Məhkəmə qərarları › İş №2-1(114)-576/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-576/2025

21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-576/2025 21.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə , İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1988-ci ilin fevralın 1-dən 1991-ci ilin oktyabrın 9-dək Goranboy rayon üzrə Könüllü özünü müdafiə batalyonunun tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və baş leytenant rübəsi almışdır. Təxminən 1997-ci ildə veteran adının tanınması məqsədilə hərbi bilet Goranboy rayon Hərbi Komissarlığına təqdim olunmuş, döyüş yoldaşlarına veteran adı və vəsiqəsi verilsə də ona veteran adı verilməmiş, üstəlik hərbi bileti də komissarlıqdan 2023-cü ilin 9-cu ayına kimi əldə etmək mümkün olmamışdır. Nəhayət 2023-cü ilin 9-cu ayında Goranboy rayon Hərbi Komissarlığından itmiş hərbi biletinin tapılması mümkün olmuşdur. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə müraciət edərək ona müharibə veteranı adı verilməsini xahiş etmişdir. Lakin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətindən ona rəsmi cavab verilməmişdir. İddiaçı qeyd edir ki, Goranboy rayon üzrə Könüllü özünümüdafiə batalyonunun tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakını onunla birlikdə xidmət keçdiyi döyüş yoldaşları da təsdiq edə bilər. Həmçinin Goranboy rayon İcra Hakimiyyəti Goranboy rayon Dövlət Arxivinin 6 saylı 16 yanvar 2020-ci il tarixli arxiv arayışında, Goranboy rayon İcra Hakimiyyətinin Goranboy rayon Dövlət arxivində mühafizə olunan "Müharibə veterabı" statusu verilməsinə dair saxlama vahidin 1988-ci ilin fevralın 1-dən 1991-ci ilin oktyabrın 9-nadək Goranboy rayon üzrə Könüllü özünümüdafiə batalyonunun əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısında 1958-ci il təvəllüdlü İddiaçı 159-cu şəxs kimi qeyd olunur. Həmin siyahı Azərbaycan Respublikası Goranboy rayon İcra Hakimiyyəti Başcısının Azərbaycan Resoublikasının Hərbi Komissarı general-mayor Əliağa Hüseynova ünvanladığı 21 dekabr 2004-cü il tarixli 492 saylı məktuba qoşma kimi əlavə edilmiş və 11 aprel 2007-ci il tarixli 179 saylı məktubla göndərilmişdir. Halbuki 14 yanvar 1986-cı tarixli БЧ №058036-li hərbi biletində torpaqların ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməyi eləcədə baş leytenant hərbi rütbəsinə layiq görüldüyü hərbi biletində qeydə alınmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, onunla X1 iştirak edən şəxslər "veteran adı"nı almışlar. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehə hazırki şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məhkəməyə iddia tələbinə dair etiraz ünvanlamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - surəti işə əlavə edilmiş Goranboy rayon Dövlət Arxivnin xx.xx.2020-ci il tarixli, 6 nömrəli məktubundan görünür ki, Goranboy rayonu İcra Hakimiyyətinin Goranboy rayon Dövlət Arxivində mühafizə olunan «Müharibə veteranı» statusu verilməsinə dair saxlama vahidinin 1988-ci il fevralın 1-dən-1991-ci ilin oktyabrın 9-adək Goranboy rayon üzrə Könüllü Özünümüdafiə bataloynunun tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısında İddiaçı adı qeyd edilmişdir. - iş materiallarına əlavə edilmiş Goranboy rayon Dövlət Arxivnin xx.xx.2020-ci il tarixli, 6 nömrəli məktubundan görünür ki, Goranboy özünümüdafiə batalyonlarının post kitabları mühafizə olunmaq üçün Goranboy rayon Dövlət Arxivinə təqdim edilməmişdir. Bu səbəbdən vətəndaş İddiaçı arxiv arayışının verilməsi mümkün deyil. - iş materiallarına əlavə edilmiş Goranboy Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-45/2-243/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, Goranboy rayon Dövlət Arxivinin təqdim etdiyi 15 aprel 2024 2024-cü il tarixli 3-45-15RA/2-h-44/8/2024 nömrəli arayışda Dövlət Arxivində mühafizə olunan (2004-cü il 01-Vİİ-13) sənədlər qovluğunda Goranboy rayonu üzrə Könüllü özünümüdafiə batalyonunun tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısında Todan kənd sakini İddiaçı adı göstərilmişdir. - iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024-cü tarixli, 2229 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan Goranboy rayon ƏÖMB komandirinin aprel-avqust 1992-ci il, N №-li hərbi hissə komandirinin xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və 732(703) №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il, N №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.1994xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. - iş materiallarına əlavə edilmiş Goranboy Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-45/2-85/2025 nömrəli məktubundan görünür ki, Rayon Dövlət Arxiv İdarəsinin təqdim etdiyi arayışda "Müharibə veteranı” statusu verilməsinə dair sənədlər qovluğunun (2007-ci il) 128-ci səhifəsində İddiaçı adının qeyd olunduğu bildirilmişdir. - iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-43-22/2-455/2025 nömrəli məktubundan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Ağdərə döyüş əməliyyatlarında iştirak edib-etməməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 2385 nömrəli məktubuna əsasən N () hərbi hissə komandirinin iyundekabr 1992-ci il tarixli və Goranboy ƏÖMB komandirinin aprel-avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərdə İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırki iddia tələbini vermişdir. İddia tələbindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin müharibə veteranı adı və vəsiqəsinin verilməsi cavabdehin səlahiyyətinə aid olmadığını bildirilərək imtina cavabı almış və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024-cü tarixli, 2229 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan Goranboy rayon ƏÖMB komandirinin aprel-avqust 1992-ci il, N №-li hərbi hissə komandirinin xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.1994xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və 732(703) №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993cü il, N №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-43-22/2-455/2025 nömrəli məktubundan görünür ki, xx.xx.1958ci il təvəllüdlü İddiaçı Ağdərə döyüş əməliyyatlarında iştirak edib-etməməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 2385 nömrəli məktubuna əsasən N () hərbi hissə komandirinin iyun-dekabr 1992-ci il tarixli və Goranboy ƏÖMB komandirinin aprel-avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərdə İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirakı sübuta yetirilməməsidir. Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8- ci yarımbəndində əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın. Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq, etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən, 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qeyd edilənlər onu deməyə əsas verir ki, müharibə veteranı adının verilə bilməsi üçün şəxsin döyüş əməliyyatlarında iştirak etməsi faktı tam sübuta yetirilməlidir. Baxılan mübahisəyə münasibətdə iddiaçı əsaslandığı faktı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. Lakin iş üzrə materiallardan iddiaçı tərəfindən bu halları təsdiq edən müvafiq sübutların təqdim edildiyi müəyyən olunmamışdır. Hazırki mübahisə məcburetmə haqqında iddia növünə aid olduğundan sübuetmə vəzifəsi ilkin olaraq iddiaçının üzərinə düşür. İddiaçının öz tələbini əsaslandırdığı əsas sübut Goranboy rayonu İcra Hakimiyyətinin Goranboy rayon Dövlət Arxivində mühafizə olunan «Müharibə veteranı» statusu verilməsinə dair saxlama vahidinin 1988-ci il fevralın 1-dən-1991-ci ilin oktyabrın 9-adək Goranboy rayon üzrə Könüllü Özünümüdafiə bataloynunun tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısında İddiaçı adının qeyd edilməsidir. . İddiaçının istinad etdiyi sübut qanunvericiliyin tələb etdiyi iddiaçının döyüş əməliyyatlara cəlb edilməsi, döyüşlərdə iştirak etməsi və tərxis edilməsi halını təsdiq etmədiyindən mötəbər sübut kimi hüquqi əhəmiyyətə malik deyil. Məhkəmə hesab edir ki, iddiaçının könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsinə dair arxiv sənədlərinin mövcud olmaması onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1991-ci ilin 09 oktyabr tarixinədək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstəsinin tərkibində iştirak etməsini şübhə altına almışdır. Bununla yanaşı iddiaçının döyüş əməliyyatlarında iştirakı arxiv sənədləri ilə öz təsdiqini tapmadığından cavabdehin imtinası əsaslı olmuş və iddiaçının hər-hansı hüququnun pozulmasına səbəb olmamışdır. Bununla bağlı qeyd edilməlidir ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı və müvafiq veteranı vəsiqəsi döyüşlərdə iştirak etmiş şəxslərə yalnız həmin normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin ödənildiyi təqdirdə verilir. Nəzərə almaq lazımdır ki, müharibə veteranı adını almağı iddia edən şəxs tərəfindən veteran adının verilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərin ödənilmiş olması mütləq şərtdir və imperativ xarakter daşıyır. Lakin iş üzrə materiallarda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hər hansı məlumat və ya sənəd aşkar edilməmişdir. Yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri baxımından, iddiaçının döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə əsasən ziddir Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 68.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvİ h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteran adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonar qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar