Məhkəmə qərarları › İş №2-1(114)-571/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-571/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-571/2023 26.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı və vəkili X6, Üçüncü şəxs X2 vəkili X7, Üçüncü şəxs Şəmkir şəhər Bələdiyyəsinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5 və Şəmkir şəhər Bələdiyyəsi) üçüncü şəxs X2 adına 06 mart 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyddə düzəliş edilərək torpaq sahəsi qrafasında 0,0184 ha qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisəyə məhkəmə iclasında baxaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5 və Şəmkir şəhər Bələdiyyəsi) üçüncü şəxs qismində cəlb edilməklə üçüncü şəxs X2 adına 06 mart 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyddə düzəliş edilərək torpaq sahəsi qrafasında 0,0184 ha qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(83)-3283/2022 nömrəli qərardadı ilə X5 və Şəmkir şəhər Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli etiraz məktubunda qeyd olunmuşdur ki, X3 məxsus 0.06 ha qeyriyaşayış binasının torpaq sahəsi üzərində dövlət reyestrində düzəliş edilməsi ilə bağlı, 29 iyun 2004-cü il tarixli, 713-İİ Q saylı “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq yalnız həmin vətəndaşın özünün və ya etibarlı nümayəndəsinin razılığı və məhkəmə qərarı əsasında hər hansı bir qanunamüvafiq düzəliş edilə bilər. Bu səbəbdən də İddiaçı ərizəsinin icrası mümkün olmamışdır. İşin şifahi məhkəmə baxışı iclası 26 aprel 2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, iddiaçı və üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı və vəkili X10 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək üçüncü şəxs X2 adına 06 mart 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyddə düzəliş edilərək torpaq sahəsi qrafasında 0,0184 ha qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X2 vəkili X1 Zərifə Abdulla qızının adına Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29 oktyabr 2009-cu il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda (seriya MH № ******* ) Bakı-Qazax yolunun sol tərəfində 0,0416 ha torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun verildiyindən, həmin sənədin ləğv edilməsi barədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Şəmkir şəhər Bələdiyyəsinin nümayəndəsi X8 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə mübahisəli torpaq sahəsinin ona məxsus olmasınını sübut edəcək heç bir sənəd əlavə edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı sözügedən aktın onun hüquqların pozduğunu, həmin aktla mübahisəli torpaq sahəsinin üçüncü şəxs X3 qanunvericiliyin tələblərinin pozulması ilə verildiyini bildirsə də, iş materiallarına əlavə olunmuş sənədlərlə iddiaçının dəlilləri öz təsdiqini tapmır. Bununla da həmin torpaq sahəsinə dair iddiaçının subyektiv hüququnun olmadığı müəyyən edilir. Göstərilənlərdən aydın olur ki, mübahisələndirmə haqqında iddialara baxarkən iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsinin onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda və yalnız iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququ olduqda iddia mümkün sayılır. Məhkəmələr də öz növbəsində belə işlərə baxarkən iddianın əsaslılığının yoxlanılmasında diqqətli olmalı, hüquqa müdaxilənin aşkar şəkildə və birmənalı nəzərə | çarpdığını müəyyən etdikdə iddianı mümkün saymalıdırlar. Göründüyü kimi, hazırki iş üzrə mübahisəli torpaq sahəsinin hər hansı əsaslarla iddiaçının sahibliyində və istifadəsində olması iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçı üçüncü şəxsin adına olan sənədin mübahisələndirilməsi ilə bağlı subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci hissəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5 və Şəmkir Şəhər Bələdiyyəsi ) üçüncü şəxs qismində cəlb edilməklə üçüncü şəxs X2 adına 06 mart 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyddə düzəliş edilərək torpaq sahəsi qrafasında 0,0184 ha qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamış və həmin halları təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5 və Şəmkir şəhər Bələdiyyəsi) üçüncü şəxs X2 adına 06 mart 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyddə düzəliş edilərək torpaq sahəsi qrafasında 0,0184 ha qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr. 252) şikayət verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar