Məhkəmə qərarları › İş №2-1(114)-575/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-575/2021

07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-575/2021 07.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı verilən arayışda əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.02.1994-cü il tarixində aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır’' kimi təsbit olunması və əlillik dərəcəsinin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd olunmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini xahiş etmiş, ərizə inzibati icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü ildə Ağstafa rayonu Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidmət keçərkən 02.02.1994-cü il tarixdə hərbi travma almışdır. Aldığı travma nəticəsində qoyulmuş diaqnoz “Sol ayağın İİ- İİİ-İV-V barmaqlarının İV dərəcəli donvurmasına görə V barmağın ekzartikulasiyası, İİ-İİİ- İV barmaqların əsas falanqalarının distal ucları səviyyəsində amputasiyasından sonrakı güdülləri, İ barmağın varus deformasiyası funksiyanın mülayim dərəcədə pozulması ilə. Hər iki ayağın İİ mərhələ angiotrofonevrozu funksiyanın cüzi dərəcədə pozulması ilə” qoyulmuşdur. 13.02.1994-cü il tarixdən 27.04.1994-cü il tarixədək Mingəçevir şəhər birləşmiş xəstəxanasında müayinə və müalicə olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 129 saylı 02.04.2003-cü il tarixli protokolu ilə xəstəliyinin səbəbli əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd olunmuşdur. Xəstəliyinin səbəb əlaqəsi barədə yuxarıda qeyd olunanlara baxmayaraq onun əlillik statusunda uyğunsuzluğun aradan qaldırılması üçün elektron qaydada Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının 26.11.2019-cu il tarixdə rəsmiləşdirdiyi 0221003AAJFZ nömrəli göndərişinə cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən statusun verilməsindən 25.12.2020-ci il tarixli elektron bildirişlə imtina etmişdir. İmtinanın səbəbi kimi qeyd edilmişdir ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. İddiaçı hesab edir ki, imtina tam əsassızdır. O, Azərbaycan Respublikası müdafiəsi zamanı aldığı xəsarətlərə uyğun statusunun təsbit olunması və buna görə imtiyazlardan istifadə etmək hüququnun əldə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən 16.06.2021-ci il tarixli sərəncamla məhkəmə tərəfindən iddiaçıya real yardım edilmiş, yardıma uyğun nöqsanların aradan qaldırılması, yəni cavabdeh orqan tərəfindən iddiaçının qiymətləndirilməsinə dair hansı tarixli qərardan narazı olmasına dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin 07.07.2021-ci il tarixədək məhkəməyə təqdim olunması ona təklif olunmuşdur. Məhkəmənin sərəncamı iddiaçı tərəfindən 25.06.2021-ci il tarixdə təhvil alınsa da, sərəncamın tələblərinə riayət edilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ərizəsindən məlum olur ki, ərizədə iddiaçının aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsinin dəyişdirilməsi xahiş edilmişdir. Lakin cavabdeh orqan tərəfindən iddiaçının qiymətləndirilməsinə dair hansı tarixli qərardan narazı olmaqla səbəbli əlaqənin dəyişdirilməsi iddiaçı tərəfindən qeyd edilməmişdir. İnzibati-prosessual qanunvericiliyin tələblərinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddia ərizəsindən və iş materiallarından göründüyü kimi, iddiaçı cavabdeh orqan tərəfindən qiymətləndirilməsinə dair hansı tarixli qərardan narazı olduğunu göstərməmiş, əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı tələblə çıxış etsə də, hansı qərarın dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən tərtib edilən 16.06.2021-ci il tarixli məhkəmə sərəncamın tələblərinə riayət etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı verilən arayışda əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar