Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-57/2025 22.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, üçüncü şəxs, eyni zamanda digər üçüncü şəxslər X5, X2 qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X3, X5, X2 Gəncə şəhəri, Rəşid Allahverdiyev küçəsi, ev 17 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı tərəf: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1957-ci il tarixdə Daşkəsən rayonu, Çanaxçı kəndində anadan olmuş, xx.xx.2019-cu il tarixdən Gəncə şəhəri, Rəşid Allahverdiyev küçəsi, ev 17 ünvanında qeydiyyatda olmaqla yaşayır. 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, məhəllə 8, sahə 23 (hazırkı ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi X8 adına qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixli, **********85 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Sözügedən torpaq sahəsi 1 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2018-ci il tarixli, 4Ə-290 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X14 tərəfindən iddiaçıya satılmışdır. Müqavilə əsasında iddiaçıya xx.xx.2018-ci il tarixli, **********85 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra iddiaçının müraciəti əsasında Gəncə şəhəri, Rəşid Allahverdiyev küçəsi, ev 17 ünvanda yerləşən **********85-11301 reyestr nömrəli bağ evi üzərində iddiaçının xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayış əsasında X3, X5, X2 onun mülkiyyətində olan Gəncə şəhəri, Rəşid Allahverdiyev küçəsi, ev 17 ünvanda qeydiyyatda olduğunu bilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək ona məxsus olan evdən üçüncü şəxslər - X3, X5, X2 oğlunun Gəncə şəhəri, Rəşid Allahverdiyev küçəsi, ev 17 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-57/2-İ-110xx/xx/2023 nömrəli məktubda ona məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçı cavabdehə qarşı “X3, X5, X2 Gəncə şəhəri, Rəşid Allahverdiyev küçəsi, ev 17 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək üçüncü şəxslərin hamısının ona məxsus evdən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəf Cavabdeh iddiaya qarşı münasibət bildirməmiş və xx.xx.2025-ci il tarixli məktubla məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Üçüncü şəxs tərəfi: X9 xx.xx.1988-ci il tarixdə Xanlar rayonu, Alıuşağı kəndində anadan olmuş, əvvəllər Samux rayonu, Alıuşağı kəndində qeydiyyatda olmuş, xx.xx.2020-ci il tarixdən Gəncə şəhəri, Rəşid Allahverdiyev küçəsi, ev 17 ünvanda qeydiyyatdadır. X3 ilə X12 (iddiaçının övladı) arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmışdır. Tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X7 doğulmuşdur. X5 xx.xx.2011-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, əvvəllər Samux rayonu, Alıuşağı kəndində qeydiyyatda olmuş, xx.xx.2020-ci il tarixdən Gəncə şəhəri, Rəşid Allahverdiyev küçəsi, ev 17 ünvanda qeydiyyatdadır. X7 xx.xx.2013-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, əvvəllər ünvan 3 ünvanda qeydiyyatda olmuş, xx.xx.2020-ci il tarixdən Gəncə şəhəri, Rəşid Allahverdiyev küçəsi, ev 17 ünvanda qeydiyyatdadır. Gəncə Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(125)-307/2022 saylı qətnaməsinə ilə iddiaçı ilə cavabdeh X12 arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 anaları X1 yanında saxlanılması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən X6 X1 xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla, 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamə tələbin “nikahın pozulması” hissəsində xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. İddiaçı İsmayılova (Əliyeva) Sədaqət Çərkəz qızının cavabdehlər İddiaçı və X10 qarşı evə köçürülmə və yaşayış sahəsindən istifadə hüququ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan xx.xx.2011-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X7 ilə birlikdə cavabdeh İddiaçı adına olan mübahisəli evə köçürülməsinə və həmin yaşayış sahəsindən onlara istifadə hüququnun verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-6065/2023 nömrəli qətnaməsi ilə (hakim Mustafa Mustafayev ) iddia təmin olunmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 962/2024 nömrəli qətnaməsi ilə (hakim Loğman Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər İslam Həsənovdan və Şamil Rzaquliyevdən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 6065/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3436/2024 nömrəli qərarı ilə iddiaçı İsmayılova (Əliyeva) Sədaqət Çərkəz qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının, 2(104)-962/2024 nömrəli, 30 may 2024 -cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2646/2023 nömrəli qərardadı ilə X3, X5, X7 iş üzrə iştirakı zəruri olan üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunması, azyaşlılar X5 və X7 qanuni nümayəndələri X3 və X12 ilə təmsil olunmaları qərara alınmışdır. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs, eyni zamanda digər üçüncü şəxslər X5, X2 qanuni təmsilçisi X3 iddia tələbini qəbul etməmiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, 11 ildir həmin evdə yaşamış, 2010-cu ildə həmin evə gəlin köçmüş, cehiz əşyaları da həmin evdədir, 4 ildir ki, həmin ünvana qeydiyyata düşmüşdür. (2023-cü ildə keçirilmiş iclasdakı izahatı) Daha sonrakı məhkəmə iclasında özünün qeydiyyatdan çıxarılmasına etiraz etməsə də, övladlarının iddiaçının nəvələri olduğundan, həmin evə haqları olduğundan onların qeydiyyatdan çıxarılmasına razı olmadığını bildirmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati iş üzrə icraat iddiaçı İsmayılova (Əliyeva) Sədaqət Çərkəz qızı cavabdehlər İddiaçı və X10 qarşı “yaşayış evinə köçürülmə və həmin yaşayış evindən istifadə hüququnun verilməsi” tələbinə dair mülki işə baxılaraq yekun qərar qəbul edilənədək dayandırılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-187/2024 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunanlara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarı: ”... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər...” Qeyd olunan Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı növ iddialara baxılarkən hər bir halda qeydiyyatdan çıxarılması tələb olunan şəxsin (şəxslərin) həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırmalıdır. Lakin üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana əmlak hüquqlarının yaranıb-yaranması, hazırda mövcud olubolmaması (xitam verilməsi və ya itirilmiş hesab edilməsi) məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki bu hüquqlar əmlak hüquqi xarakterli olub, mülki hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. İnzibati mühakimə icraatı qaydasında isə iddiaçının həmin şəxs barəsində hüququna inzibati orqanın müdaxiləsinin qanuni olub-olmaması məsələləri araşdırıla bilər. Hazırkı iş üzrə üçüncü şəxsin mübahisəli ünvana əmlak hüquqlarının hazırda mövcud olmaması və faktiki həmin ünvanda yaşamaması qanuni qüvvəsini almış məhkəmə aktları ilə də müəyyən olunur. Belə ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 6065/2023 nömrəli qətnaməsi ilə İsmayılova (Əliyeva) Sədaqət Çərkəz qızının himayəsində olan X5 və X7 ilə birlikdə mübahisəli ünvana köçürülməsi və həmin yaşayış sahəsindən onlara istifadə hüququnun verilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Yəni, üçüncü şəxslərin mübahisəli ünvana əmlak hüquqlarının hazırda mövcud olması və faktiki həmin ünvanda yaşaması barədə hər hansı sübut mövcud deyildir. Məhkəmə işin faktiki hallarını, iş materiallarında olan sənədləri nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxs X4, eləcə də X5 və X2 Gəncə şəhəri, Rəşid Allahverdiyev küçəsi, ev 17 ünvanında yerləşən fərdi yaşayış evinə dair əmlak hüququnun olması barədə hər hansı bir sübut mövcud deyil, həmçinin Gəncə şəhəri, Rəşid Allahverdiyev küçəsi, ev 17 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Ona görə də cavabdehin imtinası iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Digər tərəfdən, üçüncü şəxslərdən X5 xx.xx.2011-ci il və X7 xx.xx.2013-cü il təvəllüdlü olmaqla məhdud fəaliyyət qabiliyyətli şəxslərdir. Həmçinin, iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Gəncə Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(125)-307/2022 saylı qətnaməsi ilə X5 və X7 anaları X4 himayəsinə verilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 2 və 4- cü bəndlərində qeyd edilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrininmüvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Qanunverici on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların yaşayış yerini onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin razılığı ilə müəyyən etmişdir. X5 və X2 valideyni - anası hazırkı iş üzrə üçüncü şəxslərdəndir və onun özünün də, mübahisəli fərdi yaşayış evində hər hansı əmlak hüquqları yoxdur və faktiki olaraq həmin ünvanda yaşamır. Üçüncü şəxslər iddiaçıya məxsus yaşayış sahəsində faktiki yaşamadığından, qeydiyyatda olmadığından və həmin ünvanda əmlak hüquqları olmadığından azyaşlıların sözügedən mənzildə qeydiyyatda olmasının heç bir hüquqi əsası olmur. Belə olan halda, azyaşlıların valideyninin həmin evdən qeydiyyatdan çıxarılması nəzərə alınaraq onun da qeydiyyatdan çıxarılması məqsədəmüvafiqdir. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxslərin sözügedən mənzil üzərində hər hansı hüquqa malik olmadıqları və orada uzun müddət yaşamadıqları, hallarda qeyd edilən ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Ona görə də iddiaçı üçüncü şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması onlar üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onların yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X3, X5, X2 Gəncə şəhəri, Rəşid Allahverdiyev küçəsi, ev 17 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-57/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-57/2025
22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver