Məhkəmə qərarları › İş №2-1(114)-566/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-566/2020

13.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-566/2020 13.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı diaqnostik qiymətləndirməyə, atestasiyaya və sertifikasiyaya buraxılması tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək müəllimlərin diaqnostik qiymətləndirilməsi, atestasiyaya və sertifikasiyaya buraxılması üçün Cavabdeh üzərinə vəzifə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 2005-ci ildə Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialına “ibtidai təhsilin pedaqogika və metodikası” fakultəsinə daxil olmuş, 2010-cu ildə həmin İnstitutu bitirmiş və ona BN:200177 saylı ali təhsil sənədi, yəni diplom verilmişdir. xx.xx.2012-ci il tarixdən X5 adına Tovuz rayonu Köhnə Qala kənd tam orta məktəbində psixoloq vəzifəsində işləyir. Hazırda müəllimlərin diaqnostik qiymətləndirilməsi, atestasiyaya və sertifikasiyaya buraxılmır. Belə ki, buna səbəb X1 filialının rektorunun barəsində başlanılmış cinayət işi olmuşdur. X3 Məhkəməsinin hökmü ilə filialın rektoru barəsində hökm çıxarılsa da, filialda oxumuş tələbələrin diplomları, həmçinin iddiaçıya məxsus diplom saxta sayılmamışdır. Lakin diplom Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən müvəqqəti olaraq götürülmüşdür. Ona görə də hal-hazıra qədər öz işində işləyir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan və öhdəliyin icrası haqqında iddia qaldırmaq üçün ilkin olaraq cavabdeh inzibati orqana müraciət edilməsi tələb olunur. İddiaçı müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, tələbi təmin olunmadığı halda onun məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etmək imkanı yaranır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bununla bərabər, məhkəmə iddiaçının diqqətinə çatdırmayı zəruri hesab edib bildirir ki, “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları”nın 3-cü bəndinə əsasən diaqnostik qiymətləndirilməyə müəllimlər cəlb olunur. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 4.5-ci maddəsinə əsasən müəssisələrdə digər kadrları (müəllim köməkçiləri, tərbiyəçilər, defektoloqlar, loqopedlər, praktik psixoloqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, laborantlar, kitabxana müdiri və kitabxanaçılar) işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Qeyd olunan kateqoriyadan olan işçilərin çalışdıqları və yaxud digər ümumi təhsil müəssisəsinə müəllim vəzifəsinə işə qəbul edilməsi yalnız müsabiqə yolu ilə həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçıya izah edir ki, yalnız müəllimlər diaqnostik qiymətləndirilməyə cəlb olunduğundan, digər kadrların siyahısına daxil olan psixoloq kimi iddiaçı yalnız müsabiqə yolu ilə əvvəl müəllim vəzifəsinə işə qəbul edildikdən sonra diaqnostik qiymətləndirməyə cəlb olunmağı tələb etmək hüququna malik ola bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı diaqnostik qiymətləndirməyə, atestasiyaya və sertifikasiyaya buraxılması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan sürəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr. 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar