Məhkəmə qərarları › İş №2-1(114)-576/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-576/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-576/2022 02.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı X5, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Hüquqi Şəxsinin 18 saylı Regional Ərazi filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X10 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Hüquqi Şəxsinin 18 saylı Regional Ərazi filialına qarşı 28.12.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 19.04.2021-ci il tarixli, **********4 nömrəli qərarının ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 02.02.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin 19.04.2021-ci il tarixli, **********4 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli protokol qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial X14 Hüquqi şəxsin 18 saylı Regional Ərazi filialı tərəfindən barəsində 19 aprel 2021-ci il tarixli **********4 saylı qərar qəbul edilmişdir. Qərara əsasən ondan 3061.43 mant məbləğində pul vəsaitinin tutularaq Dövlət Sosial X14 Hüquqi şəxsin 18 saylı Regional Ərazi fılilının xeyrinə ödənilməsi barədə qərar qəbul edilmişdir. Bildirir ki, mərhum oğlu X3 cəzacəkmə müəssisəsində olarkən ona 14.11.2014-cü il tarixindən 2-ci dərəcə əlilliyə görə müddətsiz sosial müavinət təyin edilmişdir. Oğlu 18.10.2018-ci il tarixində cəzaçəkmə müəssisəsində vəfat etmişdir. Oğlunun ll dərəcə əlilliyə görə müddətsiz sosial müavinət alması barədə məlumatı olmamışdır. Oğlunun müavinət almasından Dövlət Sosial X14 Hüquqi şəxsin 18 saylı Regional Ərazi fılilının onun barəsində 19 aprel 2021-ci il tarixli, **********4 saylı qərar qəbul olduğundan sonra məlumatı olmuşdur. Oğlu vəfat etdiyi 18.10.2021-ci il tarixindən 31.12.2020-ci il tarixinədək oğlunun sosial müavinət kartından 3061.43 manat pul mənimsənilmişdir. Qeyd edilən pulun kim tərəfindən alınması ona məlum deyil. Bu barədə Dövlət Sosial X14 Hüquqi şəxsin 18 saylı Regional Ərazi fililına məlumat vermişdir. Həmçinin qərar qəbul edilərkən qərar qəbul edən orqan heç bir araşdırma aparmamış, pulun kim tərəfindən mənimsənilməsini müəyyən etməmişdir. Dövlət Sosial X14 Hüquqi şəxsin 18 saylı Regional Ərazi fililı tərəfindən barəsində 19 aprel 2021-ci il tarixli **********4 saylı qərarı əsasız olduğundan ləğv olunmalıdır. Cavabdeh 01.02.2022-ci il tarixli, **********0 nömrəli etiraz göndərərək bildirmişdir ki, iddiaçı X10 iddia edir ki, övladının sosial müavinət alması ona məlum olmamış və oğlu vəfat etdikdən sonra kartdan pul vəsaitlərin kim tərəfindən mənimsənildiyi barədə heç bir məlumatı yoxdur. X1 (FİN 25R5QMR) 14.11.2014-ci il tarixdən İİ dərəcə əlilliyə görə müddətsiz sosial müavinət təyin edilmişdir. 18.10.2018-ci il tarixdə vəfat etmiş, lakin bu haqda ailə üzvləri şöbəyə heç bir məlumat vermədiyindən onun hesabına 31.12.2020-ci il tarixə kimi 3061.43 manat artıq pul vəsaiti köçürülmüşdür. Yaranmış 3061.43 manat vəsaitin Dövlət Sosial X14 Hüquqi Şəxsin 18 saylı Regional ərazi filialının hesabına qaytarılması haqda X6 (FİNxxxxxxx) bildiriş göndərilmişdir. Lakin artıq ödənilmiş 3061.43 manat məbləğin bərpası təmin edilməmişdir. Qeyd edilir ki, sosial müavinatlar haqqında Azerbaycan Respublikasının qanununun 12.1 maddəsinə əsasan sosial müavinatların dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinat təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1-cil maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. inzibati orqan İddiaçı (FİN xxxxxxx) artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirilir. Pensiya teyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliya yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Sözügedən qərarı qəbul edərkən inzibati orqan nəzərə almışdır ki, "inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qabul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlanna toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə asasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Yuxarıda göstərilənləri və "İnzibati İcraat haqqında" Azərbaycan Respublikası Qanunun 28.1.2, 64.1, 72 və 82-ci maddələrini nəzərə alaraq iddiaçı X5 “19 aprel 2021-ci il tarixli **********4 nömrəli qərarın ləğv edilməsi* tələbinin təmin olunmaması haqqında qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etməyərək etirazda göstərilənlərə uyğun izahat verdi. İş materiallarına AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurəti, cavabdehin 19.04.2021-ci il tarixli, **********4 nömrəli Qərarının kserosurəti, mübahisələndirilən qərarın iddiaçıya göndərilməsi barədə cavabdehin **********0 nömrəli, 10.12.2021-ci il tarixli məktubu, 03.01.2019-cu il tarixli, AZ-l 986113 nömrəli ölüm haqqında şəhadətna, 19.10.2018-ci il tarixli teleqram, cavabdehin iddiaçıya ünvanladığı 02.04.2021-ci il tarixli, **********5 nömrəli bildiriş, iddiaçının cavabdehə ünvanladığı ərizə, cavabdehin məhkəməyə ünvanladığı 01.02.2022-ci il tarixli, **********0 nömrəli etiraz əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının mərhum oğlu X2 14.11.2014cü il tarixdən ll dərəcə əlilliyə görə müddətsiz sosial müavinət təyin edilmişdir. 18.10.2018ci il tarixdə vəfat etmiş, lakin bu barədə müvafiq orqana məlumat verilmədiyindən onun hesabına 31.12.2020-ci il tarixə kimi 3061,43 manat artıq pul vəsaiti köçürülmüşdür. Cavabdehin **********4 nömrəli, 19.04.2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən həmin məbləğin Dövlət Sosial Müdafiə Fondunun 18 saylı Regional Ərazi Filialının bank hesabına ödənilməsi qərara alınmışdır. Sözügedən qərar 19.04.2021-ci il tarixdə qəbul edilmiş olsa da, iddiaçıya 10.12.2021-ci il tarixli məktub ilə göndərildiyindən iddia üçün prosessual müddət ötürülmüş sayılmır. Belə ki, “İnzibati icraat haqqında “Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdehin iddiaçıya ünvanladığı 02.04.2021-ci il tarixli, **********5 nömrəli bildirişdə qeyd olunmuşdur ki, iddiaçının mərhum oğlu 18.10.2018-ci il tarixdə vəfat etdiyindən və bu barədə şöbəyə heç bir məlumat verilmədiyindən onun hesabına 3061,43 manat məbləğində artıq pul vəsaiti köçürülmüşdür. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə bu barədə mübahisəyə məhkəmə qaydasında baxılmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbinə görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Lakin hazırda mübahisələndirilən qərarın qəbul edilməsi ilə bağlı toplanmış sənədlər toplusundan müəyyən olunur ki, inzibati orqan tərəfindən artıq ödənilmiş pul vəsaitinin tutulması barədə iddiaçının razılığının olub – olmaması aydınlaşdırılmamış, hazırkı qərar qəbul edilmişdir. Ümumiyyətlə, inzibati orqan tərəfindən belə bir qərarın qəbul ediləcəyi barədə iddiaçıya məlumat verilməmiş, yalnız mübahisələndirilən qərar qəbul edildikdən sonra artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə onun yaşadığı ünvanına məktub göndərmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə iddiaçının razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq 19.04.2021-ci il tarixli, **********4 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X14 Hüquqi Şəxsinin 18 saylı Reginal Ərazi filialının “Tələbin icraya yönəldilməsi haqqında” 19.04.2021-ci il tarixli, **********4 qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Hüquqi Şəxsinin 18 saylı Regional Ərazi filialının “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” 19.04.2021-ci il tarixli, **********4 nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar