Məhkəmə qərarları › İş №2-1(114)-570/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-570/2021

08.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-570/2021 08.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı2, cavabdeh Şəmkir rayonu İcra və Probasiya şöbəsinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçılar İddiaçı1, X8 və İddiaçı2 cavabdeh Şəmkir rayonu İcra və Probasiya şöbəsinə qarşı kompensasiya ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Şəmkir Rayon Məhkəməsinin (hakim K.Məmmədov) xx.xx.2018-ci il tarixli, 2(076)- 2182/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər İddiaçı1 və İddiaçı2 iddiaçı X3 adına verilmiş Seriya RX ******* Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışda nəzərdə tutulan 0.20 ha kənd təsərrüfatı təyinatlı (örüş-otlaq) torpaq sahəsindən çıxarılması, iddiaçı X2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən aparılmış tədqiqatın dəyəri olan 60 (altmış) manat məhkəmə xərci tutularaq alınıb Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), Ş.Q.Rzaquliyev və N.N.Quliyev) xx xxxxxx 2018-ci il tarixli, 2(104)-4014/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(076)-2182/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)- 2614/2019 nömrəli qərarına əsasən cavabdehlər İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-4014/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1719/21 nömrəli məktubundan görünür ki, iddiaçı X3 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı qanunsuz zəbt edilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılma tələbinə iddiası Şəmkir Rayon Məhkəməsinin 2(076)-2182/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, cavabdehlər İddiaçı1 və İddiaçı2 iddiaçı X3 adına verilmiş Seriya RX ******* Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışda nəzərdə tutulan 0.20 ha kənd təsərrüfatı təyinatlı (örüş-otlaq) torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-4014/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin 2(076)-2182/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2614/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-4014/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki iş üzrə icra vərəqəsi həmin iş üzrə müvafiq olaraq apellyasiya və kassasiya şikayətlərinə baxılıb qurtardıqdan sonra, yəni xx xxx 2019-cu il tarixdə həmin mülki iş Şəmkir Rayon Məhkəməsinə daxil olduqdan sonra verilmişdir. Həmin iş üzrə icra hərəkətlərinin dayandırılması barədə Cavabdehnə göstəriş verilməmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli “İcraata başlamaq haqqında” qərarından məlum olur ki, icra sənədi üzrə icraata başlanılmış, borclu İddiaçı1 və İddiaçı2 10 gün müddətində icranı könüllü olaraq təmin etmələri təklif olunmuşdur. “İcra sənədi üzrə icraata xitam verilməsinə” dair Cavabdeh xx.xx.2020-ci il tarixli qərarı ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(076)-2182/2018 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı1, X12 və İddiaçı2 Şəmkir rayonu İcra və Probasiya şöbəsinə ilkin müraciət edərək, cavabdeh tərəfindən qanunsuz hərəkətlər nəticəsində vurulmuş ziyana görə 2000 (iki min) manat maddi, hər birinə 2000 manat (iki min) olmaqla cəmi 6000 (altı min) manat mənəvi ziyana görə kompensasiyanın ödənilməsini xahiş etmişlər və müraciətləri inzibati orqanın ünvanına çatdırılmışdır. Bundan sonra, iddiaçılar İddiaçı1, X12 və İddiaçı2 Şəmkir rayonu İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz hərəkətlər nəticəsində vurulmuş ziyana görə 2000 (iki min) manat maddi, hər birinə 2000 manat (iki min), cəmi 6000 (altı min) manat mənəvi ziyana görə kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12 saylı Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin, hərracının keçirilməsinin nəticələri barədə xx xxxxxx 2018-ci il tarixli iclasının xx.xx.2018-ci il tarixli 646 nömrəli protokoluna) əsasən Şəmkir rayonu, Şeyidlər kəndində yaşayan X1 mülkiyyətində olan 0.20 hektar torpaq sahəsinin icarədə verilməsi üçün açıq torpaq müsabiqəsinin qalibi elan olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2182/2018 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən onların X10 məxsus 0.20 ha kənd təsərrüfatı təyinatlı (örüşotlaq) torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən apellyasiya, daha sonra kassasiya şikayəti vermişlər. Ali Məhkəməyə kassasiya şikayəti verməmişdən qabaq onlar cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və X10 qarşı Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin, hərracının keçirilməsinin nəticələri barədə xx xxxxxx 2018-ci il tarixli iclasının xx.xx.2018-ci il tarixli 646 nömrəli protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şəmkir Rayon Məhkəməsinin 2(076)-597/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2754/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Onlar cavabdehlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və X10 qarşı Şəmkir Rayon Məhkəməsində iddia qaldırandan sonra, təxminən 2019-cu ilin yanvar ayanın sonunda Şəmkir Rayonu İcra və Probasiya şöbəsinə müraciət edərək Şəmkir Rayon Məhkəməsinin 2(076)-2182/2018 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının dayandırılması barədə ərizə ilə müraciət etmişlər. Onların ərizəsi təmin olunmuşdur, lakin icra məmuru onlara dayandırılma barədə heç bir sənəd təqdim etməmişdir. Lakin buna baxmayaraq icra məmuru 2019-cu ilin yanvar ayının sonundan 2020-ci ilin oktyabr ayının 22-dək icra işinin hərəkətsiz saxlamışdır, yəni icraatı dayandırmışdır. Beləliklə, cavabdeh Şəmkir rayonu İcra və probasiya şöbəsi icraçısı dayandırılmış icra işi üzrə qanunsuz icra hərəkətlərinin davam etdirərək xx.xx.2020-ci il tarixdə, onları, yəni İddiaçı2 və İddiaçı1 Gəncə Apellyasiya Məhkəməsindən barələrində inzibati xəta haqqında işə baxılarkən, icra məmurları Şeyidlər kəndində 0.20 hektar torpaq sahəsinə gələrək 200 metr uzunluqda olan setka hasarı söküb yararsız vəziyyətə salmışlar, setka hasarı saxlayan dəmir dirəkləri də yararsız vəziyyətə salmışlar, həmçinin 2 kamaz həcmində çay daşını dərəyə tökmüşlər. Hesab edirlər ki, icra məmurları qanunazidd hərəkətləri nəticəsində dəymiş ziyanı ödəməlidirlər. Həmçinin icrası dayandırılmış icra işi üzrə onları çıxarmamalı idilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-2488/2020 nömrəli qərarından görünür ki, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli protokolun ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Şəmkir Rayon Məhkəməsinin 2(076)-597/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2754/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilmiş, iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)- 2488/2020 nömrəli qərarına əsasən iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2754/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)2941/2020 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-597/2019 saylı qətnaməsi ləğv edilmiş, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və X5 qarşı xx.xx.2018-ci il tarixli, 646 saylı protokolun ləğv edilməsi barədə mülki işin icraatına xitam verilmiş, iddiaçılara həmin iddia tələbi ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-310/2021 nömrəli qərarı ilə iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı protokolun ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubundan məlum olur ki, İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı protokolun ləğv edilməsi tələbinə dair inzibati iş apellyasiya şikayəti əsasında baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh inzibati orqan tərəfindən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi vaxtında icra olunmadığından ona maddi ziyan dəymişdir. Bundan başqa, tərəflərindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və X5 qarşı xx.xx.2018-ci il tarixli, 646 saylı protokolun ləğv edilməsi barədə məhkəmədə iddia qaldırılmış və dəfələrlə icra orqanına icra sənədi üzrə hərəkətlərin dayandırılmasını tələb etsələr də, cavabdeh inzibati orqan uzun müddət icra hərəkəti etmədiyi qərarı məhz barələrində Gəncə Apellyasiya Məhkəməsində inzibati xəta ilə bağlı işə baxılan gün həyata keçirmişlər. Onlar rəsmi qaydada ərizə ilə müraciət edərək qeyd olunan işə baxılıb qurtaranadək icra hərəkətlərinin dayandırılmasını xahiş etsələr də cavabdeh inzibati orqan tələblərini təmin etməmiş və qətnamənin icrasını təmin etmişdir. İcra hərəkətləri nəticəsinda sökülmüş dəmir setka-hasar və aparılmış çay daşlarına görə onlara 2000 manat maddi, 6000 manat isə mənəvi ziyan dəymişdir. Cavabdeh Şəmkir rayonu İcra və Probasiya şöbəsinin nümayəndəsi X13 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(076)-2182/2018 nömrəli qətnaməsinin icrası zamanı tərəflərindən iddiaçılara heç bir maddi ziyan vurulmamış, adıçəkilən qətnamə yuxarı instansiyalarda qanuni qüvvəsini aldıqdan sonra icra vərəqəsinə əsasən icraatına daxil olmuş və tərəfindən «İcra haqqında» Qanunun müddəalarına uyğun hərəkətlər aparılmışdır. Dəfələrlə iddiaçılara könüllü icra tədbirləri barədə məktublar, xəbərdarlıqlar edilməsinə baxmayaraq qətnamənin icrasına maneçilik törətmişlər. Nəticədə qanunamüvafiq qaydada barələrində məcburi gətirilmə və inzibati məsuliyyətə cəlb edilmələri ilə bağlı məhkəməyə müraciət olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və X5 qarşı xx.xx.2018-ci il tarixli, 646 saylı protokolun ləğv edilməsi barədə iddia tələbi icra işi üzrə icraatın dayandırılmasına əsas deyildir. İcra hərəkətləri nəticəsinda sökülmüş dəmir setka-hasar və çay daşları iddiaçıların torpaq sahəsinə qoyulmuş və özlərinə təhvil verilmişdir. İddiaçılar İddiaçı3 və İddiaçı1 məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, hazırki məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş üzrə digər iddiaçıların məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, hazırkı iş üzrə iddiaçılar icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətləri nəticəsində dəymiş zərəri mübahisələndirdiyindən hazırkı tələbə inzibati məhkəmə icraatında baxılmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia növünə aiddir, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Göründüyü kimi iddiaçılar cavabdeh inzibati orqanın hərəkətlərini qanunsuz hesab etmişlər və iddialarını Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və X5 qarşı xx.xx.2018-ci il tarixli, 646 saylı protokolun ləğv edilməsi barədə iddia tələbinə baxılan müddətdə icra hərəkətlərinin aparılmasının qanunamüvafiq olmaması ilə əsaslandırmışlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: - 1.1-ci maddəsinə əsasən icra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir. - 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir - 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. - 13.1.1-ci maddəsinə əsasən bu Qanunun 13.1.3-2-ci, 13.1.4-1-ci və 13.1.5-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri - bir ay ərzində icraya yönəlməlidir. - 17.1-ci maddəsinə əsasən aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda - 29.2-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Sadalanan normalardan məlum olduğu kimi məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri, həmçinin qərarın icrasının dayandırılması, təxirə salınması, icra hərəkətləri iştirakçılarının hüquq və vəzifələrini dəqiq müəyyən olunmuş, icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması əsaslarında biri kimi icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından apellyasiya və kassasiya şikayəti verilməsi və həmin şikayətlərin məhkəmələrin icraatına qəbul olunması müəyyən edilmişdir. Hazırki iş üzrə iş materiallarından məlum olur ki, icra sənədinin verilməsinə əsas olan məhkəmə aktı yuxarı instansiyalarda qanuni qüvvəsini almış və bundan sonra məhkəmə tərəfindən verilmiş icra sənədinə əsasən icra hərəkətləri adıçəkilən qanunun müddəalarına uyğun olaraq həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (maddə 1097.3). Göründüyü kimi delikt öhdəliyi elə bir mülki hüquq münasibətidir ki, bu münasibətə görə ziyan (zərər) vuran şəxs mülki hüquq pozuntusu (delikt) nəticəsinə fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş ziyanın əvəzini ödəməyə borclu olur. Delikt öhdəliyi qanundan əmələ gələn öhdəlikdir, yəni qanunun nəzərdə tutduğu birbaşa göstərişə görə meydana gəlməklə mütləq hüquqların (mülkiyyət, şərəf və ləyaqət, sağlamlıq və s) pozulması nəticəsində əmələ gəlir. Delikt məsuliyyətinin yaranması üçün zərərin və hüquqzidd hərəkətin olması əsas şərtlərdəndir. Əgər zərər və ya hüquqazidd hərəkət yoxdursa, deliktdən, yəni hüquqi məsuliyyətdən söhbət gedə bilməz. Yəni o zərərin əvəzi ödənilir ki, həmin zərər şəxsin şəxsiyyətinə, əmlakına, işgüzar nüfuzuna vurulsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, göründüyü kimi hazırkı cavabdeh inzibati orqanın hərəkəti, həmin münasibəti tənzimləyən «İcra haqqında» qanunun müdəalarına uyğundur, həmin hərəkət nəticəsində iddiaçılara zərər vurulması iş materialları ilə təsdiqlənməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Belə olan halda məhkəmə qeyd edir ki, göstərilən normanın tələbinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan məhkəmə aktının icrası ilə bağlı hərəkətlərini (müdaxiləni) zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçılar isə həmin hərəkətlər nəticəsində onlara maddi ziyan vurulduğunu iddia etsə də, bunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1, X8 və İddiaçı2 cavabdeh Şəmkir rayonu İcra və Probasiya şöbəsinə qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar