Məhkəmə qərarları › İş №2-1(114)-568/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-568/2021

16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-568/2021 16.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1968-ci ildə anadan olmuş X3 xx.xx.2019-cu il tarixdə Türkiyə Respublikasında ölməsinə dair ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-1050/2014 nömrəli qətnaməsi ilə iddiaçının cavabdeh X4 qarşı xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 üçün aliment tələbinə dair iddia təmin edilmiş, daha sonra həmin qətnamə icra olunması üçün DSMF-nin Gəncə şəhəri Kəpəz rayon şöbəsinə göndərilmiş və aliment 2-ci qrup əlil X3 pensiyasına yönəldilmişdir. 2020-ci ilin mart ayının 01-dən DSMF-nin Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən icra edilməmiş və bildirilmişdir ki, nazirlik tərəfindən ölmüş şəxs kimi V.Abbasovun pensiyası dayandırılmışdır. Ailə başçısını itirməyə görə uşağına pensiya almaq istəyir, lakin X3 ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən buna nail ola bilməmişdir. Bununla bağlı müxtəlif orqanlara, o cümlədən Ədliyyə Nazirliyinə müraciət etmişdir. Sonuncu müraciətə cavab olaraq X3 xx.xx.2019-cu il tarixdə Türkiyə Respublikasında vəfat etdiyi və bu barədə məlumatın “Əhalinin Dövlət Reyestri” informasiya sisteminə daxil edildiyi bildirmişdir. İddiaçı Cavabdehnə müraciət edərək X3 ölüm şəhadətnaməsinin verilməsini tələb etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -xx.xx.2014-cü il tarixli, AZ-İİİ 322394 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2010-cu il tarixdə doğulmuş və ata qrafasında X6 qeyd edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 05/2-Ş-14/15 nömrəli məktubundan görünür ki, araşdırma zamanı Vüqar Abbasovun xx.xx.2019-cu il tarixdə Türkiyə Respublikasında vəfat etdiyi və Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat göndərildiyi, habelə mövcud məlumatların “Əhalinin Dövlət Reyestri” informasiya sisteminə daxil edildiyi məlum olmuşdur. -Cavabdeh xx.xx.2020-ci il tarixli, 05/Q-1686 nömrəli məktubundan görünür ki, X2 ölüm haqqında akt qeydi aşkar edilmədiyinə görə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının övladının atası X7 xx.xx.2019-cu il tarixdə Türkiyə Respublikasında vəfat etməsi barədə məlumat vardır, iddiaçı ailə başçısını itirməyə görə uşağına pensiya almaq istəyir, lakin X3 ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən buna nail ola bilməmişdir. İddiaçı Cavabdehnə müraciət edərək X3 ölüm şəhadətnaməsinin verilməsini tələb etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının məzmunundan aydın olur ki, X3 ölümü barədə qeydlər olmadığından cavabdeh orqan “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a istinad edərək onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın:- -1.4-ci bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -8.1-ci bəndinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. -8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. -8.6-cı bəndinə əsasən ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. -8.14-cü bəndinə əsasən ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. İşin faktiki hallarından göründüyü kimi vətəndaş X3 ölümü xx.xx.2019-cu il tarixdə Türkiyə Respublikasında baş vermişdir və həmin şəxsin ölüm səbəbi (hansı ki, şəhadətnamədə göstərilməlidir) qeydiyyat şöbəsi üçün aydın deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın:- -13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. -14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. -15-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydləri qeydiyyat şöbələrində və konsulluq idarələrində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin arxivi və ya vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivi tərəfindən təsdiq edilir. -16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İşin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, qeydiyyat şöbəsində ölüm akt qeydi və onun işlənməsi üçün əsas olmadığından həmin orqan ölüm haqqında şəhadətnamə verə bilməz. Odur ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar