Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-574/2022 10.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçının vəkili X3, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 11 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********152067 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmaqla fəaliyyət göstərir. xx.xx.2019-cu il tarixdən ƏDV ödəyicisidir. Fiziki şəxsin əsas fəaliyyəti ərzaq mallarının Bərdə rayonu, Güloğlular kəndində yerləşən obyektində pərakəndə satışından ibarətdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr əhatə olunmaqla yoxlama keçirilmiş, yoxlama xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır. Həmin tarixli “Səyyar vergi yoxlaması aktı tərtib edilmiş və həmin akt əsasında xx.xx.2021-сi il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Yoxlama zamanı gəlir vergisi 351660.45 manat, əlavə dəyər vergisi 195848.17 manat, ödəmə mənbəyində tutulan vergi 42.00 manat, sadələşdirilmiş vergi 2491.88 manat və məcburi dövlət sosial sığorta haqqı 195.00 manat olmaqla 550237.47 manat əlavə vəsait hesablanmış, 281875.72 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamanın aparılması ilə bağlı tələbnaməyə əsasən pərakəndə satışını apardıqları malların dəyər ifadəsində hərəkət cədvəlləri, əmək haqqı və DSMF hesablamaları barədə cədvəllər, ƏDV və Gəlir vergisi bəyannamələri, NKA-nın “Z” hesabatları və digər bütün sənədlər və izahatlar yoxlamaya təqdim edilmişdir. Lakin Aktın 1.11 bəndində əsasız olaraq qeyd edilmişdir ki, mühasibat uçotu aparılmamışdır. Aktın 2.1 bəndində ƏDV bəyannamələrinin vaxtında təqdim edildiyi, vergi tutulan əməliyatların dəyərinin (VM 161 maddəsi) və vaxtının (VM 166 maddəsi) müəyyənləşdirilməsinin qanuna müvafiqliyinin təmin edildiyi qeyd edilmiş, lakin sonrakı cümlədə guya 175.4 maddənin tələblərinin pozulduğu, e-VHF üzrə təkrar və artıq əvəzləşdirilməsi nəticəsində ƏDV-nin azaldığı qeyd edilməklə, ümumilikdə 195848.17 manat əlavə ƏDV hesablanmışdır. Vergilər Nazirliyinin AVİS proqramı təkrar və artıq əvəzləşməyə yol vermir. Hər ay üzrə belə hallar olduqda kameral hesablamalar aparılmışdır. Ona görə ƏDV üzrə əlavə hesablanmış vergiləri əsassız hesab edir. Aktın gəlir vergisinə aid olan hissəsində bəyannamələrin vaxtında vergi orqanına təqdim edildiyi qeyd edilmişdir. Sonra isə əsassız olaraq Vergi Məcəlləsinin 67.1-ci maddəsində qeyd olunan (sənədlər yoxlamaya təqdim edilmədikdə, mühasibat uçotu aparimadıqda, bəyannamələr vergi orqanına təqdim edilmədikdə, yoxlayıcı əraziyə buraxılmadıqda və s.) tələblər yerinə yetirilmədikdə, 67.14cü və 83.9-cu maddələrə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı tətbiq edilə bilər. Lakin Aktda qeyd edildiyi kimi bəyannamələr vaxtında vergi orqanına təqdim edilmiş, əldə edilmiş gəlirlərə müvafiq olaraq gəlir vergisi hesablanıb büdcəyə ödənilmişdir. Yoxlama zamanı isə əsassız olaraq Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsaslanmaqla gəlirlər və xərclər təhrif olunmuş, 20% rentabellik səviyyəsi götürülməklə əsassız olaraq 351660.64 manat əlavə gəlir vergisi hesablanmışdır. Topdansatış qiymətinə pərakəndə satışla məğul olmaqla, malların üzərinə cüzi faiz əlavə etməklə satış edilmişdir. Gəlir vergisinin hesablamasında yuxarıda qeyd edilmiş qərarın müddəalarının tətbiq edilməsi qeyriqanunudir və əlavə hesablanmış 351660.64 manat gəlir vergisi əsassızdır. İddiaçının vəkili X5 iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, ekspert rəyində göstərilmiş, ekspertin vəsatətinə əsasən vergi ödəyicisi tərəfindən ekspertizaya təqdim edilmiş usb flaşkartda olan elektron daşıyıcıda məlumatlara istinad etməklə verilmiş rəydə göstərilən vergi ödəyicisi tərəfindən aylar üzrə ödənilmiş və tam əvəzləşdirmə hüququ alınmış ƏDV məbləğlərinin haradan alındığı məlum deyil və bu məbləğlərin heç biri real məbləğlərə uyğun gəlmir. Ödənilmiş ƏDV məbləğinin əvəzləşdirmə hüququnun yaranması şərtlərindən biri həmin ƏDV məbləğinin mütləq qaydada ƏDV-nin depozit hesabına ödənilməsidir. Lakin, ƏDV depozit hesabında çıxarışa əsasən ƏDV-nin aylar üzrə ƏDV depozit hesabına ödənilmiş məbləğləri ilə ekspert rəyində göstərilən məbləğlərdə kəskin fərqlər mövcuddur. Ekspertin göstərdiyi ödənilmiş və tam əvəzləşdirmə hüququ yaranmış ƏDV məbləğləri həqiqətə uyğun deyil və bu hal təkcə ƏDV depozit hesabından çıxarışla tam sübuta yetirilir (aylar üzrə ƏDV depozit hesabından çıxarışlar əlavə olunur), Cədvəldən göründüyü kimi ümumilikdə yoxlanılan dövr üzrə ekspert tərəfindən əvəzləşdirilən ƏDV məbləğinin 66189,22 manat artıq göstərilməsi həmin məbləğdə ƏDVnin az müəyyən edilməsi ilə nəticələnmişdir. Ümumiyyətlə ekspert tərəfindən ƏDV depozit hesabından çıxarışla ziddiyyət təşkil edən, ödənilmiş ƏDV-nin dəyərinin hansı mənbəədən alınması məlum deyil. Həmçinin ekspert rəyində səyyar vergi yoxlaması ilə əhatə olunmuş 2021-ci ilin may ayı üzrə hesablanmış ƏDV məbləğinin düzgünlüyü barədə təqdiqat aparılmamış və həmin ay üzrə ƏDV hesablanmamışdır. Halbukil səyyar vergi yoxlaması ilə 2021-ci ilin may ayı üçün 20644,05 manat əlavə ƏDV hesablanmışdır. Eskpert tərəfindən isə yayındırılmış ƏDV məbləği ilə bağlı rəy verilərkən 2021-ci ilin may ayı üçün hesablanmalı olan ƏDV məbləğ ümumiyyətlə tədqiq edilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, vergi ödəyicisi tərəfindən e-vhf-lərin təkrar və artıq əvəzləşdirilməsi nəticəsində ƏDV-nin 2019-cu il üzrə ümumilikdə 18722,15 manat, Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tələblərinin pozulması nəticəsində isə ƏDV-nin mart ayında 24347,44 manat, aprel ayında 1018,41 manat olmaqla ümumilikdə 25365,85 manat azaldılması müəyyən edilmişdir. Nəticədə ƏDV-nin 2019-cu il üzrə 44088 manat azaldılması, 0,17 manat isə artıq hesablanması nəzərə alınmaqla il ərzində 44087,83 manat azaldılması müəyyən olunmuşdur. 2020-ci il üzrə Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tələblərinin pozulması nəticəsində ƏDV-nin ümumilikdə 55984,92 manat azaldılması müəyyən edilmişdir. Bunlardan e-vhf-lərin təkrar və artıq əvəzləşdirilməsinə görə ƏDV-nin ümumilikdə 15112,36 manat azaldılması, beləliklə də, 2020-ci il üzrə ƏDV-nin 71097,28 manat azaldılması, 144,43 manat isə artıq hesablanması nəzərə alınmaqla ümumilikdə il ərzində büdcəyə ödənilməli olan ƏDV-nin 70952,85 manat azaldılması müəyyən edilmişdir. 2021-ci il üzrə isə büdcəyə ödənilməli olan ƏDV-nin ümumilikdə 80807,49 manat azaldılması müəyyən edilmişdir. Vergi ödəyicisinə 2019 və 2020-ci illər üzrə ümumilikdə 351.660,64 manat əlavə gəlir vergisi hesablanmışdır. Bundan əlavə 42,00 manat məbləğində büdcədən yayındırılmış ÖMV, 2491,88 manat məbləğində azaldılmış sadələşdirilmiş vergi məbləği, MDSS haqlarının 195 manat azaldılması müəyyən edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 11 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********148345 nömrəli Səyyar vergi yoxlaması aktından görünür ki, keçirilən növbədənkənar səyyar vergi yoxlaması nəticəsində fiziki şəxs tərəfindən büdcəyə hesablanmalı olan vergilərin 550042,49 manat, o cümlədən gəlir vergisinin 351660,45 manat, əlavə dəyər vergisinin 195848,16 manat, sadələşdirilmiş verginin 2491,88 manat, ödəmə mənbəyində tutulan verginin 42,0 manat, MDSS-in isə 195 manat azaldılması müəyyən olunmuşdur. Səyyar vergi yoxlaması zamanı vergilərin və məcburi sosial ödənişlər üzrə kənarlaşma ümumilikdə 550237,49 manat müəyyən edilmişdir. Buna uyğun olaraq 281875,72 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. -surəti işə əlavə edilmiş 11 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********152067 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, İddiaçı əlavə hesablanmış vergilər üzrə 550042,49 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 281875,72 manat olmaqla, ümumilikdə 831918.21 manat (səkkiz yüz otuz bir min doqquz yüz on səkkiz manat iyirmi bir qəpik) manat məbləğində məsuliyyətə cəlb edilmişdir. -Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2118 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı tərəfindən ümumilikdə 52.817,02 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilmiş, o cümlədən: gəlir vergisi 2020-ci il üzrə 2.859,57 manat; ƏDV üzrə 47.423,57 manat; sadələşdirilmiş vergi üzrə 2.491,88 manat; ÖMV üzrə 42,00 manat müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh orqan tərəfindən İddiaçı 01 yanvar 2018-ci il tarixdən 01 iyun 2021-ci il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, gəlirlərinin və ya vergitutma obyektinin azaldılması nəticəsində iddiaçı 550237,66 manat və tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 281875,72 manat olmaqla, ümumilikdə 832113.38 manat (səkkiz yüz otuz iki min yüz on üç manat otuz səkkiz qəpik) manat məbləğində məsuliyyətə cəlb edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə qeyd olunan qərarı mübahisələndirir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materialları ilə müəyyən olunur ki, vergi ödəyicisinə tələbnamə təqdim edilmiş, lakin vergi ödəyicisi tərəfindən tələbnamədə göstərilmiş sənədlərin yoxlamaya təqdim edilməməsi əsası ilə xx.xx.2021-ci il tarixli "Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina" Aktı tərtib edilmişdir. Tələbnamədə göstərilən müvafiq sənədlərin bir qismi Qərar əsasında götürülmüş və protokol tərtib edilmişdir. Keçirilən səyyar vergi yoxlaması nəticəsində iddiaçı tərəfindən büdcəyə hesablanmalı olan vergilərin 550237,66 manat, o cümlədən gəlir vergisinin 351660,45 manat, əlavə dəyər vergisinin 195848,16 manat, sadələşdirilmiş verginin 2491,88 manat ödəmə mənbəyində tutulan verginin 42,0 manat, MDSS-in isə 195 manat azaldılması müəyyən olunmuşdur. Vergilər və məcburi sosial ödənişlər üzrə kənarlaşma ümumilikdə 550237,66 manat müəyyən edilmiş, 281875,72 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Qeyd edilməlidir ki, mövcud vergi qanunvericiliyinin tələblərinə əsasən vergi ödəyicisinin əldə etdiyi gəliri(mənfəəti) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda gəlirin (mənfəətin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Bunun üçün Azərbaycan Respublikası Vergi Məcəllənin 67.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: Vergi Məcəlləsinin 67.14-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır, yəni yalnız bu halda yoxlanılan dövr üçün mənfəətin (gəlirin) hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. İş üzrə ekspert rəyindən görünür ki, İddiaçı tərəfindən ümumilikdə 52.817,02 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilmiş, o cümlədən gəlir vergisi 2020-ci il üzrə 2.859,57 manat, ƏDV üzrə 47.423,57 manat, sadələşdirilmiş vergi üzrə 2.491,88 manat, ÖMV üzrə 42,00 manat müəyyən edilmişdir. Göründüyü kimi, vergi yoxlaması nəticəsində azaldılmış hesab edilmiş gəlir vergisi və əlavə dəyər vergisi məbləği ilə, ekspert tərəfindən müəyyən edilmiş məbləğlər arasında ciddi fərq mövcuddur. Bu səbəbdən də məhkəmə ekspertin müvafiq rəyini vergi yoxlamasının nəticəsindən daha əsaslı və mötəbər hesab edir. Məhkəmə ekspertin rəyi ilə razılaşır və bu yanaşmanı onunla əsaslandırır ki, vergi yoxlaması zamanı müvafiq sahə üzrə ekspertiza aparılmamış, mütəxəssis dəvət edilməmiş, nəticə etibarilə azaldılması iddia olunan vergi məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablanmışdır. Məhkəmə araşdırması zamanı isə iş materialları ekspertə təqdim edilmiş və ekspert tərəfindən aparılmış tədqiqat və hesablama vergi ödəyicisinin sonradan ekspertə təqdim etdiyi vergi sənədlərindən istifadə edilməklə həyata keçirildiyindən həmin nəticə vergi yoxlamasının nəticəsindən daha əsaslı və mötəbər hesab edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, vergi orqanının mübahisələndirilən qərarında azaldılmış vergi məbləği 550237,66 manat hesablanmış, eləcə də həmin məbləğin 50%-i həcmində, yəni 281875,72 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi ödəyicisinin ümumi öhdəliyi 832113,38 manat müəyyən edilmiş, ekspert tərəfindən isə vergi ödəyicisinin azaldımış vergi məbləği 52817,02 manat müəyyən edilmişdir. Odur ki, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152067 nömrəli qərarı qismən, yəni 497420,64 manat əsas borc, 255467,21 manat maliyyə sanksiyası hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, 100 (bir yüz) manat dəyərində məhkəmə xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. 11 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152067 nömrəli qərarı qismən, 497420,64 manat əsas borc, 255467,21 manat maliyyə sanksiyası hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. xx.xx.2022-ci il tarixli, 9/2182 nömrəli ekspert rəyi üzrə 100 (bir yüz) manat ekspertiza xərci cavabdeh 11 saylı Ərazi Vergilər İdarəsindən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-574/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-574/2022
10.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver