Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-564/2022 28.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı qızının vəkili X1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə 24.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 30.03.2016-ci il tarixli, **********182200 nömrəli, 22.08.2016-ci il tarixli **********997100 nömrəli, 29.05.2018-ci il tarixli **********3151881 nömrəli və 11.10.2019-cu il tarixli **********718500 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 08.11.2019-cu il tarixli **********712900 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” qərarına əsasən iddiaçıdan dövlət büdcəsinə 193140,96 manat əsas, 20733,27 manat faiz, 24709,50 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 2385583,73 manat vergi borcunun tutulması qərara alınmışdır. İddiaçı hesab edir ki, aşağıda qeyd olunanlara əsasən mübahisələndirdiyi qərarlar ləğv edilməlidir. Belə ki, iddiaçı 2015-ci il tarixdə X11 etibarnamə vermişdir. Qeyd olunan şəxs etibardan sui-istifadə edərək onu aldatmışdır. Bununla bağlı hal-hazırda Bakı şəhəri, Yasamal rayon Məhkəməsində dələduzluqla bağlı cinayət işinin araşdırılması gedir. Həmin şəxsin özü də iddiaçıya ərizə yazıb bu borcların ona heç bir aidiyyəti olmadığını bildirmişdir. Belə olan vəziyyətdə 08.11.2019-cu il tarixli “Tələbin icraya yönəldilməsi haqqında” qərarın qəbul edilməsinə səbəb olmuş 30.03.2016-ci il tarixli, **********182200 nömrəli, 22.08.2016-ci il tarixli **********997100 nömrəli, 29.05.2018-ci il tarixli **********3151881 nömrəli və 11.10.2019-cu il tarixli **********718500 nömrəli qərarlar borcun yaranmasının səbəbkarı iddiaçı olmadığı üçün ləğv edilməlidir. Məhkəmənin 31.03.2022-ci il tarixli iclasında iddiaçının vəkili X1 ərizəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsi əlavə cavabdeh qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının vəkili X4 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X9 əvvəlki iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi 29.05.2018-ci il tarixli, **********158887 nömrəli qərar 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilməmişdir. Həmin qərar Vergilər Nazirliyi yanında X6 Araşdırılması Departamenti tərəfindən qəbul edilmişdir. Göründüyü kimi iddia 29.05.2018-ci il tarixli, **********158887 nömrəli qərarın ləğvi hissəsində cavabdehin düzgün müəyyən edilməməsi səbəbilə mümkünlük şərtinə cavab vermir. İddiaçının mübahəsələndirdiyi 30.03.2016-cı il tarixli **********182200 nömrəli, 22.08.2016-cı il tarixli, **********182200 nömrəli və 11.10.2019-cu il tarixli, **********718500 nömrəli qərarlar cavabdeh inzibati orqanın öz səlahiyyətləri daxilində qəbul etdiyi inzibati aktdır. Mübahisələndirilən qərarlar vergi orqanın 08 noyabr 2019-cu il tarixli “Tələbin icraya yönəldilməsi barədə” qərarı ilə icraya yönəldilmişdir. Sonradan iddiaçı tərəfindən cavabdehin 08.11.2019-cu il tarixli, **********712900 nömrəli qərarı məhkəmədə mübahisələndirmişdir. Həmin mübahisəyə Gəncə İnzibati Məhkəməsində baxılması zamanı məhkəmə tərəfindən 16.06.2021-ci il tarixli sərəncam göndərilərək mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olan qərarların mübahisələndirilə bilməsi iddiaçıya bildirilmişdir. İddiaçının 08.11.2019-cu il tarixli, **********712900 nömrəli qərarın ləğv edilməsi ilə bağlı iddiası üzrə Gəncə Apellyasiya Məhkəməsində keçirilmiş məhkəmə iclasında, eləcə də işin Gəncə İnzibati Məhkəməsində təkrar baxışı zamanı iddiaya qarşı tərtib olunmuş **********290000 nömrəli 09.07.2021-ci il tarixli etiraz məktubu ilə birlikdə həmin qərarın qəbuluna əsas olmuş qərarlar məhkəməyə təqdim olunmuş, eyni zamanda 08.11.2019-cu il tarixli **********712900 nömrəli qərara qoşma şəklində Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Göründüyü kimi iddiaçının qeyd olunan qərarlardan 05.03.2020-ci il tarixdən etibarən rəsmi olaraq xəbəri olmuş, eyni zamanda məhkəmələr tərəfindən də həmin qərarların mübahisələndirilə bilməsi dəfələrlə iddiaçıya bildirilmişdir. Lakin iddiaçı tərəfindən həmin qərarlar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülməklə 15 dekabr 2021-ci il tarixli iddia ərizəsi ilə məhkəmədə mübahisələndirilmişdir. Odur ki, qanunvericiliklə müəyyən olunmuş müddət ötürüldüyündən iddia mümkün sayılmamalıdır. Cavabdeh Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsinin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirmişdir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsinin 04.12.2017-ci il tarixli qərarı ilə iddiaçının fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə müvafiq olaraq növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi 18.04.2018-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, 29.05.2018-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar 21.06.2018-ci il tarixdə poçt vasitəsi ilə iddiaçıya təqdim edilmişdir. Göründüyü kimi mübahisələndirilən qərar üzrə iddia müddəti ötürülmüşdür. Bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. -70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. İş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən qərarların tarixi 30.03.2016-ci il tarixli, 22.08.2016-ci il tarixli, 29.05.2018-ci il tarixli və 11.10.2019-cu il tarixlidir və iddiaçı həmin qərarların mübahisələndirilməsi üçün prosessual müddəti ötürmüşdür. Bununla bağlı iddiaçıya 27.12.2021-ci il tarixli sərəncam göndərilərək, buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmiş və həmin sərəncam iddiaçı tərəfindən 05.01.2022-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən iddiaçıya prosessual müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmək hüququ izah edilməsinə baxmayaraq iddiaçı tərəfindən müvafiq ərizə ilə məhkəməyə müraciət edilməmişdir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-nin 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı : İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-564/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-564/2022
28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver