan ona təyin edilmiş 2-ci qrup əlillik dayandırılmış və əlilliyə görə verilən pensiya kəsilmişdir. Elektroensefaloqramma müayinəsinə əsasən iddiaçıda beyinin biocərəyan fəallığı damar tipli dəyişiklik əlamətləri səciyyələnir və funksional pozulmalarla təzahür olunur, beyin qabığı ilə qabıqaltı mərkəzlər arasında əlaqələrin zəifləməsi, ləngedici proseslərin üstünlük təşkil etməsi əlamətləri nəzərə çarpır. Həmçinin iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək Respublika Psixiatriya xəstəxanasında müalicə almış və müalicənin nəticəsi:-zahirən narahatdır, bir yerdə qərar tutmur, əhvalı enikdir, davranışı qeyri-adidir və ünsiyyətə həvəssizdir. Verilən suallara əsəbi cavab verir, emosionaldır. Evə buraxılarkən sahə həkiminin nəzarəti tövsiyyə olunmuşdur. Ona təyin olunmuş 2-ci qrup əlillik dərəcəsinin bərpa olunması ilə bağlı cavabdeh orqana müraciət etməyinə baxmayaraq, bu günədək heç bir cavab verilməmişdir. Bu səbəbdən də, mövcud tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının vəkili Vəkil əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş TSEK müayinələrinə dair alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə “MSS-nin üzvü xəstəliyinin kəllə beyin travması qalıq əlamətləri tez-tez baş verən qıcolma tutmaları Şəxsiyyət dəyişikliyi ilə” diaqnozuna əsasən 1 il müddətinə 2-ci dərəcə əlillik, eyni diaqnoza əsasən xx.xx.2014-cü il tarixdə 1 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2015-ci il tarixdə “Üzvi mənşəli şəxsiyyət pozuntusu, MSS-nin üzvü xəstəliyi (travmatik mənşəli) nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişkənliyi psixopatabənzər davranış və tez-tez baş verən dekompensasiyalarla” diaqnozuna əsasən 1 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2016-cı il tarixdə eyni diaqnoza əsasən 5 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2022-ci il tarixdə “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Mərkəzi sinir sisteminin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişkənliyi. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Tez-tez baş verən dekompensasiyalarla psixotabənzər davranış.” diaqnozuna əsasən 5 il müddətinə 3-cü dərəcə əlillik təyin edilmişdir. -işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, T 496/2022 nömrəli ekspert rəyində bildirilir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı göndərişində qeyd edilmiş “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Mərkəzi sinir sisteminin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişkənliyi. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Tez-tez baş verən dekompensasiyalarla psixotabənzər davranış.” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair" Əsasnamədə olan xəstəliklərin 2.3.9-cu bəndinə uyğun 5 il müddətinə əlillik dərəcəsi düzgün təyin edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2011-ci il tarixdə “MSS-nin üzvü xəstəliyinin kəllə beyin travması qalıq əlamətləri tez-tez baş verən qıcolma tutmaları Şəxsiyyət dəyişikliyi ilə” diaqnozuna əsasən 1 il müddətinə 2-ci dərəcə əlillik, eyni diaqnoza əsasən xx.xx.2014-cü il tarixdə 1 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2015-ci il tarixdə “Üzvi mənşəli şəxsiyyət pozuntusu, MSS-nin üzvü xəstəliyi (travmatik mənşəli) nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişkənliyi psixopatabənzər davranış və tez-tez baş verən dekompensasiyalarla” diaqnozuna əsasən 1 il müddətinə 2ci dərəcə əlillik, xx.xx.2016-cı il tarixdə eyni diaqnoza əsasən 5 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2022-ci il tarixdə “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Mərkəzi sinir sisteminin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişkənliyi. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Tez-tez baş verən dekompensasiyalarla psixotabənzər davranış.” diaqnozuna əsasən 5 il müddətinə 3-cü dərəcə əlillik təyin edilmişdir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, ona təyin olunmuş 2-ci qrup əlilliyin bərpa olunmasını tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrinin müəyyən edilməsi, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyasına şərait yaradılması, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunması, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsi, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlər “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.3. bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Məhkəmə iddiaçıda olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci maddəsində göstərilən 2-ci dərəcə əlillik verilməsinə əsas olan xəstəliklərin əhatə dairəsinə düşübdüşməməsini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 müraciət etmişdir. Ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçının göndərişində qeyd edilmiş diaqnozla əlaqədar İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair" Əsasnamədə olan xəstəliklərin 2.3.9-cu bəndinə uyğun 3-cü dərəcə əlillik dərəcəsi düzgün təyin edilmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya 5 il müddətinə 3-cü dərəcə əlillik təyin edilməsi ilə bağlı hərəkətləri qanunamüvafiq olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-56/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-56/2023
28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver