Məhkəmə qərarları › İş №2-1(114)-577/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-577/2025

16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-577/2025 16.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X7 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı «qeydin ləğv edilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı «qeydin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxsin adına verilmiş xx.xx.2012-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarış qeydinin ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının vəkili tərəfindən elektron kabinet vasitəsi ilə göndərilmiş məhkəmə baxış iclasının təxirə alınması barədə vəsatətin təmin edilməsini isə məhkəmə məqsədəmüvafiq hesab etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinin tələbinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X5 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, iddiaçı ilə aralarında əvvəllər olan mülki mübahisələr üzrə qəbul edilən bütün qərarlar xeyrinə olmuşdur. Lakin iddiaçı yenə də ona qarşı əsassız iddialar qaldırır. Hansı ki, çıxarış qanuni qüvvəsini almış məhkəmə qərarı ilə verilmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 4.1, 4.2 və 5.1-ci bəndləri). İddia tələbindən görünür ki, İddiaçı üçüncü şəxs Rövşən Nağıyevin adına verilmiş xx.xx.2012-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarış qeydinin ləğv olunmasına nail olmağa çalışır. Həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin nədən ibarət olması yönündə məhkəmə tərəfindən araşdırılma aparılmış və aşağıdakılar müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı X5 cavabdehlər X1 və digərlərinə qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək mərhum atası X4 adına olan, Tovuz rayonu, Dönük Qırıqlı kəndində 0,50 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 433,2 kvadrat metr qeyri yaşayış binasından ibarət olan miras əmlakdan vərəsəlik qaydasında onun mülkiyyət hüququnun tanınması və adına qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, mərhum X3 miras qalmış Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən, ümumi sahəsi 433,2 kv.m. olan qeyri-yaşayış binası, həmin binanın altında və ətrafında olan 0,50 hektar torpaq sahəsindən ibarət miras əmlakın X8 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin daşınmaz əmlakın mülk kimi reyestrdə onun adına qeydə alınması qət edilmişdir. Qətnamədən maraqlarına toxunulan şəxs olaraq İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi - əmlakın daşınmaz əmlakın dövlət reyestrində X2 adına mülk kimi qeydə alınması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən maraqlarına toxunulan şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti isə kassasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etdiyi etiraz ərizəsində göstərmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən çıxarış qanuni qüvvəsini almış Tovuz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi əsasında verilmişdir. Eyni zamanda icrada dönüş edilməsi barədə İddiaçı tərəfindən verilən ərizə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmişdir. Əsas kimi göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən Tovuz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi qüvvəsini almış hissəsində icra edilmişdir. Hansı ki, həmin qətnamənin mərhum X3 miras qalmış Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən, ümumi sahəsi 433,2 kv.m. olan qeyri-yaşayış binası, həmin binanın altında və ətrafında olan 0,50 hektar torpaq sahəsindən ibarət miras əmlakın X8 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi hissəsi yuxarı instansiya məhkəmələr tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Odur ki, ərizə əsassızdır. Göründüyü kimi mübahisələndirilən çıxarışın verilməsinə əsas qanuni qüvvəsini almış məhkəmə qətnaməsidir. Belə olan halda həmin çıxarış qeydinin ləğvinin inzibati məhkəmə predmeti kimi araşdırılması qanuni deyildir. Çünki iddiaya mahiyyəti üzrə baxılması bir növ qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş edilmiş halların təkrar məhkəmə qaydasında araşdırılması deməkdir. Bu isə yolverilməz hal olmaqla iddia tələbinin mümkün sayılmamasına dəlalət edir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pelunumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarı). Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx.xx.2015-ci il tarixli Qərarı). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-ProsessualMəcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı «qeydin ləğv edilməsi» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar