Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-573/2025 12.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “adının vahid aylıq müavinat alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1978-ci il tarixdə ünvan 1 kəndi ünvanında qeydiyyatdadır. İddiaçıya Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən AA seriyalı 328527 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. İddiaçı ona ödənilən vahid aylıq müavinətin bərpa edilməsi barədə Cavabdehnə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə ləsdiq edilmiş Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və komnnal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.1 maddəsinə uyğun olaraq mənzil qanunvericiliyinə və ya mülkü - hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə aylıq müavinətin verilməsi şamil edilmir. Onunla eyni təsərrüfatda olan bir nəfər ailə üzvünün adına şəxsi yaşayış evi olduğuna görə həmin qərarın yuxanda göstərilən bəndinə əsasən ona, eləcə də onunla eyni təsərrüfatda olan digər ailə üzvlərinizə verilən vahid aylıq müavinət dayandırılmışdır. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adının vahid aylıq müavinət olan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, o, xx.xx.1978-ci il tarixdə Kəlbəcər rayonu, Hacıkənd kəndində anadan olmuşdur. O, subaydır və heç vaxt evli olmamışdır və rəsmi nikah qeydindən keçməmişdir. Dövlət tərəfindən ona verilən vahid aylıq müavinat 2023-cii ildə dayandırılmışdır. 2023-cü ildən etibarən ona məcburi köçkünlər üçün nəzərdə tutulan vahid aylıq müavinətin verilməsi dayandırılmışdır. O, cavabdehə müraciət edərək vahid aylıq müavinətinin ödənilməsinin bərpa edilməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən imtina cavabı verilmişdir. Analoji iş üzrə əldə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 5584/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən 3 saylı Gəncə Ərazi İdarəsinə daxil olan ərazilər üzrə (Gəncə şəhəri, Daşkəsən rayonu, Göygöl rayonu, Samux rayonu) Yusifov (Yusibov) Vaqif Əhməd oğlunun adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Analoji iş üzrə əldə olunmuş Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-21-3-02/2-13328/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən X1 mülkiyyətində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş üzürlü səbəbləri mümükünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına AA seriyalı 328527 nömrəli məcburi köçkün vəsiqəsi, cavabdehin xx.xx.2024-cü il tarixli imtinası, elektron sistemdən çıxarış əlavə edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı məcburi köçkün statusuna malikdir və həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan müavinəti 2023-cü ilədək almışdır. Lakin onunla eyni təsərrüfatda olan bir nəfər ailə üzvünün adına şəxsi yaşayış evi olduğu əsas gətirilərək, cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın 2.1-ci bəndinə əsasən ona verilən müavinət dayandırılmışdır. Məhkəmə qeyd edir ki, məcburi köçkünlərə yemək xərci, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən aylıq müavinətin verilməsi və ödənilməsi ilə bağlı münasibətlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” ilə, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 10 dekabr 2010-cu il tarixli, 127 nömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”la, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 10 dekabr 2014-cü il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”la və digər normativ aktlarla tənzimlənir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna görə: Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: - məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq. Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 5 fevral 2002-ci il tarixli 37 nömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanması”na dair Təlimata görə: Bənd 6.1. Yemək xərci üçün aylıq müavinət məcburi köçkün statusu olan şəxslərə aşağıdakı hallarda verilmir və ya dayandırılır: 6.1.1. məcburi köçkün olduqdan sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların himayəsində olan şəxslərə (şəhid ailələri istisna olunmaqla). 17 dekabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmış Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 10 dekabr 2010-cu il tarixli 127 nömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanması”na dair Təlimata görə: V. Yemək xərci üçün aylıq müavinət aşağıdakı şəxslərə verilmir: 5.1. məcburi köçkün olduqdan sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvü olan şəxslərə (şəhid ailələri istisna olunmaqla). Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 10 dekabr 2014-cü il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanması”na dair Təlimata görə: 6. Yemək xərci üçün aylıq müavinətin verilmədiyi şəxslər: 6.1. Yemək xərci üçün aylıq müavinət məcburi köçkün statusu olan şəxslərə aşağıdakı hallarda verilmir və ya dayandırılır: 6.1.1. məcburi köçkün olduqdan sonra mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvü olan şəxslərə (şəhid ailələri istisna olunmaqla). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na görə”: Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir. Bənd 1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); Bənd 2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.1. məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla). 2 iyun 2017-ci il tarixli 244 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, No 6, maddə 1221) ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndində “əldə edən” sözlərindən sonra, “sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan” sözləri əlavə edilmiş və həmin bənddə “onların” sözü “onlarla birlikdə yaşayan” sözləri ilə, “(şəhid ailələri istisna olunmaqla)” sözləri isə “(Milli qəhrəman ailələri, şəhid ailələri, İ qrup Qarabağ müharibəsi əlilləri, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olunmaqla)” sözləri ilə əvəz edilmişdir. İddiaçının Kəlbəcər rayonundan məcburi köçkün olduğuna görə əvvəllər yemək xərci üçün müavinət alması, 2023-cü ildə müavinətin ödənilməsinin dayandırılması, həmçinin hazırda məcburi köçkün statusuna malik olması işin mübahisə olunmayan hallarıdır. Məhkəmə qeyd edir ki, iddiaçı ilə eyni təsərrüfatda olan bir nəfər ailə üzvünün adına şəxsi yaşayış evi olduğu əsas gətirilərək, cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın 2.1-ci bəndinə əsasən ona verilən müavinət dayandırılmışdır. Halbuki, məhkəmənin analoji iş üzrə sorğusu əsasında əldə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ərazi idarələrində X1 adına olan və əvvəllər özgəninkiləşdirdiyi qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçının atası X1 və ya onun ailə üzvlərinin adına hər hansı daşınmaz əmlak qeydiyyata alınmamışdır. Cavabdeh orqan isə iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməyə cəhd etməmişdir. Belə ki, cavabdeh orqana İddiaçı ünvanlanmış məktubda onunla eyni təsərrüfatda olan bir nəfər ailə üzvünün adına şəxsi yaşayış evi olduğuna görə vahid aylıq müavinətin ödənişi dayandırılmışdır. Həmin məktubda qeyd edilən bir nəfər ailə üzvi barədə məlumat, mülkiyyətində hansı şəxsi yaşayış evinin olması və bu halı təsdiq edən sənədin surətinin təqdim edilməsi təklif edilsə də, buna baxmayaraq, Cavabdeh tərəfindən tələb olunan sənədlərin təqdim edilməsi üçün heç bir addım atılmamışdır. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü cavabdeh orqanın üzərinə qoymasına baxmayaraq, o, həmin faktiki xarakterli hərəkətləri (iddiaçının adının aylıq siyahıdan çıxarılması) zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki, İnzibati Prosessual Məcəlləyə görə: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-573/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-573/2025
12.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver