Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-5626/2025 11.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı “X4” X6in Cavabdeh qarşı işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş dövlət vəsaitinin geri qaytarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı “X4” X6in Cavabdeh qarşı işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 1976,80 manat dövlət vəsaitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizsəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. “X4” X6 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli 3-17-2/3-2-615/2023 nömrəli əmrlə Cavabdeh “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 13.2.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən etibarən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində Cavabdeh 1976,80 manat vəsait nağdsız qaydada ödənilmişdir.
2. Təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən Cavabdeh ilə bağlı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu müəyyən olunmuşdur.
3. “X4” X6 Mərkəzi Mühasibatlıq və Təyinat filialının xx.xx.2024-cü il tarixli 3-17- 2/3-3-49/2024 nömrəli qərarına əsasən Cavabdeh təyin olunmuş işsizlikdən sığorta ödənişi xx.xx.2024-cü il tarixdən dayandırılmışdır.
4. “X4” X6 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən Cavabdeh artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin Filialın bank hesabına könüllü surətdə geri qaytarılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli 3-17-2/2-M-34897/2024 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. II. Məhkəmədə icraat
5. İddiaçı Agentlik Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 1976,80 manat dövlət vəsaitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Tələb onunla əsaslandırılmışdır ki, vətəndaş Cavabdeh (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 (bundan sonra - Agentlik) 29 yanvar 2024-cü il tarixində ərizə ilə müraciət edərək ona işsizlikdən sığorta ödənişi ilə bağlı təyinatın aparılmasını xahiş etmişdir. X1 və Təyinat filialı (bundan sonra Filial) tərəfindən Cavabdeh "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 13.2.1-ci maddəsinə əsasən 1 fevral 2024-cü il tarixindən etibarən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə 1976,80 manat vəsait nağdsız qaydada ödənilmişdir. Bildirilir ki, Qanunun 18.0.1-ci maddəsinə əsasən sığorta ödənişi alan şəxs "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edilməsi halı sığorta ödənişinin verilməsinin dayandırılması əsaslarındandır. Qanunun 5.2.1-ci maddəsinə əsasən işsizlikdən sığortaolunanın əsas vəzifələrindən biri sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməkdir. Məlumat üçün bildirilir ki, vətəndaş qanunvericiliyin müvafiq tələbi ilə əlaqədar tam məlumatlandırılmış və Cavabdeh ərizə və iltizam ilə sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməyi üzərinə öhdəlik götürmüşdür. Təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən cavabdehlə bağlı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu müəyyən olunmuş və 24 iyun 2024-cü il tarixli 3-17-2/3-3-49/2024 nömrəli qərarla cavabdehə işsizlikdən sığorta ödənişinin ödənilməsi dayandırılmışdır. Diqqət edilməli məqam ondan ibarətdir ki, işsizlikdən sığorta ödənişi təyinatı 1 fevral 2024-cü il tarixdən etibarən başlamış, lakin cavabdeh mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğuna baxmayaraq Agentliyə bununla bağlı məlumat verməmişdir. Göründüyü kimi şəxsə işsizlikdən sığorta ödənişinin təyinatı aparılan zaman onun qanunvericilikdə nəzərdə tutulan formada işsiz kimi qeydiyyatını məhdudlaşdıran hər hansı bir hal aşkarlanmamışdır. İşsizlikdən sığorta ödənişi üç ay ödənildikdən sonra MEİS-in müvafiq altsistemində Cavabdeh mülkiyyətində torpaq payının olduğu aşkar olunmuşdur. Həmçinin, cavabdeh özü mülkiyyətində torpaq payı olduğu halda işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı müraciət edərək sözügedən münasibətlər çərçivəsində vicdanlılıq tələbinin şərtlərini pozmuşdur. Bildirilir ki, Qanunun 2.0.15-ci maddəsinə əsasən işsizlikdən sığorta fondu – dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş "Sığorta ödənişinin verilməsi Qaydası"nın 6.2-ci maddəsinə əsasən Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Yuxarıda qeyd edilən təyinata əsasən cavabdehə artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin Filialın bank hesabına könüllü surətdə geri qaytarılması ilə əlaqədar Filial tərəfindən 24 iyun 2024-cü il tarixli 3-17-2/2-M-34897/2024 nömrəli xəbərdarlıq məktubu ünvanlanmışdır. Ancaq cavabdeh tərəfindən qeyd edilən xəbərdarlıq məktubuna ümumiyyətlə münasibət bildirilməmiş, artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin könüllü surətdə Filiala geri qaytarılması ilə əlaqədar qanunvericiliyin tələbi icra edilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən ona işsizlikdən sığorta ödənişinin təyinatı aparıldığı zaman məşğul şəxs olmuşdur və bununla bağlı Qanunun 5.2.1-ci maddəsində nəzərdə tutulan öhdəliyin icra edilməməsi nəticəsində işsizlikdən sığorta ödənişinin artıq ödənilməsi ilə nəticələnən təqsirli hərəkətlər icra edilmişdir. Əsaslandırma hissəsi:
7. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
8. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
9. İş materialları ilə müəyyən olunur ki, “X4” X7 tərəfindən Cavabdeh “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən etibarən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və ona 1976,80 manat vəsait nağdsız qaydada ödənilmişdir. Daha sonra aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən Cavabdeh ilə bağlı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu müəyyən olunmuş və bu səbəbdən Cavabdeh təyin olunmuş işsizlikdən sığorta ödənişi xx.xx.2024-cü il tarixdən dayandırılmış, eyni zamanda iddiaçı orqan tərəfindən cavabdehə artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin Filialın bank hesabına könüllü surətdə geri qaytarılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli 3-17-2/2-M-34897/2024 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir.
10. Göründüyü kimi, iddiaçı inzibati orqan, cavabdeh isə fiziki şəxs olmaqla, cavabdehdən artıq ödənilmiş vəsaitin geri qaytarılması şəklində iddia qaldırılmışdır.
11. Halbuki, inzibati məhkəmədə inzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn, yəni inzibati mübahisələrə baxılır. Həmin mübahisələrin predmetini isə inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
12. ”İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı: Bənd 1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1-2.2. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bənd 11-12. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaiti; Maddə 18.0. Sığorta ödənişinin verilməsi aşağıdakı hallarda dayandırılır: 18.0.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə;
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”na görə: Bənd 6.1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18ci maddəsində göstərilən hallardan biri baş verdikdə, sığorta ödənişinin verilməsi dayandırılır. Bənd 6.2. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18ci maddəsində göstərilən səbəblərdən sığorta-olunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Bənd 7.2. Sığorta ödənişi almaq hüququ olan şəxslər sığorta ödənişinin verilməsi ilə bağlı Agentliyin işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilərlər.
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 82. Pul tələblərinin icra edilməsi 82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət icra məmurları (bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlara münasibətdə həmçinin xüsusi icra məmurları) tərəfindən icra edilir. 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.
16. İnzibati məhkəmə icraatında iddianın mahiyyəti üzrə araşdırılması yalnız onun qanunla müəyyən edilmiş mümkünlük şərtlərinə cavab verməsindən və iddiaçının məhkəmə müdafiəsinə hüquqi ehtiyacının mövcudluğundan asılıdır. Məhkəmə hesab edir ki, "məhkəmə müdafiəsinə ehtiyac" meyarını inzibati orqanların qaldırdığı iddialara tətbiq edərkən, ilk növbədə həmin subyektin publik-hüquqi təbiəti və malik olduğu xüsusi səlahiyyətlər nəzərə alınmalıdır. Belə ki, inzibati məhkəmə icraatında iddiaçı qismində çıxış edən inzibati orqanın hüquqi statusu fiziki və mülki-hüquqi şəxslərdən prinsipial şəkildə fərqlənir və bu fərqlilik iddianın mümkünlüyü şərtlərini bilavasitə müəyyən edir.
17. İnzibati orqanlar hakimiyyət səlahiyyətli subyektlər olaraq, hüquqi nəticə yaradan birtərəfli inzibati aktlar qəbul etmək səlahiyyətinə malik olduqlarından, onların məhkəməyə müraciəti yalnız öz səlahiyyətləri çərçivəsində mübahisəni həll etmək imkanından məhrum olduqları hallarda əsaslandırıla bilər. Məhkəməyə müraciət inzibati orqan üçün son çarə (ultima ratio) xarakteri daşımalıdır. Əgər qanunvericilik inzibati orqana qarşı tərəfdən hər hansı hərəkətin edilməsini (məsələn, pulun tutulması, dövlət əmlakının geri qaytarılmasını və digər) məcburi xarakterli akt qəbul etməklə tələb etmək səlahiyyəti verirsə, bu, inzibati orqanın "titul sahibi" funksiyasını daşıması deməkdir. Belə olan təqdirdə, isə özü icra sənədi yaratmaq gücündə olan orqanın məhkəmədən eyni nəticəni doğuran ikinci hüquqi titulun tələb edilməsi prosessual baxımdan əsaslı hesab edilə bilməz.
18. Buna baxmayaraq, hazırkı iş üzrə iddiaçı inzibati orqan yuxarıda qeyd olunan ultima ratio prinsipini və özünün publik-hüquqi icra səlahiyyətlərini nəzərə almadan, "Sığorta ödənişinin verilməsi Qaydası"nın 6.2-ci maddəsinə istinadla birbaşa məhkəməyə müraciət etmişdir.
19. Həmin norma nəzərdə tutur ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmadığı və bundan imtina edildiyi halda, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.
20. Lakin bu, məhz sığorta ödənişinin Agentliyə geri qaytarılması tələbi ilə bağlı iddia qaldırılmasını nəzərdə tutmur.
21. Həmin norma “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsi, eləcə də inzibati icraatın fundamental prinsipləri ilə birlikdə sistemli və məqsədyönlü şəkildə təfsir edilməlidir.
22. “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət icra məmurları (bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlara münasibətdə həmçinin xüsusi icra məmurları) tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.
23. Bu baxımdan “mübahisəyə məhkəmə qaydasında baxılır” ifadəsi inzibati aktın qəbulunu və icrasını istisna edən ilkin şərt kimi deyil, həmin aktın qanuniliyinin və əsaslılığının məhkəmə qaydasında qiymətləndirilməsini mümkün edən mexanizm kimi başa düşülməlidir. Normanın əks təfsiri inzibati icraatın mərhələliliyini aradan qaldırmaqla yanaşı, inzibati orqanların publik-hüquqi səlahiyyətlərinin faktiki olaraq məhkəməyə transferi ilə nəticələnə bilər ki, bu da inzibati hüququn məqsədlərinə uyğun deyildir.
24. Məhkəmə xüsusilə vurğulayır ki, həmin norma inzibati orqanın publik-hüquqi səlahiyyətlər çərçivəsində inzibati akt qəbul etmək və həmin aktı icraya yönəltmək imkanını aradan qaldırmır. Əksinə, bu norma inzibati səlahiyyətlərin həyata keçirilməsindən sonra fərdin məhkəmə müdafiəsinə çıxışını təmin etməklə, inzibati effektivliklə məhkəmə nəzarəti arasında zəruri hüquqi balansı formalaşdırır.
25. Hazırkı mübahisə üzrə də məhkəmə hesab edir ki, inzibati orqan əvvəlcədən cavabdehi xəbərdar etməklə artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin geri qaytarılmasına, bu mümkün olmadıqda, vəsaitin qaytarılmasına dair inzibati qərar qəbul edib onu birbaşa icraya yönəltmək imkanına malikdir.
26. Məhkəmə eyni zamanda vurğulayır ki, inzibati orqanın öz icra səlahiyyətlərini həyata keçirmədən birbaşa məhkəməyə müraciət etməsi məhkəməni inzibati icraatın ilkin mərhələsində qərar qəbul edən subyektə çevirmiş olardı ki, bu da Konstitusiyanın 7-ci maddəsində təsbit olunmuş hakimiyyətlərin bölgüsü prinsipinin funksional balansına ziddir. Hüquqi dövlət prinsipi isə inzibati orqanların icra səlahiyyətlərindən imtinasını deyil, həmin səlahiyyətlərin qanuni çərçivədə həyata keçirilməsini və sonradan effektiv məhkəmə nəzarətinə açıq olmasını tələb edir. Bu mexanizm inzibati özünümüdafiə (executio parata) prinsipinə uyğun olaraq dövlətə məxsus aktivlərin operativ, səmərəli və məqsədəuyğun şəkildə geri alınmasına xidmət edir.
27. Həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinin Gasus Dosier- und Fördertechnik GmbH Niderlanda qarşı (1995) işində formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanlarının publik maraqların təmin edilməsi məqsədilə ilkin məhkəmə sanksiyası olmadan inzibati icra mexanizmlərini (məsələn, əmlak üzərinə həbs qoyulması və ya müsadirə) tətbiq etməsi Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə zidd deyildir. Məhkəmə bəyan etmişdir ki, mülkiyyətə müdaxilə zamanı məhkəmə və ya tribunalın ilkin iştirakı mütləq şərt hesab edilmir. Konvensiyanın tələbləri o halda yerinə yetirilmiş sayılır ki, maraqlı şəxsin həmin tədbirlərin hüquqiliyinə etiraz etmək və öz arqumentlərini səlahiyyətli orqanlar, o cümlədən məhkəmə qarşısında müdafiə etmək üçün sonradan ağlabatan imkanı (reasonable opportunity) təmin edilmiş olsun (bax: Gasus Dosier- und Fördertechnik GmbH v. the Netherlands, § 73)."
28. Nəticə etibarilə, məhkəmə müəyyən edir ki, iddiaçının səlahiyyət dairəsində effektiv və hüquqi baxımdan əlçatan inzibati icra mexanizmi mövcud olmuş, məhkəməyə müraciət zərurətdən deyil, seçimdən irəli gəlmişdir. Bu hal subsidiarlıq, səmərəlilik və effektivlik prinsipləri ilə uzlaşmır, həmçinin, Ali Məhkəmənin Plenumunun 5 nömrəli qərarında formalaşdırılmış hüquqi mövqeyə uyğun olaraq məhkəmə müdafiəsinə hüquqi ehtiyacın mövcud olmadığını göstərir. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2813/2023 nömrəli qərarında da ifadə olunmuşdur.
29. Belə olan təqdirdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi inzibati müqavilədən irəli gələn və inzibati orqanın səlahiyyət dairəsinə daxil olan icra tədbiri olmaqla, inzibati icraat mexanizmlərindən istifadə edilmədən birbaşa məhkəməyə təqdim edildiyindən mümkün sayılmamalıdır.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
31. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva