Məhkəmə qərarları › İş №2-1(114)-5719/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-5719/2025

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-5719/2025 18.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçotu üzrə Mərkəzi filialına qarşı “pensiyanın artırılması” tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçotu üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə onun iki illik sığortasının hesablanılması, pensiyanın artırılması öhdəliyinin icra edilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasına gəlmiş, iddiaçı məhkəmə iclasına gəlmiş, səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. İddia ərizəsi və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2-1(114)-4258/2025 saylı qərarı ilə (hakim N.Hüseynov) iddia tələbi təmin edilərək, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1- 26251/2024 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-17-1/1-M-5031/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-17-1/1-M-29588/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-17-7/3-1-7008/2025 nömrəli qərarları ləğv edilməsi, İddiaçı təyin edilmiş əlilliyə görə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən hesablanmaqla bərpa edilməsinə dair qərar qəbul edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara lınmışdır. İddiaçı hazırkı tələbi ilə iki illik sığortanın hesablanması və pensiyasının artırılmasını tələb edir. Qeyd olunan tələblə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olmasına baxmayaraq, iddiaçı eyni iddia tələbi ilə məhkəməyə yenidən müraciət etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının olması iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İddiaçı həmin qərarın icrasını mübahisələndirməmiş yenidən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə onu da qeyd edir ki, iddianın əsasını iddiaçının cavabdehə qarşı öz tələbini əsaslandırmaq üçün irəli sürdüyü hallar, yəni tərəflər arasındakı maddi-hüquqi münasibətlərin yaranması, dəyişməsi və xitamının bağlı olduğu hüquqi faktlar təşkil edir. İddianın əsasının dəyişdirilməsi iddia tələbini təsdiq edən yeni hallara istinad edilməsində və ya ilkin əsasların bəzilərinin aradan qaldırılmasında ifadə oluna bilər. İddiaçının əvvəl irəli sürdüyü hüquqi faktların məzmununu dəqiqləşdirməsi və ya onları konkretləşdirməsi iddianın əsasının dəyişdirilməsi kimi qəbul edilə bilməz. İddianın predmeti isə iddiaçının cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdir. İddianın predmetinin dəyişdirilməsi zamanı iddia tələbinin mahiyyəti də dəyişdirilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir (8.1-ci bənd); Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir (8.2-ci bənd); Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir (8.3-cü bənd); Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir (8.4-cü bənd); İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4-cü bənd); İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd); Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd). Beləliklə, hazırkı işlə 2-1(114)-4258/2025 nömrəli inzibati işlər müqayisə edildikdə məlum olur ki, hər iki iddianın predmeti, yəni iddiaçının çatmaq istədiyi hüququ marağı eynidir və iddiaçının dəlilləri iddia tələbinə baxılması üçün yeni əsas kimi qəbul edilə bilməz. İPM-in 78-ci maddəsinə əsasən isə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş və həmin tərəflər üçün məcburi olan məhkəmə qərarı olduğu halda, habelə eyni mübahisəyə dair əvvəlki iş üzrə faktiki halların əhəmiyyətli dərəcədə dəyişdiyinə dair hər hansı yeni sübutlar təqdim olunmadığı halda, əvvəlki iş üzrə məhkəmə qərarının qüvvəsi həmin mübahisəyə yenidən baxılmasını qadağan edir. Hazırki iddia üzrə iddiaçı hüquqi marağına 2-1(114)-4258/2025 nömrəli qərarla nail olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqi marağına çatdığından iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması,cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi məsələlərə baxılmamış,həmçinin iddianın digər ümumi və xüsusi mümkünlük şərtləri yoxlanılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar