Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-561/2022 18.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə X1rşı tədris dilini bilmə səviyyəsinin yenidən qiymətləndirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bakalavr dərəcəsi üzrə aldığı ali təhsil hüququ tanınmaqla 02.06.2018-ci il tarixli, B18 020629 qeydiyyat nömrəli ali təhsil haqqında diplomunun tanınmasına və ali təhsil hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) 28.01.2022-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz olunmasını və iddia tələbini dəqiqləşdirərək iddiaçının tədris dilini bilmə səviyyəsinin yenidən qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasının həmin tarixli protokol qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci il tarixdə Ukrayna Dövlət Milli Mülki Müdafiə Universitetinin «Yanğından mühafizə və Yanğından Mühafizə eksperti» ixtisası üzrə təhsilini başa vurmuş və bunun əsasında ixtisası üzrə X2 Komissiyasının ixtisası üzrə təhsil almağı təsdiq edilmişdir. Bundan sonra ona 02.06.2018-ci il tarixdə, B18 020629 qeydiyyat nömrəli ali təhsil almağı ilə bağlı Bakalavır dərəcəsi ilə diplom verilmişdir. Bundan sonra cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə ali təhsil haqqında diplomunun tanınması ilə bağlı elektron ərizə ilə müraciət etmiş, lakin müraciətinə əsassız olaraq cavabdeh tərfindən imtina edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür ki, ali təhsili qanuni olmaqla ona verilmiş B18 020629 nömrəli diplom Ukrayna Təhsil Nazirliyinin Akkreditasiya Komissiyası tərəfindən verilmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etirazında bildirmişdir ki, iddiaçının aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə onlara müraciətinə baxılaraq 01.10.2019-cu il tarixdə keçirilmiş müsahibə əsnasında ərizəçinin tədris dili üzrə biliklərinin yoxlanılması zamanı tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş hesab olunmaması səbəbilə ona müvafiq sənədin verilməsindən imtina edilmiş və bu barədə məlumat 29.11.2019-cu il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na (bundan sonra mətndə Qaydalar) uyğun gəlmədiyi müəyyən edilmişdir. Sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru, həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Konvensiyanın Vİ.1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və izahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsinə görə ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Eyni zamanda, Konvensiyanın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesfik fənn üzrə araşdırma nəticələrini dərketməsini; problemi analizetmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və.s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilini qənaətbəxş səviyyədə bilməməsi onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus olan diplomun tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. İddiaçıya və cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı iştirak etməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İddiaçının və cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini B 18 020629 nömrəli, 02.06.2018-ci il tarixli bakalavr diplomu, ******* nömrəli diploma əlavə, 07.12.2018-ci il tarixli Apostil, elektron ərizə sistemindən çıxarış, elektron kabinetə göndərilmiş 29.11.2019-cu il tarixli bildiriş,, cavabdehin etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş B 18 020629 nömrəli, 02.06.2018-ci il tarixli bakalavr diplomundan görünür ki, İddiaçı 2018-ci ildə Ukraya Milli Müdafiə Universitetini bitirmiş və “yanğın təhlükəsizliyi” ixtisası üzrə bakalavr ali təhsil dərəcəsinə və “yanğın təhlükəsizliyi üzrə mütəxəssis” peşə ixtisasına yiyələnmişdir. Cavabdehin etirazının dəlilinin əsası ondan ibarətdir ki, tədris dili üzrə biliklərinin yoxlanılması zamanı tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş hesab olunmamışdır. Məhkəmə bu barədə qeyd edir ki, iddiaçının elektron ünvanına gəlmiş 29.11.2019-cu il tarixli elektron bildirişdən görünür ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamaı Ekspert qrupu tərəfidən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı müəyyən edilmişdir. Buna görə də Qaydaların 3.7-ci bəndinə əsasən, ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Lakin sözügedən bəndin tələblərindən görünür ki, tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması mənfi rəy üçün əsas deyildir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarı: 3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Göründüyü kimi, inzibati orqan tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış iddiaçının xeyrinə olan hallar nəzərə alınmamış, yalnız maddi hüquq normaları formal sadalanmaqla qərar qəbul olunmuşdur. “İnzibati icraat haqqında “Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. “İnzibati icraat haqqında“ Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 60.2. İnzibati orqan tərəfindən diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktda: ..; Maddə 60.2.4. maraqlı şəxsin müəyyən hərəkətlər etməsini və müəyyən hərəkətlərə yol verməsini və ya müəyyən hərəkətləri etməkdən çəkinməsini (öhdəliyin icrası şərtlərini) və ya öhdəliyin icrası ilə bağlı şərtlərin dəyişdirilməsini və ya yeni şərtlərin əlavə edilməsini müəyyən edən əlavə müddəalar nəzərdə tutula bilər. Maddə 60.3. Əlavə müddəalar inzibati aktın məqsədlərinə uyğun olmalıdır. Əlavə müddəalardan yalnız inzibati aktla birlikdə şikayət verilə bilər. Maddə 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Azərbaycan Respblikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: Maddə 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; Maddə 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; Maddə 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlmişdir ki, cavabdeh inzibati orqanın mübahisələndirilən inzibati aktı qəbul edərkən Qaydaları 3.7-ci bəndinin tələblərinə tam əməl etmədiyindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 01.10.2019-cu il tarixdə keçirilmiş müsahibə əsasında ərizəçinin tədris dili üzrə biliklərinin yoxlanılması zamanı tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş hesab olunmaması səbəbilə ona müvafiq sənədin verilməsindən imtinası əsassız sayılmalı və iddiaçının tədris dilini bilmə səviyyəsinin yenidən qiymətləndirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Bundan əlavə iddiaçı imtina barədə ona hər hansı məlumat verilmədiyi qeyd etsə də, iş materiallarına əlavə edilmiş, iddiaçıya ünvanlanmış 29.11.2019-cu il tarixli elektron bildirişdən görünür ki, müsahibə zamanı Ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə görə, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə iddiaçının tədris dilini bilmə səviyyəsinin yenidən qiymətləndirilməsi öhdəliyi qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-561/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-561/2022
18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver