Məhkəmə qərarları › İş №2-1(114)-575/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-575/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-575/2022 18.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkətinin vəkili X2 ilə, İddiaçı Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkətinin cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X11, Şirəliyev (Həsənov) Vüqar Qurban oğlu, X9, X6, X7 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi) Gədəbəy rayon Söyüdlü kəndi üzrə X17 Komissiyasının qərarının qismən ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkəti cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 28.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 02.12.1998-ci il tarixli 13 nömrəli qərarının X8, Şirəliyev (Həsənov) Vüqar Qurban oğluna, X5, X3, X4 aid hissədə qismən, yəni 8870 kv.m (552C) hissəsində ləğv edilməsi, həmin qərar əsasında verilmiş Dövlət aktının da eyni hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının müvafiq müraciətinə əsasən məhkəmənin 04.04.2022-ci il tarixli qərardadı ilə ilkin iddia Gədəbəy rayon Söyüdlü kəndi üzrə X17 Komissiyasının qərarının qismən ləğv edilməsi barədə iddia tələbinə dəyişdirilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. İddiaçının vəkili X10 hazırki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə və üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, şirkətin fəaliyyət göstərdiyi ərazi hüdudlarıın bir hissəsi 8870 kv.m biçənək torpaq sahəsini əhatə edir ki, həmin sahə mübahisələndirilən qərarla Gədəbəy rayonu Söyudlü kənd sakinləri X11, Şirəliyev (Həsənov) Vüqar Qurban oğlu, X9, X6 və X1 ümumi birgə mülkiyyətinə (2.10 ha) verilmiş və bu barədə JN-552 KOD ******* saylı “Torpağın mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Hazırki mübahisə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə Gədəbəy rayon Söyüdlü kəndi üzrə X17 Komissiyasının qərarının ləğv edilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Göründüyü kimi sözügedən qərarın mübahisələndirilmə imkanı aradan qalxdığına görə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkətinin cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyətinə qarşı Gədəbəy rayon Söyüdlü kəndi üzrə X17 Komissiyasının qərarının qismən ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar