Məhkəmə qərarları › İş №2-1(114)-568/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-568/2024

21.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-568/2024 21.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və ünvanlı dövlət sosial yardımının dayandırıldığı vaxtdan bərpa olunması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı xx.xx.2023-cü il tarixdə təyin olunmuş ünvanlı dövlət sosial yardımın dayandırılması barədə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********2601 nömrəli müraciətinə əsasən, “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişətin müayinəsi üzrə mərkəzi filialı tərəfindən aparılmış maddi-məişət şəraitinin müayinəsi nəticəsində ailəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 596,50 manat məbləğində ÜDSY ödənişi təyin olunmuşdur.

2. Daha sonra ailəyə təyin olunmuş sosial yardımı almaq hüququna yenidən baxılması məqsədilə Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il monitorinq aparılmış və ailənin istifadəsində nəqliyyat vasitəsinin olması əsası ilə ünvanlı dövlət sosial yardım işi xx.xx.2023-cü il tarixdə dayandırılmışdır.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16-11/2-3778/2023 nömrəli arayışına əsasən İddiaçı adında və istifadəsində DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən hal-hazırda heç bir nəqliyyat vasitəsi qeydiyyatda yoxdur.

4. Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2023-cü il tarixli məlumatda göstərilmişdir ki, monitorinq üçün Ə/B-də qeyd olunan ünvanda olduq. Monitorinq təmsilçinin həyat yoldaşı ilə aparıldı. Mənzilin qaynanasına məxsus olduğunu və qaynanasının, qaynatasının Bakı şəhərində yaşadığını bildirdi. Ailə tərkibi 5 nəfərdən ibarətdir. Təmsilçinin həyat yoldaşı Ramiz Musayev adına internat məktəbində tərbiyəçi olaraq çalışır və aylıq 470 AZN əmək haqqı alır. Hasil bəyin heç bir yerdə çalışmadığını bildirdi. Monitorinq zamanı həyətdə avtomobilə məxsus ehtiyat təkərləri mövcud idi. Təmsilçinin avtomobil istifadə etməyi ilə bağlı sual verilən zaman həyat yoldaşı ailənin 1 ildən çoxdur ki, qaynı X3 məxsus olan VAZ2107 markalı **-DR-*** nömrəli nəqliyyat vasitəsi olduğunu bildirdi. Bildirdiyinə görə Hasil bəy hal-hazırda həmin həmin nəqliyyat vasitəsi ilə yas mərasiminə idarə edərək gedib. Qaynı Ramin bəyin Füzuli rayonunda çalışdığı üçün avtomobili qardaşı Hasil bəy idarə edir. Bildirdiyinə görə həmin nəqliyyat vasitəsi ailənin şəxsi işləri üçün daima istifadə olunur. Ailəyə Aylıq 600 AZN ÜDSY təyin olunub. Övladlarının qismən internat məktəbində təhsil aldığını bildirdi.

5. Ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə baxış zamanı müəyyən olunur ki, təmsilçinin avtomobil istifadə etməyi ilə bağlı verilən suallara cavab verərək, bildirmişdir ki, həyat yoldaşı 3-4 il əvvəl avtomobil idarə edirdi, əvvəllər avtomobili taksi kimi istifadə edirdi, indi isə yox. Həmin avtomobil onun qardaşına məxsusdur, hazırda hər hansı avtomobil idarə etmir. Daha sonra isə yoldaşının qardaşı cəbhə bölgəsində işlədiyinə görə ona məxsus avtomobili idarə etdiyini, hazırda yoldaşının yas yerinə avtomobillə getdiyini bildirmişdir.

6. Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair aa3e1861f3f64188b459d0aa0131831 nömrəli bildirişdən məlum olur ki, İddiaçı xx.xx.2023-cü il tarixli **********92601 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından ailənin istifadəsində nəqliyyat vasitəsinin olması səbəbi ilə imtina edilmişdir.

7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-136129/2023 nömrəli məktubunda göstərilmişdir ki, DİN Baş X8 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1988-ci il təvəllüdlü İddiaçı və xx.xx.1984-cü il təvəllüdlü X1 adlarında və ya etibarnamə ilə istifadələrində nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. Həmçinin, sorğu edilmiş “VAZ 21074” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən X2 adında qeydiyyatdadır.

8. Cavabdeh orqanın təqdim etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-148496/2023 nömrəli məktubunda bildirilmişdir ki, DİN Baş X8 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən İddiaçı adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. Sorğu edilmiş “VAZ 21074” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən X2 adında qeydiyyatdadır. Həmin nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (sərəncam hüququna dair), xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (istifadə hüququna dair), xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (sərəncam hüququna dair) İddiaçı etibarnaməsi olmuşdur.

9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-15109/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, İdarənin mərkəzi informasiya sistemində İddiaçı yol hərəkəti qayda pozuntusuna görə inzibati məsuliyyətə cəlb olunmasına dair məlumat mövcud deyildir. II. Məhkəmədə icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, aztəminatlı ailə kimi ailələrinə ünvanlı dövlət sosial yardımın dayandırılaraq imtina edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş qərarın ləğv edilməsi, təyin edilmiş ünvanlı dövlət sosial yardımın ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1988-ci ildə Bərdə rayonu, Qaraməmmədli kəndində anadan olmuş, hazırda həmin kənddə yaşayır. Ailə təmsilçisi olduğu ailələrinə ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün “Ünvanlı dövlət sosial yardım” haqqında Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaların”na uyğun olaraq 2023-cü ilin fevral ayında Vahid elektron müraciət və təyinat alt sisteminə (VEMTAS) müraciət etmişdir (ÜDSY üçün ərizə nömrəsi **********926). Ailələrinin maddi məişət şəraiti nazirlik işçiləri tərəfindən müayinə edildikdən sonra xx.xx.2023-cü il tarixindən ailələrinə aylıq 596,50 manat məbləğində 1 il müddətinə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Təyin edilmiş sosial yardım xx.xx.2023-cü il tarixinədək ödənilmişdir. Nazirlik tərəfindən 2023-cü ilin iyul ayında təkrarən ailənin maddi məişət şəraitinin müayinəsi aparılan zaman ailələrinin istifadəsində nəqliyyat vasitəsi olmadığı halda düzgün olmayaraq ailənin istifadəsində nəqliyyat vasitəsi olduğu qeyd edilərək təyin edilmiş sosial yardımın ödənişinin dayandırılması barədə imtina qərarı verilmiş və bu barədə onlara heç bir məlumat verilməmişdir. Yalnız sosial yardımın növbəti ödənişi zamanı bilmişlər ki, ailələrinə təyin edilmiş sosial yardımın ödənişi dayandırılmışdır. Qeyd etmək istəyir ki, nədənsə (VEMTAS) Vahid elektron müraciət və təyinat alt sistemində sosial yardımın hansı səbəbdən dayandırılması haqqında məlumata baxış edilməsi nazirlik tərəfindən bağlanılmışdır. Məlumat üçün bildirir ki, onun mülkiyyətində və istifadəsində heç bir nəqliyyat vasitəsi yoxdur, heç bir nəqliyyat vasitəsindən istifadə etmir. Bu Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin rəsmi arayışı ilə təsdiq olunur. “Ünvanlı dövlət sosial yardım” haqqqında Azərbaycan Respublikasının Qanununa əsasən sosial yardım hüququna orta aylıq gəlirləri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Nədənsə ailənin maddi məişət şəraitinin monitorinqini aparan şəxslər bütün vasitələrdən istifadə edərək bu yardımın ödənişinin dayandırılmasına çalışırlar. Necə ki, ailələrinin sosial yardım almaq hüququna imtina qərarı verərək ailələrinin yaşayış səviyyəsini hədsiz dərəcədə pisləşdirmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4.3-cü maddəsində hansı halların sosial yardımın dayandırılmasına səbəb olması barədə ətraflı qeyd edilmişdir. Nazirlik tərəfindən həmin qaydaların tələbi pozularaq sosial yardımın dayandırılmasına səbəb olacaq heç bir hal olmadan qanunsuz olaraq aztəminatlı ailələrinə təyin edilmiş sosial yardımın ödənişi dayandırılmışdır.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

13. İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2023-cü il taruixdə təyin olunmuş ünvanlı dövlət sosial yardımın dayandırılması barədə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

21. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər.

22. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixdə etiraz ərizəsi məhkəməyə daxil olmuşdur.

23. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********92601 nömrəli müraciətinə əsasən, “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişətin müayinəsi üzrə mərkəzi filialı tərəfindən aparılmış maddi-məişət şəraitinin müayinəsi nəticəsində ailəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 596,50 manat məbləğində ÜDSY ödənişi təyin olunmuşdur. Daha sonra ailəyə təyin edilmiş sosial yardımı almaq hüququna yenidən baxılması məqsədilə Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il monitorinq aparılmış və ailənin istifadəsində nəqliyyat vasitəsinin olması aşkar edilmişdir. Belə ki, keçirilmiş monitorinq zamanı təmsilçinin arvadı X4 əri İddiaçı istifadəsində X3 məxsus “Vaz-2107” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olduğunu bildirmişdir. Həyata keçirilmiş monitorinq videoçəkilişlə qeydə alınmış, müayinə zamanı verilən məlumatlar akta qeyd edildikdən sonra X1 şəxsi imzası ilə təsdiqlənmişdir. Bu səbəblə “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarfna uyğun olaraq ÜDSY işi xx.xx.2023-cü il tarixdə dayandırılmışdır. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

24. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

25. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, onun evinin həyətində həqiqətən də təkərlər mövcuddur, hətta həmin təkərlər onun ailəsinə ünvanlı dövlət sosial yardımı təyin olunan zaman həyata keçiirlən məişət şəraitinin müayinəsi zamanı həyətdə olmuşdr. Orada yalnız minik avtomobilinə deyil, hətta traktor avtomobilinə aid olan təkərlər də var. Bunun səbəbi isə onun əvvəllər mal-qara saxlaması və mal-qara yemi üçün istifadə etdiyi otun torpaqdan nəm çəkərək xarab olmaması üçündür ki, həmin təkərləri otun altından torpağın üzərinə yerləşdirmişdir. Həmin təkərlərin hamısı köhnə və istifadəyə yararsız təkərlər olmuşdur. Onun nə istifadəsində, nə mülkiyyətində avtomobil yoxdur. O, bəzən ona lazım olan hallarda taksi tapmyan zaman qardaşına məxsus maşından istifadə edib, gedəcəyi yerə gedib-gəlmişdir. Lakin bu onun istifadəsində avtomobilin olmasınə göstərmir.

26. Cavabdehin nümayəndəsi Nümayəndə şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16-11/2-3778/2023 nömrəli arayışı; - Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair aa3e1861f3f64188b459d0aa0131831 nömrəli bildiriş; - Ünvanlı sosial yardımın təyin edilməsi barədə bildiriş; - Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2023-cü il tarixli məlumat; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-136129/2023 nömrəli məktubu; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-148496/2023 nömrəli məktubu; - Videoçəkilişin qeydə alındığı disk; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-15109/2023 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

28. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

29. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********2601 nömrəli müraciətinə əsasən, “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişətin müayinəsi üzrə mərkəzi filialı tərəfindən aparılmış maddi-məişət şəraitinin müayinəsi nəticəsində ailəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 596,50 manat məbləğində ÜDSY ödənişi təyin olunmuşdur. Daha sonra ailəyə təyin olunmuş sosial yardımı almaq hüququna yenidən baxılması məqsədilə Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il monitorinq aparılmış və ailənin istifadəsində nəqliyyat vasitəsinin olması əsası ilə ünvanlı dövlət sosial yardım işi xx.xx.2023-cü il tarixdə dayandırılmışdır.

30. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna görə: Maddə 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu; 1.0.4. ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi; 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10. Sosial yardım almaq hüququna yenidən baxılması: 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na görə: Bənd 1.1. Bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci bəndinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra – sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. Bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); Bənd 4.6. Ailəyə ev, mənzil (əgər bu ev və ya mənzil ailənin əmlakında və ya istifadəsində olan yeganə ev və ya mənzil deyildirsə) və nəqliyyat vasitəsi bağışlandığı hallarda, sosial yardımın verilməsi həmin halın baş verdiyi gündən dayandırılır. Bənd 4.7. Sosial yardım almaq hüququna baxılması zamanı sosial yardımın təyin olunmamasına, məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda, sosial yardımın verilməsi həmin gündən dayandırılır və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.

33. İş materiallarından da göründüyü kimi, cavabdeh inzibati orqan ünvanlı sosial yardımın dayandırılmasına səbəb kimi ailənin maddi-məişət şəraitinin yoxlanılması zamanı ailənin istifadəsində nəqliyyat vasitəsinin olmasının aşkar edilməsini əsas gətirmişdir. Lakin məhkəmə araşdırması zamanı həmin hal - ailənin istifadəsində nəqliyyat vasitəsinin olması öz təsdiqini tapmamışdır.

34. Belə ki, nəqliyyat vasitəsinin hər hansı şəxsin istifadəsində olması ona nəqliyyat vasitəsindən istifadə edilməsi hüquqları ilə bağlı verilmiş etibarnamə əsasında müəyyən edilir. Məhkəmənin sorğusuna alınmış cavab məktubları ilə müəyyən edilmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı (ailəni təmsil edən şəxs) və xx.xx.1984-cü il təvəllüdlü X1 (təmsilçinin həyat yodaşı) adlarında və ya etibarnamə ilə istifadələrində nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. “VAZ 21074” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən X2 adında qeydiyyatdadır.

35. Məhkəmə onu da qeyd edir ki, həmin nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (sərəncam hüququna dair), xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (istifadə hüququna dair), xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (sərəncam hüququna dair) İddiaçı etibarnaməsi olsa da, bu hal cavabdeh inzibati orqana ailəyə ünvanlı dövlət sosial yardımı təyin edərkən məlum olmuş və həmin hal (ünvanlı dövlət sosial yardım təyin edilənədək ailəni təmsil edən şəxsin nəqliyyat vasitəsinə istifadə hüququna dair etibarnaməsinin olması) ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina səbəbi olmamış və ailəyə 1 il müddətinə 596,50 manat məbləğində ÜDSY təyin edilmişdir.

36. Məhkəmə cavabdeh orqanın ünvanlı dövlət sosial yardımın dayandırmasına əsas kimi təqdim etdiyi ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə baxış keçirmiş və müəyyən etmişdir ki, təmsilçinin həyat yoldaşı onun avtomobil istifadə etməyi ilə bağlı verilən suallara cavab verərək, bildirmişdir ki, həyat yoldaşı 3-4 il əvvəl avtomobil idarə edirdi, əvvəllər avtomobili taksi kimi istifadə edirdi, indi isə yox. Həmin avtomobil onun qardaşına məxsusdur, hazırda hər hansı avtomobil idarə etmir. Daha sonra isə yoldaşının qardaşı cəbhə bölgəsində işlədiyinə görə ona məxsus avtomobili idarə etdiyini, hazırda yoldaşının yas yerinə avtomobillə getdiyini bildirmişdir. Həyətdəki təkərləri yoldaşı başqa məqsədlər üçün istifadə edirdi.

37. Məhkəmə bununla bağlı qeyd edir ki, həyətdə təkərlərin mövcud olması (hansı ki, çoxsaylı təkərlərin mövcudluğu diskdən görünür) onların məhz avtomobilin ehtiyat hissəsi kimi istifadə edilməsi mənasına gəlmir. İddiaçı da iclas zamanı bildirmişdir ki, onun evinin həyətində həqiqətən də təkərlər mövcuddur, hətta həmin təkərlər onun ailəsinə ünvanlı dövlət sosial yardımı təyin olunan zaman həyata keçirilən məişət şəraitinin müayinəsi zamanı həyətdə olmuşdur. Orada yalnız minik avtomobilinə deyil, hətta traktor avtomobilinə aid olan təkərlər də var. Bunun səbəbi isə onun əvvəllər mal-qara saxlaması və mal-qara yemi üçün istifadə etdiyi otun torpaqdan nəm çəkərək xarab olmaması üçündür ki, həmin təkərləri otun altından torpağın üzərinə yerləşdirmişdir. Həmin təkərlərin hamısı köhnə və istifadəyə yararsız təkərlər olmuşdur. Onun nə istifadəsində, nə mülkiyyətində avtomobil yoxdur. O, bəzən ona lazım olan hallarda taksi tapmyan zaman qardaşına məxsus maşından istifadə edib, gedəcəyi yerə gedib-gəlmişdir. Lakin bu onun istifadəsində avtomobilin olmasınə göstərmir.

38. Habelə, VAZ 21074” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı tərəfindən istifadə ediləcəyi təqdirdə, hansı ki, ona nəqliyyat vasitəsinə istifadə hüququnun verilməsi barədə etibarnamə mövcud olmadığı üçün yol hərəkəti qaydasının pozuntusuna görə inzibati məsuliyyətə cəlb edilməsi mümkün, hətta qaçınılmaz olacağından bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə sorğu verilmiş və cavab məktubunda İdarənin mərkəzi informasiya sistemində İddiaçı yol hərəkəti qayda pozuntusuna görə inzibati məsuliyyətə cəlb olunmasına dair məlumatın mövcud olmadığı bildirilmişdir.

39. Belə olan halda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.4-cü bəndinə əsasən sosial yardımın dayandırılması üçün əsasların mövcud olmadığından iddiaçıya ünvanlı sosial yardımın dayandırılması barədə cavabdehin hərəkətləri qanunsuz olmuşdur.

40. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ailəsinə xx.xx.2023-cü il tarixdə təyin olunmuş ünvanlı dövlət sosial yardımın dayandırılması barədə cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və ailəyə təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

41. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı ailəsinə xx.xx.2023-cü il tarixdə təyin olunmuş ünvanlı dövlət sosial yardımın dayandırılması barədə cavabdehin hərəkətləri qanunsuz hesab edilsin və ailəyə təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar