Məhkəmə qərarları › İş №2-1(114)-562/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-562/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-562/2022 20.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı müavinətin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə 25.10.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Koronavirius (COVİD-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel və 23 iyun 2020-ci il tarixli qərarlarına əsasən təyin edilən aylıq 190 manat müavinətin verilməsindən cavabdehin imtinasının qanunsuz hesab edilməsi və müəyyən edilmiş qaydada qeydiyyatın aparılaraq həmin müavinətin bütün aylar üzrə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 15.11.2021-ci il tarixli 2-1(112)-11742/2021 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyatı üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının işsiz kimi qeydiyyata alınması və buna müvafiq olaraq COVİD-19 pandemiyası ilə əlaqədar yardım üçün müraciətinə SMS vasitəsi ilə imtina olunmuşdur. İmtinaya səbəb kimi iddiaçının ərinin kənd təsərrüfatı üzrə subsidiya aldığı qeyd edilmişdir. Halbuki iddiaçının ailəsinin adına belə bir subsidiya mövcud olmamışdır. İddiaçının bununla bağlı cavabdehə müraciəti cavabsız qalmışdır. Bu səbəbdən də hesab edir ki, Koronavirius (COVİD-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel və 23 iyun 2020-ci il tarixli qərarlarına əsasən təyin edilən aylıq 190 manat müavinətin verilməsindən cavabdehin imtinası qanunsuz hesab edilməli və müəyyən edilmiş qaydada qeydiyyatın aparılaraq həmin müavinətin bütün aylar üzrə ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, İddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ilin 07 aprel tarixli 127 nömrəli Qərarına əsasən nazirliklərin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılan zaman müəyyən olunmuşdur ki, iddiaçının əri X3 şəxs kənd təsərrüfatı üzrə subsidiya almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri”nin 2.3.8-ci yarımbəndinə əsasən 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə birdəfəlik ödəmənin təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş e-sosial.az portalından çıxarışdan görünür ki, İddiaçı müraciəti zamanı əri barədə məlumat üzrə kənd təsərrüfatı üzrə subsidiya aldığı aşkarlandığı üçün Nazirlər Kabinetinin 2020-ci ilin 07 aprel tarixli 127 nömrəli qərarına əsasən ona 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. -Aqrar Kredit və İnkişaf Agentliyinin 10.03.2022-ci il tarixli MİHO/1.2.2-2-2022-826 nömrəli məktubundan görünür ki, iddiaçının əri Ş.İ.Əliyev 2020-ci ildə EKTİS vasitəsilə bəyan etdiyi məlumatlara əsasən 2 (iki) baş buzova görə hesablanmış 200 azn (iki yüz manat) məbləğində subsidiya onun fermer kart hesabına köçürülmüşdür. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmışdır. Həmin Qərarla təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın:- -1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. -1.3-cü bəndinə əsasən birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. -2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. -2.2-ci bəndinə əsasənbirdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. -2.3-cü bəndinə əsasəndövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. 3.8-ci bəndinə əsasən birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. Cavabdeh orqanın etirazının məzmunundan görünür ki, iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsindən imtina edilməsinin əsası kimi həmin Qaydanın 2.3.8-ci bəndi qeyd olunmuşdur. Qeyd edilməlidir ki, iş materiallarında olan sübutlarla müəyyən edilmişdir ki, iddiaçı əri X1 X2 İnformasiya Sistemi vasitəsilə bəyan etdiyi məlumatlara əsasən 2 (iki) baş buzova görə hesablanmış 200 azn (iki yüz manat) məbləğində subsidiya onun fermer kart hesabına köçürülmüşdür. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.8-ci bəndinə əsasən 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə birdəfəlik ödəmənin verilməsi istisna edildiyindən iddia təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı müavinətin ödənilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar