Məhkəmə qərarları › İş №2-1(114)-562/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-562/2023

12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-562/2023 12.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 3 illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq xidmət etmişdir, xx.xx.2019-cu il tarixdə xəstəliklə əlaqədar Dövlət Sərhəd Xidmətindən ehtiyata buraxılmışdır. Xidməti vəzifələrinin icrası zamanı xəsarət almış, diz oynağından əməliyyat olunmuş və hərbi xidməti vəzifələrinin icrası ilə əlaqədar 3-cü dərəcə əlillik təyin edilmişdir. Kəşfiyyat və əks kəşfiyyat subyektidir. Mövcud qanunvericiliyin tələlərinə əsasən ona müvafiq kompensasiya ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də müraciəti cavabsız qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X4 iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixdə müvafiq komissiyada baxılmışdır. Komissiyanın xx.xx.2023-cü il tarixli 5 nömrəli protokoluna əsasən iddiaçının hamam otağında yıxılaraq xəsarət alması faktı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli, 180-24 nömrəli məxfi qrifli qərarının 2.6-cı bəndinin "e" yarımbəndinin təsir dairəsinə düşdüyü üçün maddi vəsaitin ödənilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2018-ci il tarixli, 274-20 nömrəli məxfi qrifli qərarına əsasən "Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları"nda dəyişikliklər edilmişdir. Qaydaların 2.6-cı bəndinin "d" yarımbəndindən sonra yeni "e" yarımbəndi əlavə edilmişdir. Bu Qaydaların 2.4-cü bəndinin "a", "g"-"x", "j" yarımbəndlərində nəzərdə tutulanlar istisna olmaqla, əməkdaş öz səhlənkarlığı nəticəsində şəxsi təhlükəsizlik qaydalarına riayət etmədikdə, habelə xidməti fəaliyyətinə, funksional vəzifələrinə və səlahiyyətlərinə bilavasitə aid olmayan hərəkət və ya hərəkətsizlik etdikdə maddi vəsait ödənilmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - surəti işə əlavə edilmiş Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş 163 nömrəli xəstəlik şəhadətnaməsindən görünür ki, iddiaçı diz oynağında yaranmış xəstəliklə bağlı sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmiş, xəstəliyin hərbi xidmət dövründə yaranması qeyd edilmişdir. - surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2019-cu il tarixli məktubunda bildirilir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 5 il müddətinə 3-cü dərəcə əlillik təyin edilmişdir. -cavabdehin nümayəndələri tərəfindən təqdim edilmiş və surəti işə əlavə edilmiş “Zədələnmə hallarının qeydiyyatı kitabı”ndan, Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan zabiti N.Mustafayevin və hazırda xidmətdə olan zabit E.Rzayevin izahatlarından görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixdə ezamiyyətdə olarkən qonaq evinin hamam otağında yıxılaraq sol diz oynağından xəsarət almışdır. - surəti işə əlavə edilmiş Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli 0305 nömrəli əmri ilə yaradılmış komissiyanın xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, iddiaçıya müvafiq vəsaitin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 180-24 nömrəli qərarının 2.6-cı bəndinin "e" yarımbəndinin təsir dairəsinə düşməsi (əməkdaş öz səhlənkarlığı nəticəsində şəxsi təhlükəsizlik qaydalarına riayət etmədikdə, habelə xidməti fəaliyyətinə funksional vəzifələrinə və səlahiyyətlərinə bilavasitə aid olmayan hərəkət və ya hərəkətsizlik etdikdə) əsası ilə məqsədəuyğun hesab edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Dövlət Sərhəd Xidmətində hərbi xidmətdə olmaqla, ezamiyyətdə olarkən qonaq evinin hamam otağında yıxılaraq xəsarət almış, həmin xəsarətə görə hərbi xidmətdən ehtiyata buraxılmış və ona müvafiq əlillik dərəcəsi verilmişdir. Cavabdeh orqan iddiaçının xəsarət almasını onun öz səhlənkarlığı nəticəsində şəxsi təhlükəsizlik qaydalarına riayət etməməsi ilə əlaqələndirməklə qanunla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli, 180-24 nömrəli qərarı ilə “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları" təsdiq edilmiş və həmin qaydalarda kompensasiya almalı olan subyektlərin dairəsi, kompensasiyanın ödənilməsi və ödənilməsindən imtina əsasları göstərilmişdir. Qeyd olunan Qaydalara 22 iyun 2018-ci il tarixli, 274-20 nömrəli qərara əsasən dəyişiklik edilmiş və Qaydaların 2.6-cı bəndinin "d" yarımbəndindən sonra yeni "e" yarımbəndi əlavə edilmişdir. Həmin yarımbəndin tələblərinə görə bu Qaydaların 2.4-cü bəndinin "a", "g"-"x", "j" yarımbəndlərində nəzərdə tutulanlar istisna olmaqla, əməkdaş öz səhlənkarlığı nəticəsində şəxsi təhlükəsizlik qaydalarına riayət etmədikdə, habelə xidməti fəaliyyətinə, funksional vəzifələrinə və səlahiyyətlərinə bilavasitə aid olmayan hərəkət və ya hərəkətsizlik etdikdə maddi vəsait ödənilmir. Qeyd edilməlidir ki, iddiaçının ezamiyyətdə olarkən qonaq evinin hamam otağında yıxılaraq xəsarət alması işin mübahisəsiz halıdır və bu hal cavabdeh tərəfindən də təkzib edilmir. Həmçinin qeyd olunur ki, iddiaçının yuxarıda qeyd olunan şəraitdə xəsarət alması onun səhlənkarlıq və şəxsi təhlükəsizlik qaydalarına riayət etməməsi anlamına gəlməyə əsas vermir. Belə ki, qonaq evinin və yaxud otelin adıçəkilən hissəsində hər-hansı rəftar qaydaları, başqa sözlə istifadə edən şəxsin etməli olduğu və ya qadağanedici rəftar heç bir qanunvericilik aktında nəzərdə tutulmamışdır. Beləliklə, cavabdeh orqan iddiaçıya müvafiq kompensasiya ödəməkdən iddiaçının xəsarət almasını öz səhlənkarlığı nəticəsində şəxsi təhlükəsizlik qaydalarına riayət etməməsi ilə əsaslandırmada haqlı olmamışdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı 3 illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar