Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-560/2025 17.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı və üçüncü şəxs Bərdə rayon Mirzalıbəyli bələdiyyəsinin nümayəndəsi X9 və X2nun iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsi) qarşı “torpaq sahəsinin mülkiyyət hüququnun qeydə alınması və plan və ölçü sənədinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin 20 aprel 2002-ci il tarixli, 04 saylı qərarına əsasən həyətyanı torpaq sahəsindən 0,10 ha torpaq sahəsinin ev tikmək məqsədi ilə İddiaçı satılması qərara alınmışdır. Torpaq sahəsinə dair xx.xx.2002-ci il tarixdə sahə seçmə aktına əsasən ayrılmış 0,10 hektar torpaq sahəsi şimaldan yol ilə,qərbdə Alıyeva Balının həyatyanı torpaq sahəsi ilə,cənubdan KPİ torpağı ilə,şərqdən isə Mirzalıbəyli kəndi ilə həmsərhəddir. xx.xx.2002-ci il tarixli 11 nömrəli qəbz ilə müəyyən edilir ki, X7 tərəfindən torpaq satışı ilə bağlı Mirzalıbəyli bələdiyyəsinin hesabına 930000 manat məbləğində ödəniş edilmişdir. Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 08 nömrəli arayışına əsasən Bərdə rayonu Mirzalıbəyli kənd sakini İddiaçı hazırda istifadəsində və sahibliyində olan 0,10 ha torpaq sahəsi həqiqətən də Mirzalıbəyli bələdiyyəsinin 20.042002-ci il tarixli 04 nömrəli iclasının qərarı ilə ona fərdi yaşayış evi tikməsi üçün ayrılmış və satılmış 0,10 ha torpaq sahəsidir. Vətəndaş İddiaçı həmin torpaq sahəsindən 2002-ci ildən etibarən istifadə etməklə ona sahiblik edir, həmin torpaq sahəsindən tikililər inşa etdirmiş, çox illik ağaclar əkmişdir və həmin torpaqdakı tikilidə yaşayır. İddiaçı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətinə idarənin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-A-0006-8/2024 nömrəli imtina məktubundan görünür ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, tərəfinizdən 0.10 ha torpaq sahəsinin ayrılması barədə Bərdə Rayon Mirzalıbəyli Bələdiyyəsinin 20 aprel 2002-ci il tarixli 04 nömrəli qərarı, torpaq sahəsinin sahəseçmə aktı, torpaq sahəsinin planı təqdim edilmiş, lakin torpaq sahəsinin alqı-satqısına dair akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin yerləşmə yerinin koordinatlarını müəyyən edən plan və ölçü sənədi təqdim olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim edilməlidir. Sözügedən torpaq sahəsinə dair koordinatları əks etdirən sənəd (plan və ölçü sənədi) təqdim olunmadığına görə torpaq sahəsinin başqa mülkiyyətçiyə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi, həmçinin hər hansı kommunikasiya xətlərinin mühafizə zolağına və ya sürüşmə zonasına düşməsini müəyyən etmək mümkün deyildir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə ona Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 04 saylı iclasının qərarı ilə Bərdə rayonu Mirzalıbəyli kəndində fərdi yaşayış evi tikməyi üçün ayrılmış 0,10 ha həyətyanı torpaq sahəsinə dair adına xüsusi mülkiyyət sənədlərinin hazırlanıb verilməsi vəzifəsinin qoyulmasınaı xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmışdır. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır.
1. Bərdə rayonu, Mirzalıbəyli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 04 saylı qərarı ilə X1 0.10 ha və Mirzalıbəyli bələdiyyəsinin xx.xx.2002-ci ıl tarixli 05 saylı qərarı ilə X3 0.09 ha torpaq sahəsini birləşdirərək faktiki birgə istifadə etdikləri 0.22 ha həyətyanı torpaq sahəsi elektron məlumat bazasına əsasən yaşayış məntəqələri torpaqları olmaqla bələdiyyə mülkiyyətinə aid həyətyanı torpaq sahəsidir.
2. Elektron məlumat bazasına əsasən həmin torpaq sahəsi üzərində başqa şəxsin, şəxslərin və ya orqanların hüquqları, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır.
3. Torpaq sahəsi üzərində mühəndis kommunikasiya xəttləri mövcud olmadığından qaz kəmərinin, elektrik xəttinin qoruma zolağına və eləcə də, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşmür.
4. Elketron məlumat bazasında, qeydə alınması nəzərdə tutulan torpaq sahəsi, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşmə mövcud deyil. Lakin yuxarıda adları qeyd edilən iddiaçı X10 və digər şəxs X11 birlikdə faktiki istifadə etdikləri 0.22 ha həyətyanı torpaq sahəsi üzərində istifadələrində olan fərdi yaşayış evindən, birgə istifadə edirlər. Bu sxematik planda öz əksini tapmışdır.
5. Faktiki istifadə edilən torpaq sahəsinin koordinatları və ölçüləri rəyə əlavə olunmuş sxematik planda öz əksini tapmışdır.
6. Bərdə rayonu, Mirzalıbəyli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 04 saylı qərarı ilə X1 0.10 ha torpaq sahəsi, elektron məlumat bazasına əsasən satıldığı zaman, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaq sahəsi olmuşdur.
7. X5 faktiki istifadə etdiyi ( naturada təqdim etdiyi) torpaq sahəsi, keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin tərəfindən tərtib edilmiş yerquruluşu planı ilə 1:2000 miqyasa uyğundur. 8.Torpaq sahəsinə dair rəy, Bakı təsərrüfatı Mirzalıbəyli kəndi ərazisində aparılmış ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən hazırlanmışdır. İddiaçı və üçüncü şəxs Bərdə rayon Mirzalıbəyli bələdiyyəsinin nümayəndəsi X9 və X2 məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 04 saylı qərarı ilə ona satılmış, faktiki istifadəsində olan 0,10 ha torpaq sahəsinin mülkiyyət hüququnun qeydə alınması və faktiki istifadəsində olan 0,10 ha torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Üçüncü şəxs Bərdə rayon Mirzalıbəyli bələdiyyəsinin nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbinə etirazının olmadığını bildirmişdir. X2 məhkəmə iclasında bildirmişdir ki, İddiaçı faktiki istifadə etdiyi (naturada təqdim etdiyi) torpaq sahəsi, keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin tərəfindən tərtib edilmiş yerqurluşu planı ilə 1:2000 miqyasa uyğundur. Torpaq sahəsinə dair rəy, Bakı təsərrüfatı Mirzalıbəyli kəndi ərazisində aparılmış ilkin torpaq islahatıa dair kompleks yerquruluşu layihəsinə əsasən hazılanmışdır..
Əsaslandırıcı hissə:
İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin 20 aprel 2002-ci il tarixli, 04 qərarı əsasında bələdiyyə torpağından 0,10 ha ha torpaq sahəsi iddiaçıya satılmışdır. İddiaçı tərəfindən bələdiyyənin hesabına ödəniş edilmişdir. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinə (həmin torpaq sahəsi satılan zaman qüvvədə olan redaksiyası) əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 68-ci maddəsində qeyd olunur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı mübahisə üzrə cavabdeh orqan sənədlərdə bir sıra çatışmazlıq olmasına istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, işdəki mütəxəssis rəyinə yaşayış məntəqələri torpaqları olmaqla bələdiyyə mülkiyyətinə aid həyətyanı torpaq sahəsidir, həmin torpaq sahəsi üzərində başqa şəxsin, şəxslərin və ya orqanların hüquqları, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır, torpaq sahəsi üzərində mühəndis kommunikasiya xəttləri mövcud olmadığından qaz kəmərinin, elektrik xəttinin qoruma zolağına və eləcə də, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşmür, qeydiyyata aliınmış torpaq sahəsi ilə üst-üstə düşmə mövcud deyil, faktiki istifadə edilən torpaq sahəsinin koordinatları və ölçüləri rəyə əlavə olunmuş sxematik planda öz əksini tapmışdır, satıldığı zaman, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaq sahəsi olmuşdur, ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən əsaslanılmışdır. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 04 saylı qərarı ilə İddiaçı satılmış, faktiki istifadəsində olan 0,10 ha torpaq sahəsinin mülkiyyət hüququnun qeydə alınması və faktiki istifadəsində olan 0,10 ha torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva