Məhkəmə qərarları › İş №2-1(114)-574/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-574/2023

16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-574/2023 16.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsi) mərhum övladının adının şəhidlərin elektron adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 5 aprel 1994-cü il tarixdə Gədəbəy rayonunun Şınıx bölgəsində N nömrəli hərbi hissənin tərkibində şəhid olmuş X1 ölümü ilə bağlı məlumatların ƏƏSMN-nin xx.xx.2022-ci il tarixli **********3 saylı məktubunu əsas götürərək onlayn altsistemə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-11074/2022 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum övladı X4 12 dekabr 1993-cü il tarixdə SHXÇDX-nin Gədəbəy rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, 5 aprel 1994-cü il tarixdə Gədəbəy rayonunun Şınıx bölgəsində N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə səhid olmuşdur. Şəhid anası kimi ona 1997-ci il tarixli 003062 saylı şəhid ailəsi vəsiqəsi verilmişdir. Sonradan şəhid ailəsi kimi ona verilən Prezident təqaüdü əsassız olaraq dayandırılmışdır. ƏƏSMN yanında DSMF-nin Gədəbəy rayon şöbəsinə şəhid ailəsi kimi ona verilən imtiyazların hansı səbəbdən dayandırılması ilə bağlı dəfələrlə müraciətlər etsə də ona dəqiq məlumat verilməmişdir. İddiaçı Mərhum oğlunun hərbi xidmətdə olarkən hansı səbəbdən dünyasını dəyişməsi barədə arayışın alınması ilə bağlı müvafiq orqanlara müraciət etmiş və Müdafiə Nazirliyi Mərkəzi Arxivi xx.xx.2020-ci il tarixdə arxiv arayışı ilə müraciətinə cavab göndərərək qeyd etmişdir ki, Gədəbəy RHK-dan çağırılmış mərhum 1973-cü il təvəllüdlü X5 N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 151 nömrəli əmrilə SPQ-9-un şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmiş, 5 aprel 1994-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğuna görə N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 36 nömrəli əmrilə şəxsi heyətin siyahısından azad edilmişdir. İddiaçı bununla razılaşmır. Ona görə də mərhum oğlunun ölümü ilə bağlı məlumatların onlayn altsistemə daxil edilməsi məqsədilə SHXÇDX-nin Gədəbəy rayon şöbəsinə müraciət etmiş, sonuncu cavab məktubunda bildirmişdir ki, Qazax Qarnizonu Hərbi Tribunasının 1994-cü il tarixli hökmünə əsasən mərhum X1 N saylı hərbi hissədə hərbi xidmət keçərkən əsgər yoldaşı tərəfindən xx.xx.1994-cü il tarixdə xuliqanlıq niyyəti ilə qəsdən öldürüldüyünə görə adının ƏƏSTN-nin Şəhidlərin elektron adlı siyahısına salınması mümkün deyil. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir : -surəti işə əlavə edilmiş Qazax Qarnizonu Hərbi Tribunalının 1994-cü il tarixli hökmündən görünür ki, X4 xx.xx.1994-cü il tarixdə X6 ona təhkim edilmiş silahdan atdığı atəş nəticəsində ölmüşdür. -surəti işə əlavə edilmiş AR SHXÇDX-nin Gədəbəy rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 2034 nömrəli məktubundan görünür ki, Qazax Qarnizonu Hərbi Tribunalının 1994-cü il tarixli hökmünə əsasən X4 N nömrəli hərbi hissədə hərbi xidmət keçərkən əsgər yoldaşı tərəfindən xx.xx.1994-cü il tarixdə xuliqanlıq niyyəti ilə qəsdən öldürüldüyünə görə adının ƏƏSTN-in Şəhidlərin elektron adlı siyahısına salınması mümkün deyil. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı mərhum övladı X1 hərbi vəzifələrini yerinə yetirərkən xx.xx.1994-cü il tarixdə həlak olduğuna görə şəhid statusuna məxsus olduğunu, lakin sonradan hər hansı qərar verilmədən bu barədə statusun ləğv edildiyini iddia edərək cavabdehdən mərhum oğlunun adının şəhidlərin elektron adlı siyahısına daxil edilməsini tələb etmiş, cavabdeh orqan isə bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, mövcud qanunvericiliklə şəhid hesab edilən şəxslərin dəqiq kateqoriyası müəyyən edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qanunun 2-ci maddəsinə görə bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Həmin Qanunun 2-ci maddəsinə görə bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na görə bu Qaydalar Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir. Həmin Qaydaların:- 1.1.bəndinə görə Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. bəndinə görə aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 4.1. bəndinə görə şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. İş materiallarının tədqiqindən göründüyü kimi mərhum X4 xx.xx.1994-cü il tarixdə əsgər yoldaşı X6 ona təhkim edilmiş silahdan atdığı atəş nəticəsində həlak olmuşdur. Göründüyü kimi, iddiaçının mərhum övladının şəhid hesab edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda göstərilən halların hər hansı biri mövcud olmadığından iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz. Beləliklə işin faktiki hallarına və müvafiq qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə qarşı mərhum övladının adının şəhidlərin elektron adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar